Yanan yataqxananın sakinləri üçün çadırlar quraşdırılıb

  06 Mart 2019    Oxunub : 523
 Yanan yataqxananın sakinləri üçün çadırlar quraşdırılıb
Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin rəsmiləri Bakının Nərimanov rayonunda yanğın baş verən məcburi köçkünlərin məskunlaşdığı binada olublar.
Dövlət Komitəsindən Azvision.az -a verilən məlumata görə, komitənin sədr müavini Fuad Hüseynov, MKSİF-in direktoru Mahir Abbaszadə və digər məsul işçilər hadisə yerində olublar. Yanğın baş verdikdən sonra Dövlət Komitəsi tərəfindən yaradılmış komissiya hadisə yerinə gedib, siyahıyaalınma aparılıb.

Məlumatda xatırladılıb ki, yataqxanının üçüncü mərtəbəsində Səriyyə Hacıyevaya məxsus otaqda baş vermiş yanğının zəhərli təsirindən 8 nəfər xəsarət alıb, dərhal xəstəxanaya aparılıb. Hadisə nəticəsində Laçın rayonundan məcburi köçkün Eliza Əliyeva və Surxay Əliyev dünyasını dəyişib.

Dövlət Komitəsinin müvafiq şöbəsi tərəfindən yanmış otağın və dəhlizin zərər dəyən hissəsinin təmirinə başlanılıb. Təmir işlərinin çox qısa müddətdə başa çatdırılması üçün zəruri tədbirlər görülür. Nərimanov rayon icra hakimiyyəti tərəfindən müvəqqəti sığınacaq üçün çadırlar quraşdırılıb.

Yanğın zamanı həyatını itirmiş şəxslərin dəfni və hüzr mərasiminin keçirilməsi Dövlət Komitəsi tərəfindən təşkil edilib. Yanğının başvermə səbəbləri Fövqəladə Hallar Nazirliyi və prokurorluq orqanları tərəfindən araşdırılır, dəymiş ziyan müəyyənləşdirilir. Araşdırmadan sonra yekun rəy veriləcək. Rəy əsasında müvafiq hüquqi addımlar atılacaq.

Azvision.az

Teqlər: FHN   Yanğın