"Sensasiya yaratmaq niyyəti ilə məqalələr yazırlar" - DYP
Görünür son vaxtlar yol hərəkəti sahəsi daha aktual, oxuculara daha çox maraqlı olduğundan hər kəs mütəxəssislərlə, heç olmazsa bu sahənin müstəqil ekspertləri ilə məsləhətləşmədən sensasiya yaratmaq niyyəti ilə belə məqalələr yazırlar. Məlumat üçün bildirək ki, bəli həqiqətən də 2018-ci ərzində 3.409.698 yol hərəkəti qaydaları əleyhinə olan inzibati xəta aşkar edilib və bunların 65%-i, yəni 2,2 milyondan çoxu YPX əməkdaşının bilavasitə iştirakı olmadan, xüsusi texniki vasitələrin köməyi ilə qeydə alınıb".
Qeyd olunub ki, bu qədər qayda pozuntularına yol verilmə hallarının mövcudluğu yol hərəkəti təhlükəsizliyinə nəzarəti həyata keçirən dövlət orqani kimi DİN-in Baş DYP İdarəsini narahat edir: "Lakin nəzərə almaq lazımdır ki, bu aşkarlamanın hesabına respublikada ilbəil nəqliyyat vasitələri sayının artmasına baxmayaraq yol-nəqliyyat hadisələrinin, qazada ölən və yaralananların sayı azalır.
O ki, qaldı hər sürücü başına hesablanan cərimə məbləğinə, bu yanaşmanın özü düzgün deyil. Çünki, elə intizamsız sürücü var ki, hər il dəfələrlə qayda pozuntusuna yol verib bir neçə dəfə qəza törədir, elə sürücü də var ki, mütəmadi avtomobil idarə etməsinə baxmayaraq bir dəfə də olsun yol hərəkəti qaydasını pozmur və cərimə ödəmək məcburiyyətində qalmır. Yəni cərimə gündəlik tələbat məhsulu deyil ki, hər kəs onu ödəmək məcburiyyətində olsun. Cərimə, inzibati tənbeh növlərindən biri olaraq məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır".
Azvision.az
Teqlər: DYP