Azərbaycan xalçaları İsveçdə satışa çıxarılıb - FOTO

 Azərbaycan xalçaları İsveçdə satışa çıxarılıb -  FOTO
  10 Fevral 2019    Oxunub:3463
İsveçin paytaxtı Stokholmda “Azərxalça” Açıq Səhmdar Cəmiyyətinin istehsalı olan məhsulların satışını həyata keçirən mağaza açılıb.
Stokholmun Viksjö rayonunun ticarət mərkəzində "Azerbajdzjanska mattor" adı ilə yeni fəaliyyətə başlayan mağaza artıq yerli ictimaiyyətin marağına səbəb olub.

Bu barədə AzərTAc-ın müxbirinə məlumat verən mağazanın sahibi Əbülfəz Seyidov deyib ki, İsveçdə Azərbaycan xalçalarının satışını həyata keçirmək üçün mağaza açmaq fikri onun ailəsinə məxsusdur. Buna görə də ona məxsus “NGK-AZE” şirkəti Azərbaycan xalçalarının İsveçə idxalı üçün “Azərxalça”ya müraciət edib. Bundan sonra sahibkarın verdiyi təklif “Azərxalça” tərəfindən müsbət dəyərləndirilib və həmin şirkətin “Azərxalça”nın İsveçdəki distribüteri olması ilə bağlı razılıq əldə olunub.



Sahibkar bildirib ki, fəaliyyətə başlayan yeni mağazada Azərbaycan xalçalarının Bakı, Qarabağ, Quba, Şirvan və Gəncə qrupları üzrə müxtəlifölçülü xalçalar satışa çıxarılıb. Bundan başqa müştərilərə “Azərxalça” Açıq Səhmdar Cəmiyyətinin kataloqundan istənilən xalçaları seçmək imkanı da yaradılıb.



“Bu mağazanın açılışı həm azərbaycanlı ustaların əl işlərinin, həm də ölkəmizin mədəniyyətinin və tarixinin İsveçdə daha da tanıdılmasına kömək edəcəkdir”, - deyə Əbülfəz Seyidov vurğulayıb.



Azvision.az



Teqlər: Xalça   İsveç  





Xəbər lenti