Yeni hərbi birləşmənin yaradılması ilə bağlı qanun Milli Məclisdə

Yeni hərbi birləşmənin yaradılması ilə bağlı qanun Milli Məclisdə
  22 Yanvar 2014    Oxunub:1123
Bu gün Azərbaycan Respublikası Milli Məclisinin təhlükəsizlik və müdafiə komitəsinin iclası keçirilib.
AzVision.az xəbər verir ki, iclasda əvvəlcə komitənin yaz sessiyasında qanunvericilik işləri planı təsdiqlənib.

Daha sonra iclasda çıxış edən komitə sədri Ziyafət Əsgərov bildirib ki, təhlükəsizlik və müdafiə komitəsi yaz sessiyasında parlamentə baxılması üçün iki yeni qanun layihəsi təqdim edəcək. Bildirilib ki, “Silahlı qüvvələr və başqa silahlı birləşmələr haqqında”, “Hərbi qulluqçuların statusu haqqında” yeni qanun layihələri hazırlanır. Hər iki layihə ilə bağlı əlaqədar qurumlar müsbət rəy verib.

Müzakirələr zamanı çıxış edən deputatlar təhlükəsizlik və müdafiə sahəsində mövcud qanunvericiliyin monitorinqini aparan qrupun fəaliyyətinin yüksəldilməsini, komitənin əlaqədar qurumlarla əməkdaşlığının genişləndirilməsini, eləcə də gələcəkdə bəzi hüquqi sənədlərə əlavə və dəyişikliklər olunmasını təklif etmişlər.
İclasda “Azərbaycan və Türkiyə hökumətləri arasında təhlükəsizlik üzrə əməkdaşlıq haqqında” Sazişin təsdiq edilməsinə dair qanun layihəsinə də baxılıb. Bildirilib ki, ötən ilin noyabrında Ankarada imzalanan Sazişə əsasən tərəflər qüvvədə olan milli qanunvericiliklərinə və tərəfdar çıxdıqları beynəlxalq müqavilələrə uyğun olaraq transmilli cinayətkarlıq, xüsusilə də terrorçuluq, mütəşəkkil cinayətkarlıq, qanunsuz miqrasiya, insan alveri, narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsi ilə bağlı cinayətlərə qarşı mübarizədə əməkdaşlıq edəcək.

Daha sonra “Avropa Şurasının “Terrorçuluğun qarşısının alınması haqqında” Konvensiyasının təsdiq edilməsi barədə” qanun layihəsinə baxılıb. Bildirilib ki, sənəd 2005-ci ilin mayında Varşavada imzalanıb. İndiyədək ölkəmiz bu sahədə BMT-nin 15-ə yaxın sənədini ratifikasiya etmişdir. Buna baxmayaraq, dünyada terror təhlükəsinin artması və coğrafiyasının genişlənməsi dövlətlərin bu istiqamətdə fəaliyyəti gücləndirməsini zəruri edir. Azərbaycan da erməni terrorundan əziyyət çəkən ölkə kimi dünyada terrorçuluğun qarşısının alınması istiqamətində həyata keçirilən layihələrdə, tədbirlərdə yaxından iştirak edir. Ölkəmiz bu Konvensiyaya da xüsusi bəyanatla qoşulur. Bu bəyanata görə, Azərbaycan Ermənistan tərəfindən işğal olunmuş ərazilərində Konvensiyanın müddəalarının həyata keçirilməsinə həmin ərazilər işğaldan azad edilənədək təminat vermir.

Müzakirələrdən sonra hər iki sənəd təsdiqlənməsi üçün Milli Məclisin plenar iclasına tövsiyə olunub.


Teqlər:





Xəbər lenti