110 il əvvəl Bakıda keçirilən paradda baş vermiş faciə - TARİXİ DOSYE

  27 May 2019    Oxunub : 8786
 110 il əvvəl Bakıda keçirilən paradda baş vermiş faciə - TARİXİ DOSYE
1909-cu il avqustun 25-də Bakıda Şərqi Qafqazın Rusiya imperiyası tərəfindən işğalının 50 illiyi münasibətilə parad təşkil olunur. Parad Aleksandr Nevski kilsəsindən başlayaraq, Sahil küçəsi boyunca yeni bulvara qədər davam edirdi.
Bulvarda ibadət qurtardıqdan sonra kanoner qayıqları və minadaşıyan “Pronizatel” gəmisi toplardan yaylım atəşi açır. Qoşunlar isə həmin salyuta silahlardan yaylım atəşi açmaqla cavab verir. Bunun ardınca piyada və süvari alaylarının keçidi başlayır.

Lakin parad gözlənilməz qəza ilə sonlanır. Bir podyasaulun sərəncamında olan kazaklar qradonaçalnikin evinin önündən keçərkən atdan yıxılırlar. Həmin vaxt qradonaçalnik və bir sıra yüksək hərbi rütbəlilər evin önündə paradı qəbul edirdilər.

Əvvəlcə sürətlə keçən hərbi pulemyot alayında bir at asfaltın üzərində sürüşərək, yıxılır və bu çətin manevri dayandırmağa müvəffəq olana qədər bir neçə dəqiqə vaxt keçir.

Hadisə belə baş verir: Kazakların orkestri çalırdı. Küçələr təmizlənmişdi və hamı Uman kazak alayını qarşılamaq üçün gözləyirdi. Onlar atları dördnala çapmalı idilər. Yer dar, ərazi isə qısa idi. Hər tərəfdə çoxlu adam dayanmışdı. Kazakların son dayanacaqları olan baş meydanda əlverişsiz bir şərait yaranmışdı və tamaşaçılar arasında qabaqcadan həyəcan nidaları eşidilirdi. Pulemyotdaşıyan atın yıxılması da xoşagəlməz əlamət oldu.


Köhnə Bakı, "Naberejnaya" (Sahil) küçəsi

Uman kazakları dördnala gəlirdilər. Qradonaçalnikin evinin qarşısından keçərkən podyasaul Kakunko dönərək, dayanmaq əmri verir, lakin elə həmin vaxt atdan yıxılır. Onun üstünə tərəf gələn kazak da atdan yıxılır və bu minvalla bir-birinin ardınca yıxılan insan və atlar üst-üstə qalaqlanırlar.

Geridə qalan süvarilər atları saxlaya bilirlər və hamı hadisə yerinə tərəf qaçır. Zabit Kakunko isə başından ağır zərbə alır. Onu təcili xəstəxanaya aparıb, qanaxmanın qarşısını almağa çalışırlar. Bütün yaralılar arabalarla lazaretlərə daşınır.

Kakunkonu maşınla xəstəxanaya çatdırırlar və o dövrün məşhur cərrahı Finkelşteyn onu müayinə etsə də, zabiti özünə gətirmək mümkün olmur. Ölümün səbəbi beyinə qan sızması və kəllə sümüyünün ağır sınıqları idi.



Podyesaul Kakunko rəhbərlik etdiyi alayla Bakıda və Lənkəranda xidmət göstərmiş 30-33 yaşlarında gənc və subay bir hərbçi idi. O, əslən Kuban kazaklığının Uman stansiyasından idi. Həlak olduqdan sonra onun nəşi təntənəli şəkildə orkestrin müşayiəti ilə Bakı dəmiryol vağzalından vətəninə yola salınır.

Rusların Bakıda keçirdikləri onlar üçün belə bir təntənəli gündə baş verən bu hadisə bəlkə də, taleyin acı istehzası idi.
Sizcə də, belə deyilmi?

Yeganə Kamal Cabbarlı
Azvision.az üçün

Teqlər: Köhnə-Bakı   Tarix