40 dəqiqəyə işğaldan azad edilən Lələtəpə - FOTOLAR
“Lələtəpə yüksəkliyi qısa müddətdə düşməndən azad olunub. Döyüş təqribən 40 dəqiqə davam etdi və ermənilərin mövqelərini tam ələ keçirdik. Düşmən bir atəş də aça bilmədi, çünki səngərdə olanların hamısını məhv etmişdik. Onların artilleriya silahlarını tam sıradan çıxartmışdıq, düşmən bizə gülllə ata bilmirdi. Düşmən elə bir hazırlıqlı ordu ilə rastlaşdı ki, qaçmaqdan başqa əlacı qalmadı. Azərbaycan ordusunun kəşfiyyatçıları, döyüş qrupları Lələ təpə yüksəkliyini işğaldan azad edəndən sonra düşmən qaçmağa başladı. Düşmənin bir neçə hərbi qulluqçusu, hətta zabitləri bizə yalvarırdılar ki, onları öldürməyək. Erməni zabitləri deyirdilər ki, bizi öldürməyin, təslim oluruq və geri çəkilirik”, - General-mayor Mayis Bərxudarov Aprel döyüşləri ilə bağlı deyib.
Lələtəpə yüksəkliyi Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndinin 2.9 km şimal-qərbində, 271.1 metr hündürlükdə yerləşir. Hərbi strateji əhəmiyyətə malik olan təpə Qarabağ müharibəsi zamanı 1994-cü il fevral ayının 11-12-də döyüş yerlərindən biri olub.
Lələtəpənin 22 ildən sonra azad olunması Cocuq Mərcanlı kəndinin təhlükəsizliyini də möhkəmləndirib və bu qələbə nəticəsində kənd sakinləri doğma yurdlarına qayıdaraq yenidən öz həyatlarını qurublar. Artıq üç ildir ki, işğalçı ordunun əsgərləri Lələtəpə yüksəkliyinə həsrətlə baxırlar.
Anar Kəlbiyev
Azvision.az