“Yenidən o binaya qayıtmaq istəmirik” - Yanğın yerindən FOTOLAR
Azərbaycan İncəsənət Universitetinin balansında olan binada yaşayan məcburi köçküblər Azvision.az -ın hadisə yerində olan əməkdaşına bildiriblər ki, hazırda yataqxana tamamilə yararsız vəziyyətdədir.
Sakinlərin sözlərinə görə, binanın bir bloku olduğu üçün yanğın zamanı bayıra çıxmaqda çətinlik çəkiblər: “Hamı aşağı düşmək istəyirdi. Binanın girişində sıxlıq yaranmışdı. Yaralılar, vəziyyəti pisləşənlər var idi. Sakinləri kranla aşağı düşürdülər”.
Məcburi köçkünləri narahat edən digər məqam isə yanan evlərin təmir olunacağı barədə deyilənlərdir: “Bizə bildirirlər ki, evlər təmir olunacaq. Digər sakinlər isə öz evlərində yaşaya bilərlər. Bu binanın elektrik sistemi bərbad vəziyyətdədir. Dünən baş verən hadisə təkrar ola bilər”.
İlkin məlumata əsasən, yanğın elektrik naqillərində qısa qapanma nəticəsinə baş verib. Nərimanov rayon İcra Hakimiyyəti başçısının birinci müavini Şahmar İbadov hadisə yerində sakinlərlə görüşüb. Lakin o, jurnalistlərə açıqlama vermək istəməyib.
Qeyd edək ki, gecə saatlarında Nərimanov rayonunda məcburi köçkünlərin yaşadığı yataqxanada yanğın olub. Yanğın zamanı 6 nəfər tüstüdən zəhərlənib, 1953-cü il təvəllüdlü Əliyeva Eliza İdris qızı və 1951-ci il təvəllüdlü Əliyev Surxay Yusif oğlu isə həlak olub, daha 42 nəfər bina sakini təxliyə olunub.
Şahanə Rəhimli
Azvision.az
Teqlər: Yataqxana