Məmmədyarov hindistanlı səfiri qəbul edib

  07 Mart 2019    Oxunub : 545
Məmmədyarov hindistanlı səfiri qəbul edib
Xarici işlər naziri Elmar Məmmədyarov Hindistanın Azərbaycana yeni təyin olunan səfiri Bavitlunq Vanlalvavnanı qəbul edib.
XİN-dən Azvision.az -a verilən məlumata görə, görüş zamanı tərəflər iki ölkə arasındakı münasibətlərin hazırkı durumunu yüksək qiymətləndirdilər, eyni zamanda əməkdaşlıq əlaqələrinin daha da inkişafı üçün böyük potensialın mövcud olduğunu qeyd ediblər. Azərbaycanın təşəbbüsü və iştirakı ilə həyata keçirilən infrastruktur layihələri haqqında məlumat verən E.Məmmədyarov Hindistan şirkətlərini sözügedən layihələrdən yararlanmağa dəvət edib.

Eyni zamanda tərəflər Azərbaycan və Hindistan arasında birbaşa hava əlaqəsinin yaradılmasının insanlararası təmasların daha da artmasına təkan verəcəyinə əminliklərini ifadə ediblər. Bu xüsusda, qarşılıqlı turizm sərgilərinin keçirilməsinin zəruriliyi qeyd edilib.

Görüş zamanı beynəlxalq təşkilatlar, eləcə də Qoşulmama hərəkatı çərçivəsində əməkdaşlıq və digər qarşılıqlı maraq doğuran məsələlər müzakirə edilib.

Səfir Bavitlunq Vanlalvavna etimadnaməsinin surətini Elmar Məmmədyarova təqdim edib.

E.Məmmədyarov Hindistanın yeni təyin olunmuş səfirinə diplomatik fəaliyyətində uğurlar arzulayıb.

Azvision.az

Teqlər: