Əbülfəs Qarayev Britaniyada tələbələrə mühazirə oxuyub

Əbülfəs Qarayev Britaniyada tələbələrə mühazirə oxuyub
  16 Fevral 2019    Oxunub:1823
Mədəniyyət naziri Əbülfəs Qarayev Böyük Britaniyanın Koventri Universitetində olub.
Mədəniyyət Nazirliyindən Azvision.az -a verilən məlumata görə, universitetin Sülh, Etimad və Sosial Münasibətlər Mərkəzində qurumun icraçı direktoru professor Mayk Hardi ilə görüşən zamanı “Bakı Prosesi” çərçivəsində həyata keçirilən layihələr və 5-ci Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun proqram ətrafında fikir mübadiləsi aparılıb. Nazir professor Hardiyə son 6 ildə “Bakı Prosesi”nin inkişafında akademik səviyyədə göstərdiyi dəstəyə görə, təşəkkürünü bildirib.

Universitetin incəsənət və humanitar elmlər fakültəsini ziyarət edən nazir, teatr, musiqi və digər incəsənət sahələri ilə yanaşı, əsasən yaradıcı sənayelərin inkişafı ilə bağlı sahələrdə təhsil məsələləri ilə maraqlandığını qeyd edib. Universitet nümayəndələri bildirib ki, hazırda bu təhsil müəssisəsində dizayn, moda, mədəniyyət menecmentliyi ilə bağlı təhsil proqramları mövcuddur və həmin sahənin tələbələri təhsil prosesi ilə yanaşı, şəhərin inkişaf, müxtəlif şirkətlərin layihələrini də icra edirlər.

Eyni gündə nazir universitetin fəxri doktoru və professoru kimi, həmçinin UNESCO-nun Ümumdünya İrs Komitəsinin sədri qismində tələbələr qarşısında “Dəyişikliklər və münaqişə dövründə mədəniyyəti qoruyaq: İnsan təhlükəsizliyi üçün mədəniyyət və irsin dəyərləri və ənənələrinin əhəmiyyəti” mövzusunda mühazirə ilə çıxış edib.

Nazir çıxışı zamanı müasir dövrdə mədəni proseslər, münaqişə və müharibələrin mədəni irsə təsiri, xüsusilə Qarabağ münaqişəsi zamanı Azərbaycan mədəniyyətinə və irsinə dəymiş ziyan, UNESCO-nun bu istiqamətdə fəaliyyəti, Dünya İrs Komitəsinin Bakıda keçiriləcək sessiyası, Prezident İlham Əliyevin irəli sürdüyü “Bakı Prosesi” təşəbbüsü və bu çərçivədə həyata keçirilmiş layihə və beynəlxalq tədbirlər, mədəniyyətlərarası dialoqun insan təhlükəsizliyi amili ilə bağlılığı kimi mövzulara da toxunub. Mühazirə nazir ilə tələbələr arasında sual-cavab formasında müzakirələrlə davam edib.

Azvision.az


Teqlər: Əbülfəs-Qarayev  





Xəbər lenti