Azərbaycan-Avropa İttifaqı əlaqələri müzakirə edilib

Azərbaycan-Avropa İttifaqı əlaqələri müzakirə edilib
  08 Mart 2019    Oxunub:1866
Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov Avropa İttifaqının Cənubi Qafqaz və Gürcüstan böhranı üzrə xüsusi nümayəndəsi Toivo Klaar ilə görüşüb.
XİN-dən Azvision.az -a verilən məlumata görə, görüş zamanı T.Klaar Prezident İlham Əliyev tərəfindən qəbul olunduğunu və çox faydalı fikir mübadiləsinin aparıldığını vurğulayıb.

Nazir Avropa İttifaqının nümayəndəsinə Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı aparılan danışıqlar prosesinin cari vəziyyəti haqqında məlumat verib. E.Məmmədyarov Ermənistan rəhbərliyinin son bəyanatları haqqında danışaraq bu kimi bəyanatların danışıqlar prosesinə xələl gətirdiyini qeyd edib.

Nazir münaqişənin həll olunmamasının regionun dayanıqlı inkişafı və rifahı baxımından ciddi maneə olduğunu bildirib, beynəlxalq ictimaiyyətin işğalçı qüvvələrin Azərbaycanın bütün işğal edilmiş ərazilərinin boşaldılmasını, bu ərazilərdən qovulmuş insanların öz torpaqlarına geri qayıtmasını və beləliklə də bölgədə sülhün təmin olunmasını birmənalı şəkildə dəstəklədiyini diqqətə çatdırıb. Bu xüsusda, E. Məmmədyarov Avropa İttifaqı rəsmilərinin münaqişənin həlli ilə bağlı səsləndirdiyi son bəyanatlara istinad edib.

T.Klaar danışıqların mahiyyətinin önəm kəsb etdiyini söyləyərək Avropa İttifaqının əhalinin sülhə hazırlanması istiqamətində töhfə verməyə hazır olduğunu vurğulayıb.

Sonra tərəflər Avropa İttifaqı-Azərbaycan arasında ikitərəfli münasibətlərin cari vəziyyəti, qarşılıqlı səfər mübadiləsi, o cümlədən ikitərəfli əməkdaşlıq əlaqələrinin hüquqi bazasını təşkil edəcək yeni saziş üzrə davam edən danışıqlar barədə fikir mübadiləsi aparıblar.

Görüş zamanı, həmçinin qarşılıqlı maraq doğuran regional məsələlər də müzakirə edilib.

Azvision.az


Teqlər: XİN    





Xəbər lenti