Xalq artisti ilə bu gün vida mərasimi keçiriləcək
Qeyd edək ki, F.Şərifova uzun sürən xəstəlikdən sonra 20 fevral 2014-cü il tarixində vəfat edib.
Firəngiz Şərifova 1924-cü il fevral ayının 6-da Bakı şəhərində Azərbaycan teatrının korifeyləri, qüdrətli sənətkarlar - SSRİ xalq artisti Mərziyə Davudovanın və xalq artisti Abbas Mirzə Şərifzadənin ailəsində anadan olub.
1947-49-cu illərdə Azərbaycan Dövlət Musiqili Komediya Teatrında, 1949-61-ci illərdə Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrında, 1961-65-ci illərdə Azərbaycan Dövlət Akademik Milli Dram Teatrında çalışan Firəngiz Şərifova 1965-ci ildən sənət taleyini Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrına bağlamış və 2011-ci ilə qədər fəaliyyətini doğma teatrda davam etdirmişdir. Müqtədir sənətkar bu illər ərzində teatr səhnəsində müxtəlif xarakterli obrazlar yaradıb.
Firəngiz Şərifova 1958-ci ildə Azərbaycan Respublikasının Əməkdar Artisti, 1969-cu ildə Azərbaycan Respublikasının Xalq Artisti fəxri adlarına layiq görülmüşdür. 2009-cu ildə «Şöhrət» Ordeni ilə təltif edilib. O, Prezident təqaüdçüsü idi.
Firəngiz Şərifova Milli teatr sənəti sahəsindəki xidmətlərinə görə Azərbaycan Respublikasının və Naxçıvan MR Ali Sovetinin fəxri fərmanlarına, «Zirvə», «Qızıl Dərviş» və «Humay» mükafatlarına layiq görülüb.
Sevinc İltifatqızı







Vaxtında, Aydın, Lazımlı!


