Bakının 5 ərazisində piyada keçidləri tikilir

Bakının 5 ərazisində piyada keçidləri tikilir
  07 Mart 2019    Oxunub:1994
Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən Bakının bəzi ərazilərində yerüstü və yeraltı piyada keçidlərinin inşası aparılır.
Agentliyin ictimaiyyətlə əlaqələr şöbəsindən Azvision.az -a bildirilib ki, sözügedən piyada keçidləri metal və dəmir-beton konstruksiyalı olmaqla avtonəqliyyat vasitələrinin və piyadaların intensiv hərəkət etdiyi ərazilərdə inşa olunur. Məqsəd piyadaların rahat və təhlükəsiz şəraitdə avtomobil yollarını keçməsini təmin etməklə yanaşı, avtonəqliyyat vasitələrinin fasiləsiz və maneəsiz hərəkətini təşkil etməkdir.

Hazırda Bakının şəhərində 5 ərazidə piyada keçidlərinin inşası aparılır.

Bunlar aşağıdakılardır:

1. Heydər Əliyev prospekti ilə Zəki Məmmədov küçəsinin kəsişməsində - uzunluğu 57,4 metr, qalereyasının eni 4,4 metr, hündürlüyü isə 3,2 metr olan yeraltı piyada keçidi. Keçid qazma üsulu ilə inşa edilir.

2. Moskva prospektinin 20 Yanvar küçəsi ilə kəsişməsində - “Şamaxı yolu” adlanan ərazidə uzunluğu 227 metr, eni isə 2,7 metr təşkil edən yerüstü piyada keçidi. Piyada keçidi “asma” tipli və üst hissəsi açıq olacaq.

3. Qala-Pirallahı avtomobil yolunun 3,6-cı kilometrində - uzunluğu 45 metr, eni 3,5 metr, yol üzərindən hündürlüyü isə 5,5 metr təşkil edən yerüstü piyada keçidi.

4. Mərdəkan-Zuğulba yolunda yerüstü piyada keçidi. Piyada keçidinin ümumi uzunluğu 59,4 metr, oxdan-oxa uzunluğu 52 metr, kənar dayaqlarda hündürlük isə 5,15 metr təşkil edir.

5. Bakı-Şamaxı-Yevlax avtomobil yolunun 13-cü kilometrində (Hökməli dairəsinin yanı). Dəmir-beton özül dayaqları üzərində qurulan metal konstruksiyalı piyada keçidi 1 aşırımlı (orta dayaqsız) və üstü açıqdır. Keçidin eni 3 metr, yol səthindən hündürlüyü 5,5 metr təşkil edəcək.

Bundan başqa, daha 5 yerdə - Tbilisi prospekti ilə Həsən Əliyev küçəsinin kəsişməsində, Xətai rayonu, Neapol küçəsi (parkın yanı), Zığ yolunda (Zığ dairəsinin yaxınlığı), Bakı-Quba-Rusiya Federasiyası ilə dövlət sərhədi avtomobil yolunun 27,7-ci kilometrində (Ceyranbatan qəsəbəsi) və Bakı-Ələt-Qazax-Gürcüstan ilə dövlət sərhədi avtomobil yolunun 39-cu kilometrində (Qaradağ rayonu) yeni piyada keçidlərinin inşası nəzərdə tutulur.

Agentlik tərəfindən 2016-2018-ci illərdə 3 yeraltı, 19 yerüstü piyada keçidi inşa olunub.

Azvision.az


Teqlər: AAYDA  





Xəbər lenti