“Vətən yolunda döyüşə getməyə, şəhid olmağa hazırıq” - Tanınmış şair

“Vətən yolunda döyüşə getməyə, şəhid olmağa hazırıq” -  Tanınmış şair
  17 İyul 2020    Oxunub:3100
"Vətənin dar günüdə İsmayıllıda ayağımı uzadıb istirahət edə bilmərəm".
Bunu Azvision.az -a açıqlamasında tanınmış şair Baba Vəziroğlu deyib. O bildirib ki, özünü ziyalı sayan, cəmiyyətin fəal üzvü olan insanlar indiki məqamda Bakıdan uzaqlaşmamalıdır.

"Hadisələrin, problemin episentri bu gün Bakıdır. Bu gün sən, mən yoxdur. Bu gün hamı var. Məndən soruşanda ki, Baba müəllim, necəsiniz? Deyirəm ki, hamı kimi. Çünki indi hamı eyni narahatlığı keçirir, hamını eyni problemlər düşündürür. Həm pandemiya, həm də erməni təxribatı ilə əlaqədar ortaq dərdimiz var. İsmayıllıda iki mərtəbəli bağ evim qalıb. Getmirəm. Rəva görmürəm ki, gedib millətin bu günüdə ayağımı uzadıb istirahət edim. Bu gün hamımız Vətən yolunda döyüşə getməyə də, şəhid olmağa da hazırıq. Hər bir Azərbaycan vətəndaşı Ali Baş Komandanın və Ordumuzun yanında olmalıdır.

Bakıda evimdə karantin günlərini keçirirəm. Prosesləri həyəcanla izləyirəm. Boş vaxtlarımda evdəki problemlərlə məşğul oluram. Sən demə, evdə olan iş çöldəkindən çoxdur. Artıq diqqət etməyə başlayırsan ki, çılçıraq əyri dayanıb, işıqları yanıb. Parketin qırağı qopub. Təsərrüfat işləri adamın diqqətin cəlb edir. Mən təmirlə bağlı bir çox sahələri bilirəm. Şair olmasaydım, rəngsaz, elektrik ustası olardım. Bütün bu işləri bacarıram. Elə bir ləzzətlə edirəm ki, çöldə vacib bir missiyanı yerinə yetirməkdən daha çox zövq alıram.

İllər boyu nə qədər foto, yazılı, video arxiv yığılıb qalıb. Sonraya hamısını saxlamışam. Bir də baxıram ki, necə şəkillərdir, ilahi, özümü orada heç tanımıram. AzTV-də veriliş apardığım vaxtlara baxıram. Yazışmalarıma nəzər salıram. Özümü yenidən kəşf edirəm. Bəzən fotolardan elə insanlar boylanır ki, özümü söyməkdən saxlaya bilmirəm, söyürəm. Deyirəm, bu insanlar bir vaxtlar sənin həyatının bir parçası idi, bəs nə oldu? Bəlkə, onların çoxu həyatdan köçüb, övladlarının köməyə, dəstəyə ehtiyacı var? Niyə zəng etmirsən ki, nə var, nə yox".

B.Vəziroğlu pandemiyanın ovqatına təsir etdiyini dilə gətirib: "Karantin bütün planlarımın üstündən xətt çəkdi. Hansı ovqatla oturub yazasan. Nə yazasan? Bu pandemiyanın kökü, dini, imanı yoxdur. Mübarizə yolu da tapılmayıb. Dünyada ən çıxılmaz vəziyyət naməlumluq şəraitində olur. Nə vaxt bitəcək, məlum deyil. Amma bu virus ermənidən rəzil, murdar deyil. Erməni ilə mübarizə apara biliriksə, virus qarşımızda çox aciz düşməndir.

Dünya müqayisə üzərində qoyulub. Təbiət hərdən insanları sınağa çəkir. Erməni olmasaydı, haradan bilərdik ki, dünyada yaxşı və ya pis millət var. Erməni ilə müqayisə edərək yaxşı millətlərin qədrini bilirik".

Şahanə Rəhimli
Azvision.az


Teqlər: BabaVəziroğlu  





Xəbər lenti