Əgər min nəfər yoluxsa... - Qalib Əsədovun yazısı

   Əgər min nəfər yoluxsa... -    Qalib Əsədovun yazısı
  17 Mart 2020    Oxunub:28847
Qalib Əsədov*

Çində, İranda, İtaliyada, Fransada, İspaniyada və digər ölkələrdə statistikanı araşdırandan, bu sahədə beynəlxalq səviyyəli mütəxəssislərin rəylərini oxuyandan sonra gəldiyim qənaəti sizlərlə paylaşmaq istəyirəm.
Tutaq ki, 1000 nəfər bu virusa yoluxub. Onlardan uşaqlar və gənclər də daxil olmaqla, haradasa 900 nəfərdə yüngül qrip əlamətləri olacaq və immun sistem özü virusun öhdəsindən gələcək.

Yerdə qalan 100 nəfərin stasionar müalicəyə ehtiyacı olacaq. Çünki ağır simptomlar üzə çıxacaq - hərarət, baş ağrısı, quru öskürək, ümumi zəiflik və s.

100 nəfərən 80 nəfəri görülən tədbirlərin sayəsində tam sağalacaq. Yerdə qalan 20 nəfərdə ağırlaşma müşahidə olunacaq. İkitərəfli pnevmoniya, boğulma başladığından, reanimasion tədbirlərə ehtiyac yaranacaq. Məhz bu 20 nəfərdən orta hesabla 5 nəfəri dünyasını dəyişəcək.

Düzdür, hətta bir insanın ölümü də faciədir, buna söz yox; amma ümumilikdə rəqəmlər elə də qorxulu deyil, eləmi?

Bəs niyə dünyamız bu qədər çalxalanır? Məsələ burasındadır ki, bu virusla yoluxma dalğavarı şəkildə birdən-birə yüksəlir, xəstələnmədə sıçrayış baş verir. Misallarla izah edim ki, sizə rahat olsun.

Məsələn, İspaniyada özəl və dövlət xəstəxanaları ilə birlikdə 200.000 çarpayı var və onlardan 4000 çarpayı reanimasiyadadır. Xəstəxanalarda həm də digər xəstəliklərdən əziyyət çəkən xəstələr var. Hazırda İspaniyada cəmi 3-4 günün içində 11.178 nəfər xəstələnib. Virus sürətlə yayıldığı üçün, ekspertlərin hesablamalarına görə, 40 milyon əhalisi olan İspaniyada tezliklə xəstələnənlərin sayı 3,2 milyon olacaq ki, onların da 600 minini stasionarda müalicə etmək lazımdır. 200 min nəfər isə oksigen və süni tənəffüs aparatları ilə təmin olunmuş reanimasiyaya yerləşdirilməlidir. Bax, bu zaman hərbi qanunlar işləməyə başlayır. O kəslər xilas olunur ki, daha gəncdir və ya yaşamaq şansı daha çoxdur. Səhiyyə sistemi kollaps vəziyyətinə düşür.

Bu gün bizim dövlət də, o cümlədən, Dünya Səhiyyə Təşkilatı da məhz bunun qarşısını almağa çalışır. Tövsiyyəm: karantin tədbirlərinə ciddi riayət edin, adamların toplaşdığı məkandan qaçın, əllərinizi tez-tez yuyun. Bu virusla yoluxmuş biri heç ozünün xəbəri olmadığı (əlamətlər bir neçə gündən, bəzən həftədən sonra başlayır) halda, sizi yoluxdura bilər. Bir sözlə, sağlamlığımız öz əlimizdədir.

* Qalib Əsədov - Həkim-nevroloq, Avropa Nevrologiya Akademiyasının üzvü



Teqlər: Koronavirus  





Xəbər lenti