İlham Əliyev baş nazir və spikerlə görüşüb

İlham Əliyev baş nazir və spikerlə görüşüb
  20 Fevral 2014    Oxunub:823
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev fevralın 20-də ölkəmizdə rəsmi səfərdə olan Bolqarıstan Respublikasının Baş naziri Plamen Oreşarskinin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.

AzVision.az xəbər verir ki, Prezident İlham Əliyev ilə Bolqarıstan Respublikasının Baş naziri Plamen Oreşarski arasında əvvəlcə təkbətək görüş oldu.

Görüşdə ölkələrimiz arasında ikitərəfli və çoxtərəfli münasibətlərin inkişafından məmnunluq ifadə olundu, tərəfdaşlıq əlaqələrimizin müxtəlif sahələrdə, o cümlədən energetika sektorunda genişləndirilməsinin önəmi vurğulandı, əməkdaşlığımızın perspektivləri ilə bağlı məsələlər ətrafında fikir mübadiləsi aparıldı.

Prezident İlham Əliyev Bolqarıstan Respublikasının Baş naziri Plamen Oreşarskinin ölkəmizə səfəri zamanı əməkdaşlığımızın müxtəlif sahələrdə inkişaf etdirilməsi ilə bağlı səmərəli müzakirələr aparılacağına ümidvar olduğunu bildirdi.

Yüksək qonaqpərvərliyə görə dövlətimizin başçısına minnətdarlığını ifadə edən Bolqarıstanın Baş naziri Plamen Oreşarski səfəri zamanı Azərbaycan xalqının bolqar xalqına olan dostluq münasibətinin bir daha şahidi olduğundan məmnunluğunu bildirdi. Baş nazir Bolqarıstan ilə Azərbaycan arasında siyasi münasibətlərin yüksək səviyyədə olduğunu vurğuladı. Ölkələrimiz arasında energetika sahəsində əməkdaşlığın uğurla inkişaf etdiyini bildirən Bolqarıstanın Baş naziri sürətlə inkişaf edən Azərbaycanda nəqliyyat, kimya, təhsil, mədəniyyət və digər sahələrdə əməkdaşlıq üçün geniş imkanların olduğunu diqqətə çatdırdı.

Ölkə başçısı bundan əlavə Qazaxıstan Respublikası Parlamenti Məclisinin sədri Nurlan Niqmatulinin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.

Dövlətimizin başçısı Azərbaycan ilə Qazaxıstan arasında ikitərəfli münasibətlərin dinamik şəkildə inkişaf etdiyini vurğuladı. Prezident İlham Əliyev Qazaxıstan Prezidenti Nursultan Nazarbayev ilə bu yaxınlarda Soçidə görüşünü məmnunluqla xatırladı. Ölkələrimiz arasında siyasi münasibətlərin yüksək səviyyədə olduğunu deyən dövlətimizin başçısı əməkdaşlığımızın daha da möhkəmləndirilməsində parlamentlərarası əlaqələrin önəmini qeyd etdi. Ölkələrimizin istər ikitərəfli formatda, istərsə də beynəlxalq təşkilatlar çərçivəsində fəal əməkdaşlıq etdiyini vurğulayan Prezident İlham Əliyev Qazaxıstan Respublikası Parlamenti Məclisinin sədri Nurlan Niqmatulinin ölkəmizə səfərinin münasibətlərimizin gələcəkdə daha da genişləndirilməsi işinə xidmət edəcəyinə ümidvar olduğunu bildirdi.

Qazaxıstan Parlamenti Məclisinin sədri Nurlan Niqmatulin Prezident Nursultan Nazarbayevin salamlarını dövlətimizin başçısına çatdırdı. O bildirdi ki, ölkəmizə səfərə gələrkən Qazaxıstan Prezidenti onu şəxsən qəbul etdi və Prezident İlham Əliyevə ən səmimi arzularını, möhkəm cansağlığı və Azərbaycan xalqına firavanlıq və əmin-amanlıq diləklərini çatdırmağı xahiş etdi. Parlament Məclisinin sədri Nurlan Niqmatulin ölkələrimiz arasında əlaqələrin inkişafında Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev ilə Qazaxıstan Prezidenti Nursultan Nazarbayev arasında dostluq münasibətlərinin və qarşılıqlı hörmətin rolunu xüsusi vurğuladı. O, bu əlaqələrin hazırda daha da genişləndirilməsində dövlətlərimizin başçıları arasında səmimi dostluq münasibətlərinin önəmini vurğuladı. Nurlan Niqmatulin Qazaxıstan Prezidenti Nursultan Nazarbayevin məktubunu dövlətimizin başçısına təqdim etdi.

Görüşdə Azərbaycan ilə Qazaxıstan arasında əməkdaşlığın bir sıra sahələrdə genişləndirilməsinə dair məsələlər ətrafında fikir mübadiləsi aparıldı.

Dövlətimizin başçısı Prezident Nursultan Nazarbayevin salamlarına görə minnətdarlığını bildirdi, onun da salamlarını Qazaxıstan dövlətinin başçısına çatdırmağı xahiş etdi.

AzVision.az

Qalereya




Teqlər:  





Xəbər lenti