Yanvar ayında itirdiyimiz tanınmışlar - FOTOLAR

  31 Yanvar 2019    Oxunub : 2548
Yanvar ayında itirdiyimiz tanınmışlar - FOTOLAR
2019-cu ilin yanvar ayı artıq başa çatır. İlin ilk ayını yeniliklərlə yanaşı, böyük itkilərlə də geridə qoyuruq. Belə ki, yanvar ayında Azərbaycanda bir neçə tanınmış şəxs dünyasını dəyişib.
Azvision.az -ın məlumatına görə, yanvarın 4-də xərçəng xəstəliyindən əziyyət çəkən teleaparıcı Ceyran Nəriman vəfat edib.



O, uzun illər "Space" televiziyasında çalışıb. Ölümünə qədər isə "DTV"-də yayımlanan "Birlikdə" verilişinin aparıcısı olub.



Uzun müddət ağır xəstəliklə mübarizə aparan "Su İstehsalçıları Birliyi"nin sədri Dövlət Məmmədov ayın 6-da dünyasını dəyişib.



Yanvarın 7-də Cəbrayıl rayonu İcra Hakimiyyətinin sabiq başçısı Mahmud Quliyev həyatını itirib. M.Quliyev 22 iyul 1952-ci ildə Cəbrayıl rayonunun Böyük Mərcanlı kəndində anadan olub. Azərbaycan Xalq Təsərrüfatı İnstitutunun Xalq təsərrüfatının planlaşdırılması və iqtisadiyyatı fakültəsində təhsil alıb. O, uzun müddət Cəbrayıl rayonunda müxtəlif vəzifələrdə çalışıb. 18 dekabr 2000-ci ildən 3 mart 2016-cı ilə kimi Cəbrayıl rayonu İcra Hakimiyyətinin başçısı işləyib. Mahmud Quliyev son vaxtlar böyrək xəstəliyindən əziyyət çəkirdi.



Həmin gün Azərbaycan Dövlət Dəniz Akademiyasının rektoru Çingiz Əliyev ömrünün 56-cı ilində vəfat edib. O, 2013-cü ilin dekabrından Azərbaycan Dövlət Dəniz Akademiyasında Beynəlxalq əlaqələr üzrə prorektor, 2014-cü ilin iyulundan ADDA-nın tədris və tərbiyə işləri üzrə prorektoru vəzifələrində çalışıb. Azərbaycan Respublikası Prezidentinin 24 iyul 2015-ci il tarixli dərəncamı ilə Azərbaycan Dövlət Dəniz Akademiyasının rektoru təyin edilmişdi.



Yanvarın 9-da Naftalan şəhər Gənclər və İdman İdarəsinin rəisi Rövşən Aslanov dünyasını dəyişib. İdarə rəisi qəflətən ürəktutmasından ölüb. 49 yaşlı R.Aslanov 20 ildən artıq Naftalan şəhər gənclər və idman idarəsinin rəisi vəzifəsində işləyib.



Yanvarın 22-də Azərbaycanın fövqəladə və səlahiyyətli səfiri Eleonora Hüseynova 72 yaşında vəfat edib. E.Hüseynova 1947-ci ildə Bakı şəhərində anadan olub. O, 1994-2004 Azərbaycan Respublikasının Fransa Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri, 2004-2013-cü illərdə Azərbaycanın YUNESKO yanında daimi nümayəndəsi olub. Vəfat edənə qədər fövqəladə və səlahiyyətli səfir diplomatik rütbəsini daşıyıb.



Yanvarın 23-də deputat Əsabil Qasımovun oğlu Elçin Qasımov gənc yaşında həyatını itirib. E.Qasımov İsveçrədə kanatda olan zaman qan təzyiqi yüksəlib və bu səbəbdən dünyasını dəyişib. 29 yaşlı Elçin həvəskar futbol klubu olan “Sirena Motors”un üzvü olub. Mərhumun cənazəsi yanvarın 26-da ölkəmizə gətirilərək torpağa tapşırılıb.



Yanvarın 26-da Qarışıq döyüş növləri (MMA) və Sambo üzrə turnirlərin qalibi olmuş azərbaycanlı idmançı Xamis Məmmədov vəfat edib. Səhiyyə Nazirliyindən bildirilib ki, X.Məmmədov ağ-ciyərlərin tromboemboliyasından dünyasını dəyişib. Mərhum dünya çempionu Sabirabad rayonunda dəfn olunub. Xamis Məmmədov dünyaca məşhur döyüşçü Həbib Nurməhəmmədovu məğlub edən yeganə azərbaycanlı idi.



Yanvarın 26-da II çağırış Milli Məclisin (2000-2005-ci illər) 39 saylı Sumqayıt ikinci seçki dairəsi üzrə deputatı olmuş Xıdır Alovlu vəfat edib. X.Alovlu 1939-cu il martın 2-də Qərbi Azərbaycanda anadan olub. Azərbaycan Dövlət Universitetinin Filologiya fakültəsini bitirib. Uzun illər Sumqayıtda fəhlə, mühəndis, məkdəb direktoru, İcra Hakimiyyəti başçısının müavini işləyib. 1993-cü ildən Yeni Azərbaycan Partiyasının Sumqayıt şəhər təşkilatının sədri, Siyası Şuranın üzvü olub. 2000-2005-ci illərdə Milli Məclisin deputatı olub. İqtisadiyyata, təhlükəsizliyə, sosial həyata bir sıra əsərlər yazıb, kitablar çap etdirib. O, həm də şair-yazıçı kimi tanınırdı.



Yanvarın 28-də “Qarabağ” Futbol Klubunun təsisçilərindən biri, sabiq futbolçu və baş məşqçi Adil Nadirov dünyasını dəyişib. A.Nadirov 1947-ci il aprelin 28-də Ağdamda anadan olub. 1987-ci ildə indiki “Qarabağ”ı təsis edib və ilk baş məşqçisi olub. Komanda 3 dəfə SSRİ dövründə Azərbaycan çempionu, 1 dəfə isə yeni yaradılmış milli çempionatın qalibi adını qazanıb. 30-dan çox futbolçunun yetişməsində əməyi olub. Mərhum A.Nadirov futbolçu Vüqar Nadirovun əmisidir.



Yanvarın 30-da Bakı Nobel İrsi Fondunun sədri, BMT-nin qlobal enerji üzrə aparıcı eksperti, siyasi elmlər doktoru, professor Toğrul Adil oğlu Bağırov vəfat edib. Prezident İlham Əliyev onun ölümü ilə bağlı başsağlığı verib.

Anar Kəlbiyev
Azvision.az

Teqlər: Yanvar   Vəfat