Xalq artisti ilə bu gün vida mərasimi keçiriləcək

Xalq artisti ilə bu gün vida mərasimi keçiriləcək
  20 Fevral 2014    Oxunub:1096
Görkəmli teatr və kino aktyoru, Respublikanın Xalq Artisti Firəngiz Abbas Mirzə qızı Şərifova ilə bu gün vida mərasimi keçiriləcək.
AzVision.az-a bu barədə Mədəniyyət və Turizm Nazirliyinin mətbuat xidmətindən məlumat verilib. Bildirilib ki, Xalq artisti ilə vida mərasimi fevralın 20-də saat 14.00-da Azərbaycan Teatr Xadimləri İttifaqının keçiriləcək.

Qeyd edək ki, F.Şərifova uzun sürən xəstəlikdən sonra 20 fevral 2014-cü il tarixində vəfat edib.

Firəngiz Şərifova 1924-cü il fevral ayının 6-da Bakı şəhərində Azərbaycan teatrının korifeyləri, qüdrətli sənətkarlar - SSRİ xalq artisti Mərziyə Davudovanın və xalq artisti Abbas Mirzə Şərifzadənin ailəsində anadan olub.

1947-49-cu illərdə Azərbaycan Dövlət Musiqili Komediya Teatrında, 1949-61-ci illərdə Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrında, 1961-65-ci illərdə Azərbaycan Dövlət Akademik Milli Dram Teatrında çalışan Firəngiz Şərifova 1965-ci ildən sənət taleyini Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrına bağlamış və 2011-ci ilə qədər fəaliyyətini doğma teatrda davam etdirmişdir. Müqtədir sənətkar bu illər ərzində teatr səhnəsində müxtəlif xarakterli obrazlar yaradıb.

Firəngiz Şərifova 1958-ci ildə Azərbaycan Respublikasının Əməkdar Artisti, 1969-cu ildə Azərbaycan Respublikasının Xalq Artisti fəxri adlarına layiq görülmüşdür. 2009-cu ildə «Şöhrət» Ordeni ilə təltif edilib. O, Prezident təqaüdçüsü idi.

Firəngiz Şərifova Milli teatr sənəti sahəsindəki xidmətlərinə görə Azərbaycan Respublikasının və Naxçıvan MR Ali Sovetinin fəxri fərmanlarına, «Zirvə», «Qızıl Dərviş» və «Humay» mükafatlarına layiq görülüb.

Sevinc İltifatqızı


Teqlər:  



Xəbər lenti