Bakı və Sumqayıtda oğurluq edən 7 nəfər saxlanıldı

  09 Fevral 2019    Oxunub : 735
Bakı və Sumqayıtda oğurluq edən 7 nəfər saxlanıldı
Polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində Sumqayıt şəhərində ayrı-ayrı vaxtlarda oğurluqlar etməkdə şübhəli bilinən şəxslər saxlanılıb.
DİN Mətbuat Xidmətindən Azvision.az -a verilən məlumata görə, Sumqayıt ŞPİ 1-ci Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində şəhər ərazisində 1 mağazadan 621 manat, 1 gözəllik salonundan 54 manat, 1 evdən qızıl əşyalar və 1 avtomobildən 35 manat oğurlamaqda şübhəli bilinən, şəhər sakini X.Məmmədli saxlanılıb. Onun əvvəllər narkotiklərlə əlaqəli cinayətlərə görə məhkum olunduğu müəyyən edilib.

1-ci Polis Bölməsi əməkdaşalrının həyata keçirdikləri daha bir əməliyyat tədbirləri nəticəsində şəhər ərazisində 1 avtomobildən 17 manat pul və tütün məmulatı, ayrı-ayrı 3 vətəndaşın isə mobil telefonlarını oğurlamaqda şübhəli bilinən şəxs saxlanılıb. Həmin şəxsin F.Rzayev olması müəyyən edilib. Sumqayıt ŞPİ 4-cü Polis Bölməsinin əməkdaşları isə şəhər ərazisindən avtomobil qaçırmaqda şübhəli bilinən şəxsi avtomobillə birgə saxlayıblar. “VAZ-2106” markalı avtomobili qaçıran şəxsin şəhər sakini, əvvəllər də oğurluq etdiyinə görə tutulmuş M.Zəkiyev olması müəyyən edilib.

Bundan başqa Xəzər rayonu ərazisindəki evlərin birindən pul oğurlanması barədə Rayon Polis İdarəsinin 2-ci Polis Şöbəsinə müraciət daxil olub. Polis əməkdaşları tərəfindən müvafiq tədbirlər həyata keçirilib və bu il fevralın 1-də həmin mənzildən 1600 ABŞ dollarının oğurlanması məlum olub. Dərhal başlanan əməliyyat-axtarış tədbirləri ilə oğurluğu törətməkdə şübhəli bilinən şəxslər müəyyən edilərək polis əməkdaşları tərəfindən saxlanılıb.

Araşdırmalarla onların Binə qəsəbə sakinləri A.Qazıyev, C.Həsənov və V.Qasımov olmaları müəyyən edilib. Ətraflarında aparılmış əməliyyat tədbirləri ilə onların rayon ərazisindəki bir mağaza və evdən ərzaq məhsulları və məişət əşyaları oğurlamaları da müəyyən edilib.
2-ci PŞ əməkdaşlarının həyata keçirdikləri daha bir əməliyyat tədbirləri nəticəsində bu il yanvarın 24-də rayon ərazisindəki evlərin birindən 2 ədəd samovar oğurlamaqda şübhəli bilinən şəxs də saxlanılıb.

Saxlanılan şəxsin Binə qəsəbə sakini E.İsmayılov olması, həmçinin əvvəllər oğurluq və narkotik vasitə istifadə etdiyinə, daşıdığına görə məhkumluq həyatı yaşadığı müəyyən edilib.

Azvision.az

Teqlər: DİN   oğurluq