“Bəzi sahələrdə qadınlar kişilərdən yüksəkdə dayanır” - Baş nazirin müavini

  “Bəzi sahələrdə qadınlar kişilərdən yüksəkdə dayanır” -    Baş nazirin müavini
  07 Mart 2019    Oxunub:2681
"Azərbaycan cəmiyyəti qədimdən qadınlara böyük hörmət və ehtiram ehtiva edib, onların qayğısına qalıb. Qadın hüququ dedikdə hər şeydən əvvəl qadına hörmət və ehtiram, ona diqqət və qayğı göstərilməsi başa düşülür"
Azvision.az xəbər verir ki, bunu Baş nazirin müavini Əli Əhmədov 8 Mart Beynəlxalq Qadınlar Gününə həsr olunmuş "Qadınlar Dayanıqlı İnkişafa doğru" adlı tədbirdə çıxışı zamanı deyib.

Ə.Əhmədov bildirib ki, bu gün qadın hüquqları anlayışı hüdudlarını genişləndirilib. İctimai həyatda qadınların iştirakçılığının genişləndirilməsi, kişilərlə bərabər çalışması qadın hüquqları anlayışına daxil edilib.

"Gender bərabərliyinin təmin edilməsi ilə bağlı diskussiyalar aparsaq da, qadına olan münasibət, qayğı qadına sevgi ilə ifadə olunub. Bu gün Azərbaycan qadınları Azərbaycan cəmiyyətinin qayğı obyektidir, eyni zamanda bütövlükdə cəmiyyətimizin inkişafının əhəmiyyətli hissəsini öz üzərinə götürən və funksiyanı layiqincə yerinə yetirən vətəndaşlarımız kimi formalaşıblar. Qadınlar cəmiyyətin aparıcı qüvvəsi olaraq çıxış edirlər, yəqinki getdikcə bu rol artacaq. Bir sıra sahələrdə qadınlar aparıcı rol oynayırlar. Elmdə, təhsildə qadınlar iştirakçılıq səviyyəsinə görə kişilərdən xeyli yüksəkdə dayanır. Qadınların intellektual səviyyəsi kifayət qədər yüksəkdir".

Baş nazirin müavini qeyd edib ki, qadınlar Azərbaycan cəmiyyətinin inkişaf etdirilməsinə töhfə verən böyük resursdur: "Azərbaycan höküməti qadınların Azərbaycanın həyatında daha geniş iştirak etməsi üçün böyük proqram həyata keçirir. Burada qadınların ictimai həyatda geniş içtirakçılığını, o cümlədən, sahibkarlıq fəaliyyətində yaxından iştirak etməsini və bir sıra mühüm məsələlərin həll edilməsini nəzərdə tutur".

Aytən Zəhra
Azvision.az



Teqlər: Əli-Əhmədov  





Xəbər lenti