Azərbaycanda təhsilin inkişafı ilə bağlı yenilik - İki rayondan REPORTAJ

Azərbaycanda təhsilin inkişafı ilə bağlı yenilik -  İki rayondan REPORTAJ
  13 Dekabr 2019    Oxunub:13866
Bir neçə gün əvvəl Təhsil Nazirliyi tərəfindən Biləsuvar və Masallı rayonlarına mediatur təşkil olunub. Məqsəd sözügedən bölgələrin ümumtəhsil məktəblərində təşkil olunmuş istedadlı uşaqlar üçün xüsusi siniflər və icma əsaslı məktəbəqədər təhsil qrupları ilə tanışlıqdır.
Azvision.az -ın məlumatına görə, bir qrup KİV nümayəndəsi əvvəlcə Biləsuvar şəhəri 1 nömrəli tam orta məktəbdə olublar.



Təhsil İnstitutunun İstedadlı uşaqlarla iş şöbəsinin müdiri Fuad Qarayev bildirib ki, 2018-2019-cu tədris ilindən ümumtəhsil məktəblərində VII sinif üzrə riyaziyyat-informatika, VIII sinif üzrə isə təbiət elmləri təmayüllü xüsusi siniflər yaradılıb. Onun sözlərinə görə, hazırda respublika üzrə Bakı, Sumqayıt, Gəncə, Mingəçevir, Şirvan şəhərləri daxil olmaqla 47 rayonun 117 məktəbində 162 xüsusi sinif fəaliyyət göstərir.



“Ümumilikdə 4000-ə yaxın şagird sözügedən siniflərdə təhsilini davam etdirir. Bölgələrdə xüsusi siniflərin təşkil olunmasında məqsəd istedadı ilə seçilən şagirdlərin elmi potensialını inkişaf etdirmək, onların müvafiq istiqamətlər üzrə daha keyfiyyətli hazırlığını təmin etməkdir. Həmin siniflər üzrə il ərzində bir neçə dəfə səviyyə müəyyənləşdirmə imtahanı, müəllimlərin peşəkarlıq səviyyələrinin yüksəldilməsi istiqamətində seminar və mühazirələr təşkil edilir. Xüsusi siniflərə dərs deyən müəllimlər şəhər (rayon) üzrə müvafiq fənndən diaqnostik balı yüksək olanlar arasından seçiliblər”.



F.Qarayev qeyd edib ki, xüsusi siniflərin tədris planı və tədris proqramı digər siniflərdən fərqlidir.

“Respublika üzrə fənn müsabiqələrində qalib olan və ya yüksək nəticə göstərən şagirdləri bu siniflərə cəlb edirik. Layihəyə 2 ildir ki, başlanılıb. Uğurlar var, lakin çatışmazlıqlarımız da var. Fənn müsabiqələrində ayrı-ayrı rayonlardan yetəri qədər uşaq iştirak etmir və bir sinfin formalaşması üçün 15-20 nəfər olmalıdır. Bəzən valideynlər şagirdlərin məktəbinin dəyişdirilməsinə razılıq vermirlər, yaxud da şagirdlər öz siniflərini dəyişmək istərmirlər. Bəzən istedadlı şagird rayon mərkəzindən 25 km uzaqlıqda oxumuş olur. Onun valideynləri məktəbin dəyişdirilməsinə razılıq vermirlər. Belə çətinliklər siniflərin istədiyimiz şəkildə komplekləşdirilməsində problemlər yaradır. Həmçinin vəsaitlərlə bağlı problemlər var. Hal-hazırda istər xarici dərc vəsaitlərinin tərcüməsi və bizim müəlliflər tərəfindən yeni vəsaitlərin yazılması prosesi gedir. Ancaq bu o qədər də asan məsələ deyil. Orada siyasi məsələlər, Azərbaycanın mənəvi dəyərlər məsələlərinə xüsusi diqqət yetirilir”.



Daha sonra mediatur iştirakçıları məktəbdə fəaliyyət göstərən VII sinif üzrə riyaziyyat-informatika, VIII sinif üzrə təbiət elmləri təmayüllü xüsusi siniflərdə tədris prosesi ilə tanış olub, müəllim və şagirdlərlə söhbət aparıblar.



Fizika müəllimi Gültəkin Əliyeva 22 ildir bu təhsil ocağında işləyir. Özü də əla qiymətlərlə həmin məktəbin məzunu olub. Müəllimlərin diaqnostik qiymətləndirilməsi imtahanından 51 bal toplayan G.Əliyeva istedadlı şagirdlərə dərs demək hüququ qazanıb. Hazırda təbiət fənləri təmayüllü VIII sinifdə 26 istedadlı şagirdə dərs deyir.



O, bizimlə söhbətində deyib ki, şagirdlərin təbiət elmləri fənlərinə maraqları, elmi potensialları digər paralel siniflərə nisbətən daha fərqli və üstündür.

“Şagirdlərin məntiqi və yaradıcı təfəkkürlərinin formalaşması üçün müxtəlif təlim vasitələrindən istifadə edirəm. Bu pilot layihəni bəyənir və dəstəkləyirəm. Ümid edirəm ki, layihə gələcəkdə şagirdlərin daha mükəmməl biliyə malik olmasına, elmi tədqiqat bacarıqlarının formalaşmasına köməklik göstərəcək. Uşaqlar daha çox əyaniliyə meylli olsunlar deyə elektron resurslardan, çətinliyi artırılmış məsələ kitablarından istifadə edir, eləcə də praktik işləri daha çox aparırıq. Digər paralel siniflərdə həftədə iki dəfə şagirdlərlə görüşürəmsə, bu sinifdə həftədə 4 saat dərs deyirəm. Ona görə bir mövzu ətrafında daha geniş məlumat verə bilirəm. Sinif aktiv fəaliyyətə malikdir. Məndən çox şagirdlər çalışır. Həftədə 4 saat istedadlı şagirdlərə dərs demək mənə müsbət enerji verir”.



Təbiət təmayüllü sinifdə təhsil alan 8-ci sinif şagirdi Mürsəl Hacızadə buraya Biləsuvar rayon 6 saylı tam orta məktəbdən gəlib. O, sınaq imtahanlarında yüksək nəticələr göstərdiyi üçün 1 saylı məktəbi seçib. Bibisi Fizika müəllimi olduğu üçün təbiət elmlərinə maraq göstərən Mürsəl ali məktəblərə qəbul imtahanı üzrə I qrupa hazırlaşır.



Eyni sinfin digər şagirdi Fidan Əsədli isə respublika fənn olimpiadasında kimya fənni üzrə uğurlu nəticə göstərib. Fidan təbiət elmlərini çox sevir və gələcəkdə həkim olmaq istəyir.



Riyaziyyat-informatika təmayüllü 7-ci sinfin müəllimi Nailə Mənsimli 12 ildir ki, 1 saylı tam orta məktəbdə riyaziyyatdan dərs deyir. Diaqnostik qiymətləndirmədə 49 bal toplayıb.

“Təmayül siniflərdə proqram digər siniflərə nisbətən fərqlidir və burada dərslər daha geniş şəkildə keçirilir. Dərslər həftədə 7 dəfə keçilir. Elə günümüz olur ki, 2 saat riyaziyyat dərsi olur. Adi siniflərdə isə bu dərs saatları 5-dir. Məqsəd şagirdlərin nailiyyətlərini yüksəldib, daha yaxşı nəticələr əldə etməsinə nail olmaqdır. Fənn olimpiyadalarına gedəcək şagirdlər var. Amma biz vəsait, proqram cəhətdən çox çətinlik çəkirik”.



Daha sonra mediatur iştirakçıları Masallı rayonu Mahmudavar kənd və Masallı şəhəri 4 nömrəli tam orta məktəblərində yaradılmış icma əsaslı məktəbəqədər təhsil qrupları ilə tanış olublar.

Layihə meneceri İlahə Rəsulova bildirib ki, 2019-cu ilin oktyabr ayından Təhsil Nazirliyinin dəstəyi ilə “İcma əsaslı məktəbəqədər təhsilin inkişafı” layihəsi və 2017-ci ildən “UNİCEF Azərbaycan” və Avropa İttifaqının maliyyə dəstəyi ilə Təhsil İnstitutu tərəfindən “İcma qruplarının iştirakı ilə məktəbəqədər və ibtidai təhsilin keyfiyyətinin yaxşılaşdırılması” layihəsi həyata keçirilir. İcma əsaslı məktəbəqədər təhsil qrupları Masallı da daxil olmaqla respublikanın 33 bölgəsində yaradılıb.



Tanışılıq zamanı qeyd edilib ki, icma əsaslı məktəbəqədər təhsil qruplarının yaradılmasında əsas məqsəd məktəbəqədər təhsil müəssisələri ilə əhatə olunmayan yerlərdə 3-4 yaşlı uşaqlara məktəbəqədər təhsil imkanı qazandırmaq, eyni zamanda məktəbəqədər təhsilin keyfiyyətinin yaxşılaşdırılmasında vətəndaş cəmiyyəti nümayəndələri və icma əsaslı qrupların, o cümlədən valideynlərin rolunu artırmaqdır.

“Layihə çərçivəsində bölgələrdəki ucqar kənd və sərhəd zonaları da daxil olmaqla ümumlikdə 321 icma əsaslı məktəbəqədər təhsil qrupu fəaliyyət göstərir. Bu qrupların hər birində orta hesabla 20 nəfər 3 və 4 yaşlı uşaq olmaqla 6212 nəfər məktəbəqədər təhsilə cəlb edilib. Qruplarda dərslər həftədə 4 dəfə 2 saat olmaqla həyata keçirilir. Proqram eston ekspertləri tərəfindən hazırlanıb. Yanvar ayından daha 250 icmanın açılması nəzərdə tutulur. Hazırda Masallıda 21 icma əsaslı məktəbəqədər qrup və 19 mərkəz fəalliyyət göstərir. Bəzi mərkəzlərdə 2 qrup olduğu üçün say belədir. Təlabat var, layihəyə maraq çoxdur. Bəzən kənd və əhali sayı da çox olur. Oradakı bağçalarda yer olmur. O zaman həmin yerlərdə təlabata əsasən belə mərkəzlər açılır. Amma çalışırıq ki, bağça olmayan kəndlərdə mərkəzlər açılsın. Hazırda burada hər iki icma əsaslı məktəbəqədər təhsil qruplarında 3-4 yaşlı 20 uşaq məşğələlərə cəlb olunub”.



İ.Rəsulova qeyd edib ki, 2017-ci ildən UNİSEF və Avropa İttifaqının dəstəyi ilə başlayan layihə 2021-ci ildə bitəcək: “Oktyabr ayından Təhsil Nazirliyinin dəstəyi ilə başlayan layihə isə 3 il davam edəcək. Şamaxı, Ağsu, Ağdaş, Göyçay, Ucar, Kürdəmir, Zaqatala, Balakən, Oğuz, Qax, Göygöl rayonlarında ilk dəfə Təhsil Nazirliyinin dəstəyi ilə layihəyə başlanılıb”.

İcma əsaslı qrupun rəhbəri Mənzər Ağayev Dövlət Pedaqoji Kollecini bitirərək Bakı şəhərində yerləşən 102 saylı orta məktəbdə laborant işləyib. Ailə qurduqdan sonra isə doğma rayonuna qayıdan M.Ağayev layihə üzrə imtahandan keçib və icma əsaslı mərkəzdə fəaliyyətə başlayıb.

“Keçən il yanvar ayından layihə başladı. Onda bir qrupumuz var idi. Tələbat çox olduğu üçün bu il iki qrup açıldı. Ümumi 2 qrupda 3-5 yaş arasında 40 uşaq var. Burada əsas məqsəd uşaqları ibtidai sinfə hazırlamaq və təhsilin keyfiyyətini yaxşılaşdırmaqdır. Uşaqları əylənərək öyrədirik, məcburiyyət yoxdur”.

Daha sonra mediatur iştirakçıları həmin qruplardakı məşğələləri izləyiblər.



























Aytən Zəhra
Foto: Şahin Sərdarov

Azvision.az


Teqlər: Məktəb   Dərs   Sinif   Şagird   Mediatur   Təhsil-Nazirliyi  





Xəbər lenti