“İsrail ermənilərə silah vermək fikrində deyil” - İrəvan qorxu içində
Erməni rəsmilərinin İsraillə Azərbaycanın əməkdaşlığından narahat olduqlarını müxtəlif səviyyələrdə dilə gətirmələrinin ilk dəfə baş vermədiyini söyləyən millət vəkili Hikmət Babaoğlu Azvision.az-a bildirib ki, bunun özünəməxsus səbəbləri var:
“İsrail qısa müddət ərzində olduqca güclü və modern hərbi sənaye qura bilib və dünya silah bazarında söz sahiblərindən birinə çevrilib. Azərbaycanla İsrail arasında mövcud olan dostluq və tərəfdaşlıq münasibətləri isə imkan verir ki, bu iki ölkə qarşılıqlı şəkildə, iqtisadi, hərbi enerji və.s kimi strateji sahələrdə öz təhlükəsizliklərini təmin etmək üçün bir-birinin imkanlarından faydalansın. Bununla yanaşı İsrail modern dövlətçilik təsisatlarına sahib olan ölkə olduğu üçün onun institusional strukturu hər hansı işğalçı ölkə ilə əməkdaşlığı məhdudlaşdırır. Ermənistan isə işğalçı ölkədir və Azərbaycanın torpaqlarının 20 faizini işğal edib , Azərbaycan xalqına qarşı Xocalı soyqırımi törədib. Soyqırımı İsrail xalqı öz tarixi keçmişində yaşadığı üçün onun nə olduğunu yaxşı bilir. Əgər Ermənistan İsraillə tərəfdaşlıq etmək istəyirsə, ilk növbədə öz işğalçılıq siyasətinə son qoymalıdır .Əks təqdirdə Azərbaycanın dostları və strateji müttəfiqlərinin səyi nəticəsində Ermənistan beynəlxalq münasibətlər sistemində getdikcə daha çox təcrid vəziyyətinə düşəcək”.
H.Babaoğlu vurğulayıb ki, İsrail bütün ölkələr, bəzi güc mərkəzləri kimi Ermənistana ya ödənişsiz, ya da kreditlə silah vermək fikrində deyil: “Yaxşı olar ki, Ermənistan Azərbaycanla İsrailin əməkdaşlığını qısqanmaqdansa, işğalçı ordusunu Azərbaycan ərazilərindən çəksin və regional inteqrasiya üçün şərtlər formalaşsın. Bu bütün region ölkələrinin lehinə olar. Əks təqdirdə yeganə alternativ müharibə olar ki, bunu da aparmağa Ermənistanın nə iqtisadi, nə də hərbi gücü var”.
Elvin Abdulqədirov
AzVision.az