Azay Quliyev səfir Mixail Boçarnikovla görüşüb

Azay Quliyev səfir Mixail Boçarnikovla görüşüb
  07 Mart 2019    Oxunub:1902
Bu gün Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının sədri, Milli Məclisin deputatı Azay Quliyev Rusiyanın Azərbaycandakı səfiri Mixail Boçarnikovla görüşüb.
Azvision.az -ın məlumatına görə, görüşdə Şuranın fəaliyyət istiqamətləri haqqında fikir mübadiləsi aparılıb. Azay Quliyev bildirib ki, Şuranın 2019-cu ildən etibarən 13 yeni elektron xidməti fəaliyyətə başlayacaq. Bu Şuranın fəaliyyətində şəffaflığın və hesabatlılığın daha da artırılması, həmçinin çevikliyin və operativliyin təmin olunmasına istiqamətlənib.

Azay Quliyev bildirib ki, 2013-cü ildə Şura ilə Rusiya Federasiyasının İctimai Palatası arasında “Birgə Fəaliyyət və əməkdaşlıq haqqında Memorandum" imzalanıb. Sənəd 4 il müddətində Azərbaycan və Rusiya QHT-lərinin müxtəlif sahələr üzrə qarşılıqlı əməkdaşlığını nəzərdə tuturdu. Hazırda Şura ilə İctimai Palata arasında iki ölkənin ictimai həyatı üçün aktual olan məsələlərin əksini tapacağı, QHT-lər arasında əməkdaşlığın inkişafını nəzərdə tutan yeni Memorandumun imzalanması məqsədilə danışıqlar aparılır.

Görüşdə Azərbaycan və Rusiya vətəndaş cəmiyyətləri arasında dostluğun və əməkdaşlığın dərinləşdirilməsinə məqsədilə iki ölkə QHT-lərinin beynəlxalq Forumunun keçirilməsinə dair müzakirələr aparılıb.

Azay Quliyev Şura ilə Türkiyə Respublikasının Daxili İşlər Nazirliyi arasında “(Qeyri-Hökumət Təşkilatlarına dair) Birgə Fəaliyyət və Əməkdaşlıq Haqqında” Anlaşma Memorandumunun imzalandığını deyərək, ölkələrin ictimai əlaqələrinin daha da gücləndirilməsi məqsədi ilə əməkdaşlığın üç tərəfli olması (Azərbaycan- Rusiya- Türkiyə) təşəbbüsü ilə çıxış edib.

Səfir Mixail Boçarnikov Rusiya və Azərbaycan QHT-lərinin əməkdaşlığının hər iki ölkə üçün faydalı olduğunu vurğulayaraq Şura və İctimai Palata arasında yeni Memorandumun imzalanmasının vacib olduğunu deyib.

Azvision.az


Teqlər: Azay-Quliyev  





Xəbər lenti