Mətbuat muzeyindən REPORTAJ - FOTOLAR

Mətbuat muzeyindən REPORTAJ - FOTOLAR
  22 Yanvar 2014    Oxunub:3631
Türkiyədə yaşadığım səmtdə - Fatihdə mətbuat muzeyi varmış. İki ildir yanından keçirəm və böyük, izdihamlı binanın mətbuat muzeyi olduğuna diqqət belə etmirəm. Yalnız başqa bir muzeyin ünvanını axtarakən qarşıma çıxır və iki illik diqqətsizliyimlə üz-üzə qalıram.
Maraqla muzeyin giriş qapısına doğru irəliləyib, qapıdakı keşikçiyə “nə zaman muzeyi gəzə bilərəm”- deyə sual verirəm. Deyir ki, mətbuat kartın varsa, istənilən günü və saatı ziyarətə açıqdır. Köhnədən qalma kartımı göstərib içəri girirəm. Bina o qədər böyükdür ki, bura muzeydən çox, nazirlik binasını xatırladır. Ona görə də ilk muzeyin tarixi ilə maraqlanıram.



Məlum olur ki, bina Maarif Naziri Saffet Paşa tərəfindən 1865-ci ildə inşa edilib. Bu bina Milli Təhsil Nazirliyinə verilib. Sonra isə burda Osmanlı Sansür heyyəti çalışıb və 1908-ci ildə İstanbul bələdiyyəsinə verilib. Sonradan bələdiyyə başkanı ilə Mətbuat Cəmiyyəti arasındakı anlaşmaya əsasən binanı cəmiyyət kiralayıb. Bina təmir edildikdən sonra 1988-ci ildən Mətbuat Muzeyi kimi fəaliyyətə başlayıb. Bu muzey dünyanın dördüncü mətbuat müzeyidir.



Binanın zirzəmi qatında qədim mətbuat texnalogiyası və bu texnologiya ilə çap edilın əsərlər sərgilənir. Bundan başqa bu mərtəbədə əski çap makinələri yer alır. Burda 1870-ci ilə aid tarixi daş çap makinəsi, 1892-ci ildə yaradılan tipo çap makinası, prob dəzgahı, Almaniyanın icadı olan 1930-cu ilə aid düz çap edən iki ədət əl pedalı, mətbəə bıçaqları, taxta və qurşun qəliblər sərgilənir.
Muzeyin ikinci mərtəbəsində isə 1729-cu ildə Türkiyədə qurulan ilk mətbəənin maketi, bura çap edilən qəzetlərdən nümunələr, müxtəlif yazılı sənədlər, qəzetlər haqqında məlumatlar, mətbuatın istifadə etdikləri maşınlar və müxtəlif makinalar var. Eyni zamanda türk mətbuat tarixinin başlanğıcı olan 1828-ci ildə ilk dəfə çap olunan Vakayi-I Mısırıyə Qəzeti də sərgilənir. Bundan başqa sonradan çapına qərar verilən qəzetlərin nümunələrini də görmək olur.



Mətbuat sənayesi ilə bağlı müxtəlif əsərləri də muzeydə tapmaq olar. XIX yüzillikdən qalma cildləmə maşınları, Radiofoto, Telefoto cihazlarının ilk örnəkləri, telecihazları və 1970-ci illərdən istifadəsinə başlanılmış çap maşınları da sərgidə yerini alır. Muzeydə sərgi salonları ilə bərabər sənət qalereyası da var. Bu qalereyada ebru, xətt, təzhip münyatür əsərlərə rast gəlmək olur.
Muzeyin 3-cü mərtəbəsini gəzirəm. Burada böyük bir kitabxana var. Kitabxanada müxtəlif qəzet, kitab, jurnallar var. Eyni zamanda Türkiyə mətbutı ilə bağlı bir sıra sənədlər, həmçinin kitabxanada 25 nəfərlik oxuma zalı var.



Jurnalistlər istədikləri zamanı bura gələ və mətbuat tarixinə dair əsərlərlə tanış ola bilərlər. Bundan başqa 100 nəfərlik konfrans salonu mətbuat işçilərinin önəmli tədbirlərini keçirmələri üçün nəzərdə tutulub.
Muzeydə yeni və çox önəmli bir köşə də açılıb. Bu köşədə peşə borclarını yerinə yetirərkən şəhid olmuş jurnalistlər haqqında bilgilər və şəkillər yer alıb…



Azərbaycan mətbuat tarixi də çox zəngindir və muzeyi gəzdikcə ölkəmizdə mətbuat muzeyinin açıldığını və orada sərgilənəcək əsərləri düşünürəm. Mətbuatda kifayət qədər nüfuzu olan mətbuat rəhbərləri bu muzeyi gəzsələr hər halda belə düşünərlər. İstanbula tez-tez səfər edən həmkarlarıma da muzeyi gəzməyi tövsiyyə edərəm. Gəzmək yazmaqdan daha həyəcanlıdır…




Məhsəti Şərif, İstanbul

Qalereya




Teqlər:  





Xəbər lenti