Suma Çakrabarti İlham Əliyevin qəbulunda - Yenilənib
Xoş sözlərə görə minnətdarlığını bildirən Suma Çakrabarti dünyada neftin qiymətinin aşağı düşdüyü dövrdə Azərbaycana səfər etdiyini xatırlayaraq, ölkə iqtisadiyyatının bərpa olunaraq inkişafa qədəm qoyması münasibətilə təbriklərini çatdırdı. O, son illər ərzində Azərbaycanda həyata keçirilən islahatlar nəticəsində bir sıra sahələrdə, o cümlədən sərhəd və gömrük xidmətlərində şəffaflığın və səmərəliliyin artırıldığını, vergi sistemində dəyişikliklərin edildiyini, “ASAN xidmət” sisteminin əhatə dairəsinin genişləndirildiyini və digər istiqamətlərdə böyük uğurlar qazanıldığını qeyd etdi. Suma Çakrabarti Dünya Bankının “Doing Business 2019” hesabatında Azərbaycanın 25-ci yerə yüksəlməsinin önəmini vurğulayaraq bunu əldə edilən böyük uğur kimi dəyərləndirdi.
Prezident İlham Əliyev Avropa Yenidənqurma və İnkişaf Bankı tərəfindən Azərbaycanda həyata keçirilən layihələrin maliyyələşdirilməsinin ölkəmizdə müasir infrastrukturun yaradılması işinə böyük kömək göstərdiyini qeyd etdi və bildirdi ki, özəl sektorun bu maliyyə vəsaitindən yararlanması və müsbət istiqamətdə inkişafı Avropa Yenidənqurma və İnkişaf Bankının Azərbaycanda həyata keçirdiyi strategiyanın uğurlu olduğunu göstərir. Azərbaycanda genişmiqyaslı islahatların həyata keçirildiyini qeyd edən Prezident İlham Əliyev bu islahatların və eləcə də idarəçilikdə yeni yanaşma nəticəsində biznesin daha da inkişafı üçün əlverişli şərait yarandığını və büdcə gəlirlərinin artdığını dedi, ötən il, eləcə də bu ilin yanvar-fevral aylarında gəlirlərin plandan artıq daxil olduğunu bildirdi. Dövlətimizin başçısı hazırda Azərbaycanda gömrük və vergi sistemlərinin birgə sıx fəaliyyət göstərdiklərini və bunun nəticəsində bu orqanlarda maksimum şəffaflığın təmin edilməsi istiqamətində səmərəli nəticələrin əldə edildiyini bildirdi və qeyd etdi ki, bütün bu islahatlar və şəffaflığın təmin edilməsi əhali tərəfindən yüksək qiymətləndirilir. Azərbaycanın düşünülmüş və düzgün inkişaf yolu ilə irəlilədiyini vurğulayan dövlətimizin başçısı ölkəmizin bu sahələrdə islahatların birinci hissəsinin başlanğıcında olduğunu, bu il və qarşıdakı illərdə də bütün bunların uğurlu nəticələr verəcəyinə əminliyini ifadə etdi.
Görüşdə Avropa Yenidənqurma və İnkişaf Bankının Azərbaycanla yeni sahələrdə əməkdaşlıqda maraqlı olduğu qeyd edildi və qeyri-neft sektorunun inkişafı, şəhərdaxili nəqliyyat, bərpaolunan enerji və digər sahələrdə əməkdaşlıq məsələlərinə dair fikir mübadiləsi aparıldı.
Azvision.az
Teqlər: İlham-Əliyev