100 yaşlı Dövlət Arxivimiz: Yaddaşımız necə talanıb və necə qorunub - ARAŞDIRMA

      100 yaşlı Dövlət Arxivimiz:    Yaddaşımız necə talanıb və necə qorunub -    ARAŞDIRMA
  19 Fevral 2020    Oxunub:12896
Bu araşdırma həyatımın 25 ildən artıq bir dövrünü divarları arasında mənə tarixlə iç-içə olmaq zövqünü daddıran, hər səhifəsi burum-burum tarix qoxuyan yaddaş xəzinəmizin – tarixi məlumat irsimizi qoruyan müqəddəs məbədgahın 100 illiyi münasibətilə ona vəfa borcum olsun. 100 yaşın mübarək, Azərbaycan Arxivi!
Yeganə Kamal Cabbarlı
Azvision.az üçün

“Vahid Dövlət Arxiv fondunun təşkil edilməsi və Xalq Maarif Komissarlığı yanında Mərkəzi Dövlət arxivinin yaranması haqqında” 13 dekabr 1920 - ci il tarixli dekretin 100 illiyi münasibətilə.

Azərbaycanda dövlət arxiv xidməti və arxiv fəaliyyətinin hüquqi əsasları (1920-1929-cu illər)

Arxivlər də insanlar kimidir – öz taleyi var: ölkə və xalqların gözlənilməz tarixi hadisələrlə sarmaş-dolaş olan, müharibələr, işğallar, zəbt olunmalardan keçən həyatlarında külli miqdarda və heç zaman yeri dolmayacaq mədəni dəyərlər - əvəzolunmaz itkilərlə dolu taleləri.

Hər bir cəmiyyət keçdiyi yolu əks etdirən özünəməxsus tarixi-sənəd irsinin xüsusi qəlibini hazırlayır. Bu qəlibdə “yatan yaddaşı” cəmiyyətə qaytarmaq və onu inkişafa təşviq etmək kimi kommunikativ əlaqəni yerinə yetirənlər isə arxivlərdir. Bu mənada unutmaq olmaz ki, arxiv fondları təkcə dövlətçiliyin vacib elementi deyil, həm də sosial yaddaşın və mədəniyyətin əhəmiyyətli bir hissəsidir.

Arxivlər – xalqın yaddaşı, yaddaşın əfsanələrdən azad, canlı və hüdudsuz təminatçısıdır. Tarixi yaddaşı olmayan bir xalqın qurduğu dövlətin varlığı da şübhə altında qalar. Bəsit bir həqiqət var: xatırlayırıqsa - demək, həm də yaşayırıq.

Arxivlər - tarix elminin özülüdür: sənədlərdə maddiləşən tarix öz tədqiqatçısına bir tərəfdən faktları əxz edir, eyni zamanda, keçmiş həyatın rayihəsini hiss etdirməklə, ona ilham verir. Bu baxımdan arxivlər həm də idrakı funksiyanı əks etdirən mənbə bazasıdır.

Bu gün arxivlər eyni zamanda məlumat prosesləri, resursları və sisteminin bir subyektidir. Onlar yalnız məlumatın qoruyucuları deyil, həm də tədarükçüləridir. Bir məlumat subyekti olaraq, müasir həyatın çağırışına qoşulan arxiv sənədlərinə məlumat məhsulu kimi tələbat da çox geniş və aktivdir. Bu isə məlumat təhlükəsizliyinin böhranlı vəziyyətə düşməməsi üçün həmin məhsul üzərində nəzarətin xarakteri, məqsədyönlülük və sərhədlilik məsələlərini aktuallaşdırır.

Arxivlərin qorunmasını tələb edən, onun daşıdığı olduqca vacib bir funksiya da var: dövlət simvolu funksiyası. Sözün həqiqi mənasında arxivlər heç bir tərəddüdsüz himn, gerb və bayraq kimi həm də bir dövlət simvoludur.

Məna və məqsəd baxımından arxivlərin mövcudluğu əhalinin arxiv sənədlərində qorunan tarixi keçmişə aid məlumatlara olan tələbatının təmin edilməsinə xidmət edir. Hər bir arxivçi fəaliyyətini məhz bu məsələyə həsr etməlidir – bu. onun peşə və ilk növbədə həm də bir vətəndaşlıq borcudur. Bu borc milli dəyərlər və milli yaddaşın qorunmasına xidmət göstərən tarixi mənbələrin – arxiv xəzinəsinin mühafizəsində təzahür edir. Bu funksiyanın uğurlu icrası isə bir sıra amillərlə şərtlənir: hüquqi normalar, kadrların peşəkarlığı, səriştəli və öz vəzifə borcuna sadiq müdiriyyət, arxiv xidmətinin cəmiyyətin gözündə nüfuzluluğu, həmçinin yaxşı təchizatlı bina, etibarlı mühafizə sistemi və s.

Arxivlər – tərəqqi yolu ilə gedən bir xalqın mədəni dəyərlərinin qorunduğu mədəniyyət müəssisəsidir. Bu da mədəni dəyərlərə xidmət edənlərin boynuna həm də onu qorumaq və gələcəyə daşımaq borcu qoyur. Azərbaycan arxivləri də bu tarixi yükü daşımaqla mükəlləfiyyətlidir.

Respublikada dövlət arxiv xidmətinin 100 illik bir tarixə malik olması bizə əsas verir ki, arxiv həyatının naməlum səhifələrini dərindən öyrənək və tədqiq edək.
Azərbaycanda arxiv işinin yeni və əsaslı inkişaf dövrü tarixi isə ölkədəki hakimiyyətin sovet sosalist quruluşlu mərhələsinə təsadüf edir.

XX əsrin əvvəllərində Azərbaycan tarixinə müstəqilliyimizə kölgə salan, əslində onu əlimizdən alan bir işğal günü yazıldı - 28 aprel 1920 -ci il! Bu, Azərbaycan Cümhuriyyətinin süquta uğradıldığı tarixdir. Həmin gün müstəqilliyinə təcavüz edilən Azərbaycan yeni - SSRİ adlanan bir imperiyaya ilhaq edildi və bununla da ölkədəki digər fəaliyyət sahələri kimi arxiv işi də totalitar rejimə onun öz qaydalarına uyğun xidmət göstərməyə başladı.



Doğrudur, Azərbaycan Xalq Cümhuriyyəti arxiv işi ilə bağlı xüsusi bir dekret imzalaya bilmədi, lakin Müvəqqəti Hökumət “Bütün nazirliklərin yanında kargüzarlıq xidmətinin təsis olunması barədə” 27 iyul 1918 – ci il tarixli qərar imzaladı: ilk növbədə Xalq Maarif Nazirliyinə bu məqsədlə iki min rub. kredit ayrıldı (22 iyul 1918 – ci il); Ərzaq nazirliyində dəftərxana ştatının sayı 3 vahid ( 27 iyul 1918 – ci il), Daxili İşlər nazirliyində 1 vahid (26 avqust 1918 – ci il) artırıldı; 21 oktyabrda isə Səhiyyə və Maliyyə nazirliklərinin xüsusi dəftərxana ştatı təsdiq edildi.

Bütün nazirlik və idarələrdə dəftərxana işlərini kargüzarlar və qeydiyyatçılar yerinə yetirirdi. Arxivarius ştatı isə yalnız Dövlət Nəzarət İdarəsinin ştat vahidində mövcud idi (29 oktyabrt 1918 – ci il). Bundan başqa, hökumət Xalq Maarif Nazirliyinin səlahiyyətlərini bir qədər genişləndirdi: hökumətin qərarı ilə 18 sentyabrda bütün dövlət və ictimai mətbəələr onlara məxsus əmlakla birlikdə, oktyabrin 9 -da isə teatr işi Maarif nazirliyin tabeçiliyinə verildi.

Beləliklə, ilk mərhələdə kargüzarlıq mühitində obyektiv fəaliyyət amilli kimi sənədlərin toplanması ilə arxiv işi start götürdü: ayrı-ayrı sənədlərdən ibarət arxiv işləri formalaşdırıldı; daha sonra dəftərxanaların (qeydiyyat şöbələri) yanında idarə sənədləri toplanılmağa başladı və s.

Sovet idarəçilik sisteminə keçid alan yeni hakimiyyət isə anlayırdı ki, inqilabaqədərki hakimiyyət institutlarının dağılması ilə arxiv işi sahəsində də baş alıb gedən ciddi anarxiya, xaos və nəzarətsizliyə son qoyulmadan, çoxsaylı arxiv xəzinəsini məhv olmaqdan və itirməkdən xilas etməyin mümkün olmayacağı şübhəsizdir. Bu baxımdan, mövcud hakimiyyət mərkəzləşməyə çıxış yolu kimi baxırdı. Digər tərəfdən isə bu, totalitar reıimin bolşevik ideologiyasının həm də adekvat əksi idi: ölkəyə rəhbərliyin mərkəzləşdiril-məsi indi arxiv işində də tətbiq edilirdi.

Özlüyündə isə baş verənlər zaman-zaman “məlumatın ötürülməsi” adlı bir fenomenin yaranmasına gətirib çıxarırdı. Bu prosesin məntiqi nəticəsi bir qədər sonra, arxiv sənədlərindən istifadə və onun mühafizəsinin ümumdövlət mərkəzləşdirilməsində təzahür etdi.

Bütün SSRİ məkanında hüquqi baza baxımından RSFSR Xalq Komissarları Sovetinin “Arxiv işinin yenidən təşkili və mərkəzləşdirilməsi haqqında” 1918-ci il 1 iyun - Lenin dekretinin texniki baxımdan isə Rusiya arxif fəaliyyətinin sənədlərlə iş metodunun tətbiqinə başlanıldı. Sənədlərin idarə olunması sistemi isə totalitar dövlət çərçivəsində, idarəçiliyin mövcud prinsip və mexanizmləri əsasında həyata keçirilirdi.

Azərbaycanda bu yeni fəaliyyət sahəsinin - arxiv işinin formalaşdırılmağa başladığı sovet dövrü mərhələsində mərkəzi hakimiyyətin arxivlərlə bağlı eksperimenti anlaşılmaz, qəribə və paradoksal təəssürat yaradırdı: “məxfi”, “tamamilə məxfi ” – möhürü ilə yayılması qadağan edilən “xüsusi fond” sənədləri mövcud idi və belə olan halda isə vahid arxiv fondu adı altında birləşdirilən sənəd xəzinəsi heç də “xalqın arxivi” statusunu qazana bilməzdi.

Bu vəziyyətin təsiri ilə uzun illər arxiv işinin bir çox səhifəsi – xüsusilə, Azərbaycan cümhuriyyət tarixi və partiya arxivləri tədqiq edilməmiş qalırdı. Nəticədə arxiv işi tarixi də “ağ-qara” ləkəli problemlərlə müşayiət olunurdu. Nəhayət, Azərbaycan müstəqillik qazandıqdan sonra, həmin qadağalar aradan qaldırıldı və arxivlərin bütün səhifələri xalqın üzünə açıldı. Bununla belə təəssüflər olsun ki, respublikada arxif fəaliyyətinin bəzi naməlum aspektləri hələ də öz tədqiqatçısını gözləyir.

Bu məqalədə isə Azərbaycan qanunvericiliyində arxiv fəaliyyətinə dair aktlar və arxiv fəaliyyətini nizamlayan normativ – hüquqi bazanın tənzimlənməsi, arxivlər və informasiya mühitində hüquqi münasibətlərin rolunun açılmasına cəhd edəcəyik. Məqalə qanunvericilik aktları, mətbu nəşrlər, çap məhsulları və arxiv sənədləri əsasında yazılıb. Bu, ilk növbədə Azərbaycan İnqilab Komitəsi, Azərbaycan SSR Mərkəzi İcraiyyə Komitəsi, Azərbaycan Xalq Komissarları Şurasının, o cümlədən, SSRİ XKŞ, SSRİ MİK – in dekret və qərarları, eyni zamanda Azərbaycan Respublikası Dövlət Arxivinin (ARDA) fond sənədləri, arxiv işinə dair elmi monoqrafiya və məqalələrdir. Araşdırma xronoloji olaraq 1920-1929-cu illəri əhatə edir. Qeyd olunan sənədlərin təhlili göstərir ki, Azərbaycanda arxiv fəaliyyətinə dair qanunvericilik aktlarının başlanğıc tarixi 1920-ci ilin dekabr ayına aiddir.

Beləliklə, 100 il əvvəl Azərbaycan İnqilab Komitəsinin sədri Nəriman Nərimanovun imzasıyla, Azərbaycanda Vahid Dövlət Arxiv Fondunun yaranması ideyasının əsasını qoyan sənəd qəbul edilir.

Xalq Maarif Komissarlığı (XMK) tərəfindən işlənib-hazırlanmış bu sənədə Azərbaycan İnqilab Komitəsində Nəriman Nərimanovun sədrliyi ilə keçirilən 6 dekabr taixli iclasda baxılır. 13 dekabrda N. Nərimanovun imzasıyla sənəd qəbul edilir və 15 dekabr 1920-ci il tarixdə isə “Vahid Dövlət Arxiv fondunun təşkil edilməsi və Xalq Maarif Komissarlığı yanında Mərkəzi Dövlət arxivinin yaranması haqqında” dekret “Kommunist” qəzetində dərc olunaraq ictimailəşdirilir. Doğrudur, XMK gücsuz bir təşkilat idi və qanunvericiliyə söykənərək, idarə qaydalarının bərpa edilməsi cəhdlərini yarıb keçə biləcək möhkəm və davamlı bir üst təsisat ola bilmədi. Lakin nəticədə o, Azərbaycanda arxiv quruculuğunun gələcək inkişafına yol açan və arxiv fəaliyyətinin əsasını qoyan ilk qurum oldu.

13 dekabr dekretinə aparan yol da həmin qurumdan başladı. Hələ may ayında arxiv işinin təşkili və xüsusi arxiv orqanının yaradılması ilə bağlı məsələ XMK-də keçmiş abidələrin mühafizəsi üzrə yarımbölmənin iclasında müzakirə edilmiş və ali dövlət hakimiyyətinə - Azərbaycan İnqilab Komitəsinə bu barədə təklif ünvanlanmışdı. Bu dekretin layihəsini işləyən isə həmin bölmənin tədris-mühazirə yarımbölməsinin müdiri, sonradan Azərbaycan Dövlət Arxivinin ilk direktoru təyin edilmiş, tarixçi-arxivçi A.L.Popov oldu. Dekretin inkişaf etdirilməsi üçün XMK-nın qərarı ilə Əmək Muzeyi yanında Tarix–İnqilab Arxivi Vahid Dövlət Arxiv fondunun tərkib hissəsi elan edilir və respublikada arxiv işi təmərküzləşənə qədər onun muxtariyyət hüquqlu filialı kimi Əmək Muzeyi yanında fəaliyyətini davam etdirir. Tarix–İnqilab Arxivinin bütün iş və sənədləri Dövlət Arxivinin qeydiyyatına verilir və sonuncunun icazəsi olmadan sənədlərin çıxarılması və ya məhv edilməsi qadağan olunur.

Həmin Dekret Azərbaycan SSR-də arxiv işi üzrə qapalı mühafizə sisteminin ləğvi, sənəd materiallarından istifadə və onların ümumxalq mülkiyyətinə çevirilməsini elan edir: 1920-ci il 28 aprel tarixinədək respublikada mövcud olmuş bütün idarə və ictimai təşkilatların arxivlərindən ibarət Vahid Dövlət Arxiv Fondu (VDAF) yaradılır və Azərbaycan SSR Xalq Maarif Komissarlığı yanında təşkil edilmiş Mərkəzi Dövlət Arxivinin tabeçiliyinə verilir.

Nəticədə “Vahid Dövlət Arxiv fondu və Xalq Maarif Komissarlığı yanında Mərkəzi Dövlət arxivinin təşkil edilməsi barədə” dekret Azərbaycanda ilk dəfə olaraq, arxiv işinin hüquqi əsasını qoyur: faktiki olaraq bütün ölkədə arxiv işinin mərkəzləşdirilmiş idarəçiliyinə başlanılır; ölkə ərazisində inqilabaqədərki dövrdə mövcud olan bütün idarə, müəssisə və ictimai təşkilatların sənədləri qanunvericiliklə vahid bir mərkəzdə birləşdirilir; idarələrin boynuna sənədlər üzərində hakimiyyət yükü qoyulur; idarə, təşkilat və müəssisələr müəyyən edilmiş müddətdə istifadədən çıxmış “kağızlar” la vidalaşmaq üçün vəzifələndirilir.

Dekretin 4-cü bəndinə əsasən: “İndi fəaliyyət göstərən idarələrin (gündəlik fəaliyyətləri üçün öz əhəmiyyətini itirməmiş olan) bütün cari arxivləri Mərkəzi Dövlət Arxivi ilə müvafiq idarələr arasındakı qarşılıqlı sazişə əsasən qəbul olunan müddət ərzində onların özlərində qalır və yenə onların aralarındakı qarşılıqlı sazişə əsasən bunlardan Mərkəzi Dövlət Arxivinin istifadə etmək qaydası müəyyən edilir”. (“Azərbaycan SSR Qanunları külliyyatı”, 1920, № 8, mad. 696 ) Eyni zamanda, dekretlə həm də qadağan edilir: “Mərkəzi Dövlət Arxivinin icazəsi və yazılı razılığı olmadan dövlət arxivlərinin və ictimai idarələrin heç bir işi, yazışmanı və ya ayrı – ayrı kağızları belə məhv etməyə ixtiyarı yoxdur”.( yenə orda, maddə 6).

Azərbaycanda arxiv fəaliyyətinin “Muzekskurs” dövrü (1920-1922) də adıçəkilən dekretdən başlayır. Dekretinin icrasina nəzarəti İnqilab Komitəsi və Xalq Maarif Komissarlığı həyata keçirirdi. Mərkəzi Dövlət Arxivi də dövrünün “dişsiz” və zəif bir qurumu olan Xalq Maarif Komissarlığına bağlanmışdı. Arxiv məsələləri ilə komissarlığın Məktəbdənkənar şöbəsinin Muzey-ekskursiya (Muzekskurs) bölməsi məşğul olurdu. Bölmə 1920-ci ildə yaradılmışdı və tərkibinə tarix-arxeoqrafiya, tarix-arxeoloji, bədii-arxeoloji və kitabxana seksiyaları daxil edilmişdi. “İstiqlal” muzeyi, “Qədim abidələrini mühafizə Komissiyası”, “Əmək” muzeyi və “Doğma diyarı öyrənən Azərbaycan cəmiyyəti” də Muzekskursun tabeçiliyində idi.

Muzekskursun geniş fəaliyyət spektrində arxeologiya, muzeylərin, kitabxanaların və s. təşkili ilə bağlı məsələlər həllini tapırdı. Onun əldə etdiyi olduqca qiymətli arxeoqrafik materiallar arasında Azərbaycan Cümhuriyyət Parlamenti Qanunvericilik şöbəsinin arxiv sənədləri, AXC Xarici İşlər Nazirliyi yanında rus çarizminin xarici siyasətinin öyrənilməsi üzrə xüsusi komissiyanın topladığı materiallar, həmçinin XIX yüzilliyin 40–50-ci illərinə aid tarixi əhəmiyyətli sənəddlər yer alırdı. Arxiv işi ilə bağlı məsələlərlə isə ayrı - ayrı vaxtlarda bölmənin müxtəlif seksiyaları məşğul olurdu: tarix – arxeoqrafiya, tarix – arxeoloji, bəzən isə bədii – arxeoloji seksiyanın sənədlər (və ya arxiv hissəsi) yarımbölməsi.

Muzekskurs qeyri-sabit struktura malik idi və digər tərəfdən işçi çatışmazlığı problemi yaşayırdı. Bu səbəbdən işçilər eyni vaxtda arxeologiya, arxiv işi, muzeyşünaslıq, abidələrin qorunması, kitabxanaşünas-lıq və s. kimi fərqli sahələrə aid işlərlə məşğul olmaq məcburiyyətində qalırdılar.
Arxiv materiallarını məhv olmaqdan xilas edənlər arasında Muzekskursun işçisi, arxeoloq – alim Y.A. Paxomov (tarix-arxeoloji bölmənin keçmiş müdiri) xüsusilə fərqlənirdi. Tarix-arxeoloji bölmə ( həmin vaxt müdiri M. Ağayev ) elmi – tarixi əhəmiyyət kəsb edən arxiv sənədlərinin uçota alınması və arxivlərin yoxlanılması planını hazırlamış və 1920 ci ilin iyul ayından etibarən onu həyata keçirməyə başlamışdı.
Seksiya qarşısında hədəf qoymuşdu: arxeoqrafiya komissiyası yaratmaq; yazılı mənbələri öyrənmək məqsədilə respublika üzrə arxeoqrafik ekskursiya həyata keçirmək; qəza arxivlərini detallı şəkildə tədqiq etmək; yazılı mənbələri öyrənmək və nəşr etdirmək.

Lakin bütün bu iri həcmli və mürəkkəb işlər təbii olaraq, belə balaca ştat vahidinə və qeyri - sabit struktura malik bir bölmənin gücünü aşırdı: nə bir hüquqi bazası vardı, nə də heç bir qanunvericilik aktına və təsisata malik deyildi.

Arxiv quruculuğunun həyata keçirilməsi üçün isə bütün mövcud idarə, müəssisə və ictimai təşkilatların arxivləri araşdırılmalı, Vahid Arxiv Fonduna salınacaq sənədlər aşkarlanmalı idi. Lakin prosesi ləngidən inzibati əngəllər də az deyildi.

Arxivlərin qorunması ilə bağlı ilk xəbərdarlıq əslində Xalq Əmək Komissarlığından gəlmişdi. 17 avqust 1920 – ci il tarixlı “Fəhlə və işçilərin Suraxan vannasından istifadə qaydaları və müəssisələrə arxivləri məhv etməyin qadağan olunmasına dair” - qərarın 2 - ci bəndində deyilirdi: “Xalq Əmək Komissarlığına məlumat çatmışdır ki, bir sıra müəssisələrdə arxivlər məhv edilir; bir çox arxivlərin tarix üçün qiymətli material olduğunu hesab edərək, Xalq Əmək Komissarlığı bütün müəssisələrdən xahiş və ciddi şəkildə tələb edir ki, onlar saxlanılsın və heç bir halda məhv edilməsin”.( “Azərbaycan SSR Qanun və sərəncamlar külliyyatı”, 1920 – ci il, № 4, maddə 349)
Baxmayaraq ki, Azərbaycanda sovet hakimiyyəti qurulduğu gün Bakı Şəhər Komendant idarəsi və Bakı qarnizonu rəisindən keçmiş idarə arxivlərində saxlanılan elmi - tarixi əhəmiyyətli materialların aşkarlanması üçün icazə alınmışdı, bununla belə, həmin məqsədlə müəssisə arxivlərinin yoxlanılmasına icazə verilməsi ilə bağlı Azərbaycan SSR Xalq Daxili İşlər Nazirliyi qarşısında qaldırılan məsələ rədd edilir.

Bir qədər sonra isə məsələ həllini tapır və dövlət arxivinin məqsədyönlü şəkildə komplektləşdirilməsinə başlanılır. Avqust ayında ilk arxiv materialları - Azərbaycan Xalq Cümhuriyyəti Parlamentinin qanunveri-cilik şöbəsi və Cümhuriyyət hökumətinin bəzi sənədləri, eyni zamanda Bakıda həmin dövrdə nəşr olunan qəzetlər (“Azərbaycan”, “iskra”, “Borba” və s.) Muzekskursa gətirilir.

Muzekskursun işçiləri Azərbaycan Xalq Təsərrüfatı Şurasının (AXTŞ) yazı kağızı istehsalı üçün xammal yığım və tullantı şöbəsinə ( Utilbum ) daxil olan materialları nəzarətə götürür və onlara qiymətli arxiv materiallarının məhv edilməməsi ilə bağlı xəbərdarlıq edirlər.

Utilbum isə həmin vaxta qədər lazımsız tullantı adı altında külli miqdarda qiymətli arxiv sənədlərini məhv etmişdi. Belə tullantılar sırasında Bakı Portunun arxivi bütünlüklə, Bakı Quberniya idarəsi arxivinin isə bir hissəsi vardı. Dekabr ayında Utilbumun makulaturası içərisindən Bakı Şəhər İdarəsi Statistika şöbəsinin XIX əsrə aid sənədləri aşkarlanaraq saxlanılır. Lakin xilas edilmiş bu sənədlər məhv olmaq təhlükəsi ilə qarşı -qarşıya qalan nəhəng həcmli arxiv materiallarının hələlik yalnız cüzi bir hissəsini təşkil edirdi.

Dövlət arxivi sənədlərin toplanması və mühafizəsi işi ilə bağlı çox vaxt maddi təxsisat almırdı və bu proses əməkdaşların şəxsi vəsaiti hesabına həyata keçirilirdi. Arxiv sənədlərində Bakı qradonaçalnik-liyinin sənədlərinin məhz bu yolla əldə edilməsi əks olunur.

Lakin bəzən Dövlət arxivi əldə etdiyi sənədləri ona məxsus olan binalarda oğurlanmaqdan və məhv olmaqdan lazımi səviyyədə qoruya bilmək üçün sənədləri daş hörgülü binalara yığıb, qapısını möhürləmək məcburiyyətində qalırd. Sənədlərdə Bakı quberniya idarəsi arxivinin bu yolla qorunması faktları mövcuddur. Buna baxmayaraq, bu kimi tədbirlər də çox vaxt fayda vermir, kilidlər sındırılır, oğurlanmış arxiv sənədləri qonşu dükanlarda satılırdı.

Sovet hökumətinin şəxsi ticarətə icazə verməsi də arxivlərin satılması və oğurlanmasına şərait yaradırdı: idarə və təşkilatların, həmçinin şəxsi adamların olduqca qiymətli arxivləri bazarlarda satılırdı.
Gəncə icraiyyə komitəsi tərəfindən satışa çıxarılan Yelizavetpol quberniya idarəsinin arxivi də bu qəbildəndir. Həmçinin neftsənayeçiləri firmalarının 250 pud Torpaq və Dövlət əmlakı idarəsinin 201 pud həcmində sənədi də makulatura adı altında satılmışdı.

Kaspar Xüsusi Komissiyası da arxivlərin satılması işində fəal iştirak edirdi. Onun qərarı ilə gəmi şirkətləri-nin böyük həcmli arxiv sənədləri xarici ölkələrə satılırdı. Bu əsasən, ingilis müdaxiləsi və müsavat dövrü-nün sənədləri idi. Həmin sənədlər nədənsə “əhəmiyyətsiz” hesab edilirdi və guya düyü ilə mübadilə olunmaq üçün İrana göndərilirdi.

Dövlət arxivi, arxiv materialları ölkədən çıxarılmasın deyə təkcə bazarları deyil, gömrükxananı da daimi nəzarətdə saxlamağa çalışırdı. Sənədlərdə Yelzavetpol Əyalət Məhkəməsi arxivinin gömrükxanadan İrana ötürülməsi ilə bağlı məlumat verilir.

Belə neqativ halların qarşısının alınması isə yalnız qanunvericiliklə nizamlana bilərdi və bir qədər gec olsa da hökumətdən ilk reaksiya gəlir. 1922 – ci ilin may ayında Azərbaycan SSR Xalq Komissarları Soveti “Keçmişdə və indi mövcud olan hökumət idarələrinin, ictimai təşkilatların və ticarət - sənaye müəssis-ələrinin arxivlərinin qorunması haqqında” - dekret imzalayır.

1923–cü ildə isə Az. MİK növbəti iki qərarı ( 27 fevral və 27 avqust ) imzalayır. Rəsmi göstərişlə Azərbaycan Respublikası idarələrində arxiv sənədlərinin qorunması və onların Mərkəzi Dövlət arxivinə verilməsi tələb, Dövlət arxivinin razılığı və yazılı icazəsi olmadan sənədlərin çıxarılması və məhvi isə qadağan olunur. (“Qanun və sərəncamlar külliyyatı”, 1923 – ci il, № 3, mad. 149; № 9, mad. 358; “Bak. rab.”, № 60, 18 mart; № 201, 7 sentyabr 1923–cü il).

Respublikanın icra hakimiyyəti orqanlarına “tədbirlərin icrasının dəqiqliyinə ciddi nəzarət etmək və günahkarları dövlət əmlakını dağıtmağa görə qanuni məsuliyyətə cəlb etmək” tapşırılır.
Arxivlərin qorunmasını tənzimləyən tədbirlərdən sonra oğurluq və talan halları bir qədər azalır. 1922–ci ilin sonuna qədər Azərbaycan Mərkəzi Dövlət arxivi nəhayət 26 fondu qeydiyyata götürür ki, onların içərisində olan 5 ən qiymətlisi dövlət arxivində toplanılır: Bakı qradonaçalniki, Bakı quberniya idarəsi, Qafqaz dağ-mədən idarəsi, Gəncə Əyalət məhkəməsi və Şamaxı məhkəməsinin dəftərxanaları.

Adıçəkilən fondların ümumi sayı 500 min saxlama vahidi həcmində idi. Həmin sənədlərdən ibarət 1.000 saxlama vahidi həcmində 5 fond Əmək Muzeyində toplanmış, qalan 16 fondun mühafizəsi isə müvafiq idarə və təşkilatlara həvalə edilmişdi.
Sovetləşmənin ilk illərində cəmiyyətdə baş verən sosial-siyasi islahatlar, inqilabi çeviriliş - arxiv işi üçün də çətin sınaq olur və təsirsiz ötüşmür. Ölkədə hökm sürən ağır maliyyə vəziyyəti, yeni hakimiyyətin ideoloji istiqaməti və s. mövcud dekretin məntiqi olaraq yekunlaşmasını da ləngidir.

Azərbaycan Mərkəzi Dövlət arxivinin yeni yaradılmış təsisat kimi, tam formalaşdırılması prosesi nəhayət, 1921–ci ilin martında yekunlaşır. Lakin 1922–ci ilin avqust ayına qədər XMK–nın Akademik şöbəsinin tərkibində, Muzey–arxiv şöbəsinin yarımbölməsi qismində qalaraq, ali hökumətə bağlı müstəqil idarə kimi fəaliyyət göstərə bilmir.

Fəaliyyətinin ilk mərhələsində Dövlət arxivi cəmi 3 ştata (arxiv müdiri, arxivarius, elmi katib) malik idi. Xalq Maarif Komissarı D.Bünyadzadənin sərəncamı ilə A. L. Papov Azərbaycan SSR Dövlət arxivinin ilk müdiri, M. Zərgərov katib, S. Y. Yaqubi isə arxivarius təyin edilirlər. 1922- ci ildə ştatlar 1 vahid (elmi arxivist) artırılır. Həmin vəzifənin icrası professor F.V. Blaqovidova tapşırılır.

Lakin işçi çatışmazlığı bütövlükdə arxiv işini - sənədlərin qaydaya salınması, qeydiyyatı və mühafizəsini ləngidirdi. Bu səbəbdən respublikada arxiv fondunun həcmi ilə bağlı məlumat yox idi. 12 avqust 1922 – ci ildə Az. MİK Rəyasət heyətinin qərarı ilə arxiv işinin idarə olunması hüquqi cəhətdən Azərbaycan Mərkəzi İcraiyyə Komitəsinin sərəncamına verilir. Lakin metodiki münasibətlər baxımından, XMK-nın sərəncamında qalmaqda davam edir. Ali hakimiyyət orqanına tabeçilik dövlət arxivinin nüfuzunu qaldırır və o, bir təsisat kimi hüquqi nöqteyi-nəzərdən möhkəmlənir. Artıq 1922-ci ilin sentyabrında 2 elmi əməkdaş, 1 arxivarius, 2 arxivarius köməkçisi və 1 gözətçi olmaqla, onun ştat vahidi artırılaraq 7 nəfərə çatdırılır.

Həmin il arxivin rəhbərliyi də dəyişir: A.L.Papovun Moskvaya köçməsi ilə əlaqədar A. Sübhanverdixanov arxivə yeni müdir təyin edilir, F.V.Blaqovidov elmi arxivçi vəzifəsində qalır, elmi əməkdaşlar – R. Şabanov və İ. Şeyxzadə, arxivariuslar – A. Şahtaxtinski, F. Hüseynov, arxivarius köməkçiləri isə - A. Talışinski və B. Benioviç təyin edilirlər.

Az. MİK–in sərəncamına keçdikdən sonra arxivin maddi vəziyyətində qismən irəliləyiş olur və işin xarak-terinə uyğun olaraq əməkdaşlara xüsusi əmək haqqı təyin edilir: müdir və elmi arxivariusun maaşı professorların məvacibinə, elmi əməkdaşların maaşı – universitet müəllimlərinin, arxivarius və onların köməkçilərinin maaşı isə zərərli işə görə əmək haqqının100% - i əlavə edilməklə, mədəniyyət işçilərinin maaşına bərabər tutulur.
1923 – cü ildə ştatlar artırıldıqdan sonra arxiv əməkdaşlarının sayı 10 nəfər olur, 1925 – ci ildə isə 18 nəfərə çatdırılır.

Azərbaycanda arxiv sənədlərinin sayı və vəziyyətini müəyyənləşdirmək məqsədi ilə Mərkəzi Dövlət Arxivi fəaliyyətdə olan idarə arxivləri üçün 21 maddədən ibarət xüsusi sorğu vərəqi hazırlayır və müəssisələrə paylayır. Lakin qəzalarda cavablar ləngidilirdi: sorğu cavabları çox vaxt qeyri – dəqiq və anlaşılmaz, fondların həcmi və vəziyyəti haqqında məlumatlar isə natamam olurdu. Göyçay qəzasınin timsalında məsələnin mahiyyəti daha aydın büruzə verir: qəza milisi və xalq məhkəməsinin arxivləri üzrə sorğular yerinə yetirilərkən ayrı- ayrı işlərin və bağlamaların sayı deyil, yalnız arxivin ümumi sayı göstərilirdi.

Belə “qiyabi” sorğunun təsirlilik amilinin aşağı olması paytaxtda və yerlərdə bilavasitə arxivlərin fərdi müayinəsini aparmağı tələb edirdi. Mərkəzi arxivdə isə maddi vəsait çatışmadığından bu iş üçün XMK–nın məktəbdənkənar şöbəsinin səyyar təlimatçısını xidmətlərindən istifadə edilir. Müayinələrin nəticəsi isə gözlənilən kimi olur: qəza arxivlərinin əksəriyyəti məhv edilmiş, dağıdılmış və oğurlanmışdı. Xüsusilə, Gəncə qəzasında.

Dövlət arxivi ilk növbədə məhv olmaq təhlükəsi ilə üz-üzə qalan sahibsiz arxivlərin xilas olunması üçün tədbirlər görməyə başlayır. Lakin onun fiziki imkanları heç olmazsa, daha qiymətli sənədləri özündə toplamağa yol vermirdi: Dövlət Muzeyində arxiv əvvəlcə 15 metrlik qaranlıq bir otağa sonradan isə günəş işığından məhrum balaca anbarı olan ikigözlü otağa sığınmışdı.

1923-cü ilin əvvəllərində Azərbaycan Mərkəzi arxivinə şəhərin 2 ərazisində yer ayrılır: keçmiş Qorçakovski küçəsində bir gözlü, Staropolitseyskidə isə üç gözlü otaq. Az. MİK həmin binaların arxivə uyğunlaşdırılması üçün vəsait də ayırır. Bununla belə məişət şəraiti arxivçilərin fəaliyyətini çətin vəziyyətə salırdı. Dövlət arxivinin özünəməxsus binası yox idi. Arxiv ləğv olunmuş inqilabaqədərki imperiya və cümhuriyyət idarələrinin arxivlərinin tam qəbulundan imtina etməli olurdu və arxivlərin qəbulu təhlükə altında olan vacib sənədlərin yalnız bir qismi ilə məhdudlaşırdı.

Lakin bütün çətinliklərə baxmayaraq mərkəzi arxiv fəaliyyətini davam etdirirdi. Sənədlərin toplanması, seçilməsi və sistemləşdirilməsi, sistemli göstəricilər, elmi siyahıların hazırlanması və nəşriyyat - redaksiya işlərinə hazırlıq fəaliyyətin əsas istiqamətini təşkil edirdi.

(Ardı var)


Teqlər: Arxiv   Araşdırma  





Xəbər lenti