Azərbaycan ATƏT üçün önəmli ölkədir - Miroslav Layçak

   Azərbaycan ATƏT üçün önəmli ölkədir -    Miroslav Layçak
  05 Mart 2019    Oxunub:1716
Milli Məclisin sədri Oqtay Əsədov ATƏT-in fəaliyyətdə olan sədri, Slovakiyanın xarici işlər və Avropa naziri Miroslav Layçakın başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb.
Azvision.az xəbər verir ki, görüşdə spiker Miroslav Layçakla görüşlərini xatırladaraq, qonağın ATƏT-in fəaliyyətdə olan sədri kimi ölkəmizə səfərini yüksək qiymətləndirib. Bildirilib ki, Azərbaycan uzun illər bu nüfuzlu beynəlxalq qurumun üzvü kimi təşkilata üzv ölkələrlə əməkdaşlığın inkişafına böyük önəm verir. “Biz ATƏT-in müxtəlif institutları ilə sıx əməkdaşlıq edir, nümayəndə heyətimiz təşkilatın müxtəlif tədbirlərinə qatılır. Qarşılıqlı səfərlər əməkdaşlığımızın daha da dərinləşməsinə töhfə verir. Qurumun Parlament Assambleyasında müzakirə olunan məsələlərə deputatlarımız Azərbaycan tərəfinin mövqeyini bildirirlər. Hesab edirik ki, ATƏT-in səlahiyyətləri genişləndirilməli, onun maraq dairəsində olan məsələlərin həlli üçün lazımi şərait yaradılmalıdır. Bu, ATƏT məkanında mövcud münaqişələrin aradan qaldırılmasında əhəmiyyətli rol oynaya bilər”, - deyə Milli Məclisin sədri diqqətə çatdırıb.

Bildirilib ki, bu gün dinamik inkişaf edən Azərbaycanın ən ağrılı problemi olan Dağlıq Qarabağ münaqişəsinin beynəlxalq hüququn normaları çərçivəsində, sərhədlərin toxunulmazlığı prinsipi əsasında həlli bölgənin tərəqqisinə böyük töhfə verər: "Problemin həlli ilə məşğul olan ATƏT-in Minsk qrupu hələlik bu sahədə ciddi nəticələrə nail ola bilməyib. Biz inanırıq ki, problem tezliklə öz ədalətli həllini tapacaq".

Söhbətdə Oqtay Əsədov Azərbaycanın Slovakiya ilə əlaqələrindən söz açaraq, münasibətlərimizin yüksələn xətlə inkişaf etdiyini deyib. Bildirilib ki, siyasi sahədə dialoq iqtisadi münasibətlərə də müsbət təsir göstərir. Parlamentlər səviyyəsində əməkdaşlığın genişləndirilməsi ümumi məqsədlərə xidmət edir. Bu sahədə dostluq qruplarının əhəmiyyəti böyükdür. Deputatlarımız müxtəlif beynəlxalq təşkilatlarda mütəmadi olaraq görüşür, onları maraqlandıran məsələlər ətrafında fikir mübadiləsi aparırlar.

Səmimi qəbul üçün minnətdarlığını bildirən ATƏT-in fəaliyyətdə olan sədri, Slovakiyanın xarici işlər və Avropa naziri Miroslav Layçak ölkəmizə səfərindən və burada aparılan danışıqlardan məmnun qaldığını söyləyib. O, səfərdən əsas məqsədin bölgədəki vəziyyətlə yaxından tanış olmaq, lazımi məlumatları ilk mənbədən əldə etmək olduğunu deyib. Bildirib ki, ATƏT-in fəaliyyətdə olan sədri kimi o, insan amilinə və sabitliyin qorunmasına böyük önəm verir. Təşkilatın fəaliyyət istiqamətlərinin ATƏT məkanında münaqişələrin aradan qaldırılması, təhlükəsizliyin möhkəmləndirilməsi, nüfuzlu qurumlarla qarşılıqlı əməkdaşlığın genişləndirilməsi olduğunu diqqətə çatdırıb. M.Layçak vurğulayıb ki, Azərbaycan ATƏT üçün önəmli ölkədir və təmsil etdiyi təşkilat Qafqazın bu bölgəsi ilə gələcəkdə də əlaqələri genişləndirmək niyyətindədir.

Miroslav Layçak Dağlıq Qarabağ probleminin tezliklə həll edilməsi üçün təşkilatın mövcud imkanlarından maksimum istifadə edəcəklərini dilə gətirib. O, Slovakiya ilə Azərbaycan arasında müxtəlif sahələrdə əməkdaşlığın genişləndirilməsinin xalqların ümumi mənafelərinə xidmət etdiyini söyləyib. Görüşdə, həmçinin qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında söhbət açılıb.

Milli Məclis Aparatının rəhbəri Səfa Mirzəyev, Slovakiya ilə parlamentlərarası əlaqələr üzrə işçi qrupun başçısı Şəmsəddin Hacıyev, ölkəmizin ATƏT yanında daimi nümayəndəsi Qalib İsrafilov, Slovakiyanın Azərbaycandakı səfiri Peter Priputen, ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi Anji Kaspşik, təşkilatın fəaliyyətdə olan sədrinin Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Rudolf Miçalka və digər rəsmilər iştirak ediblər.

Azvision.az


Teqlər: ATƏT   Milli-Məclis  





Xəbər lenti