Peşə təhsili üzrə qəbulun II mərhələsinə start verilib

Peşə təhsili üzrə qəbulun II mərhələsinə start verilib
  05 Sentyabr 2020    Oxunub:4937
Peşə təhsil pilləsi üzrə elektron tələbə qəbulunun II mərhələsinə start verilib.
Peşə Təhsili üzrə Dövlət Agentliyindən Azvision.az -a bildirilib ki, II mərhələ Təhsil Nazirliyinin “Təhsil Mərkəzləşdirilmiş İnformasiya Sistemi”nin elektron sənəd qəbulu altsistemində (https://azvision.az/redirect.php?url=http://qebul.vet.edu.az/) elektron qaydada, ödənişsiz formada aparılır. Boş qalan yerlərə sənəd qəbulu sentyabrın 14-ü saat 18:00-dək davam edəcək. Peşə təhsil müəssisələrinə ümumi və ya tam orta təhsil bazasını bitirən şəxslər müraciət edə bilərlər. Elektron tələbə qəbulunun I mərhələsində uğurlu nəticə nümayiş etdirməyən şəxslər II mərhələyə qatıla və ixtisas seçimi həyata keçirə biləcəklər. Boş qalan yerlər üzrə müraciət imkanı I mərhələdə iştirak etməyənlər üçün də açıq olacaq. Bundan əlavə, I mərhələ zamanı uğur qazanmış, lakin qəbul olduğu ixtisas üzrə təhsil almaqdan imtina edənlərə də II mərhələyə qatılmaq imkanı yaradılacaq.

Qeydiyyatdan keçən namizədlərin elektron ərizələrindəki məlumatların doğruluğu yoxlanıldıqdan sonra müraciət edənin ixtisaslar üzrə seçimi sistem tərəfindən təsdiqlənir. Peşə təhsili müəssisələrinə qəbul ərizəçinin attestatında göstərilən müvafiq fənlər üzrə qiymətlərinin orta balı əsasında aparılır.

Tələbə qəbulu prosesində hər şəxsə maksimum 5 ixtisas üzrə seçim etmək imkanı yaradılır. Müraciətlər barədə məlumat “Şəxsi kabinetim” bölümündə yenilənir.

İkinci mərhələ üzrə qəbulun nəticələri sentyabrın 15-i saat 20:00-da elan ediləcək. Müsabiqədə iştirak edənlərə nəticə barədə SMS vasitəsilə məlumat təqdim olunacaq. Uğurlu nəticə göstərənlərin qəbul olduqları ixtisas və təhsil müəssisəsi barədə məlumatlar “Şəxsi kabinet” bölümündə yer alacaq. Müsabiqədən uğurla keçən şəxslər növbəti mərhələdə qəbul olduqları müəssisəyə sənədlərin əslini təqdim edilməsi üçün dəvət olunacaqlar.

Xatırladaq ki, 2020-2021-ci tədris ilində peşə təhsil pilləsi üzrə tələbə qəbulunun I mərhələsi avqustun 10-dan 24-dək elektron qaydada həyata keçirilib. Ümumilikdə peşə təhsili üzrə qəbul üçün 18 min 260 yer ayrılıb. Ayrılan yerlərdə 11 min 40 nəfər dövlət büdcəsi hesabına, 7220 nəfər isə ödənişli əsaslarla təhsil alacaq. Qəbul 66 peşə təhsili müəssisəsində 120 ixtisas üzrə aparılır. Peşə təhsili müəssisələrində tədris dövlət sifarişi əsasında (dövlət büdcəsinin vəsaiti hesabına) və ya ödənişli əsaslarla həyata keçirilir. Dövlət təhsilalanların peşə təhsili müəssisələrində büdcə hesabına yalnız bir dəfə təhsil almaq hüququnu təmin edir. Valideynini itirmiş və ya valideyn himayəsindən məhrum uşaqlar, şəhid ailəsinin üzvləri, I, II və III dərəcə əlilliyi olanlar və 20 yaşına çatmamış və I dərəcə əlilliyi müəyyən edilmiş valideyni olan, aylıq gəliri yaşayış minimumundan aşağı olan şəxslər peşə təhsili müəssisələrində ödənişli əsaslarla təhsil aldıqları müddətdə təhsil haqları dövlət büdcəsi hesabına ödəniləcək.

Eyni zamanda, ünvanlı dövlət sosial yardım alanların, hər iki valideyni (tək valideyni olduqda həmin şəxs) və ya qanuni nümayəndələri I və II dərəcə əlilliyi olan şəxslər, işsiz kimi qeydiyyatda olan tələbələr, yaşa görə əmək pensiyaçıları və yaşa görə sosial müavinət alanların təhsil haqqının yarısı dövlət büdcəsinin vəsaiti hesabına olacaq. Əcnəbilər və vətəndaşlığı olmayan şəxslər isə dövlət peşə təhsili müəssisələrində yalnız ödənişli əsaslarla təhsil ala biləcəklər.

Azvision.az


Teqlər: Peşə   Təhsil  





Xəbər lenti