Prezident başsağlığı verdi

Prezident başsağlığı verdi
  21 Fevral 2014    Oxunub:1198
Prezident İlham Əliyev və hökumət rəhbərliyi Xalq artisti, Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdçüsü Firəngiz Şərifovanın vəfatı ilə bağlı başsağlığı verib.

Nekroloqda deyilir: “Milli teatrın və kinematoqrafiyanın inkişafında təqdirəlayiq xidmətləri olan Firəngiz Şərifova müasir Azərbaycan mədəniyyəti salnaməsində özünəməxsus yer tutan görkəmli sənətkarlardandır. Böyük səhnə ustaları Abbasmirzə Şərifzadə və Mərziyyə Davudovanın ailəsində zəngin teatr sənəti mühitində yetişərək o, çox sayda tamaşalarda və bədii filmlərdə canlandırdığı surətlər qalereyasını böyük ustalıqla güclü xarakterlər səviyyəsinə yüksəltməyə müvəffəq olmuşdur. Daxili zənginliyindən gələn səhnə mədəniyyəti və təkrarolunmaz fərdi ifadə üslubu Firəngiz xanıma sənətsevərlərin dərin rəğbətini qazandırmışdır.

Sənətin estetik prinsipləri əsasında Firəngiz Şərifovanın milli teatr səhnəsində istedadla yaratdığı rəngarəng rollar tamaşaçıların yaddaşında silinməz izlər qoymuşdur. O, özünün dramatik təbiəti və əlvanlığı ilə seçilən ifa tərzinə daim yeni-yeni çalarlar əlavə etmişdir. Sənətkar gənc tamaşaçıların bədii zövqünün formalaşdırılması və onların vətənpərvərlik ruhunda tərbiyə olunması işinə layiqli töhfələr vermişdir.

Azərbaycan kinosunda Firəngiz Şərifovanın həyat verdiyi surətlər psixoloji dərinliyi, səmimiliyi və inandırıcılığı ilə səciyyələnərək parlaq ekran obrazları olub uğurlu tale yaşamışdır. Aktrisanın müxtəlif televiziya tamaşalarında professionallıqla oynadığı rollar qiymətli sənət nümunələri olaraq milli televiziyanın fondunda qorunub saxlanmaqdadır. Onun sənətdə altmış ildən artıq bir dövrü əhatə edən mənalı yaradıcılıq yolu neçə-neçə gənc aktyorlar nəsli üçün əsl məktəbdir.

Firəngiz Şərifovanın Azərbaycan teatr və kino sənətinin inkişafı sahəsindəki mühüm xidmətləri yüksək dəyərləndirilmişdir. O, bir sıra mükafatlar və fəxri adlar almış, müstəqil Azərbaycan Respublikasının ali dövlət təltifi olan "Şöhrət" ordeninə layiq görülmüşdür.

Görkəmli sənətkar, qayğıkeş və səmimi insan Firəngiz xanım Şərifovanın əziz xatirəsi onu tanıyanların qəlbində həmişə yaşayacaqdır.

Allah rəhmət eləsin!”.

Nekroloq İlham Əliyev, Artur Rasizadə, Oqtay Əsədov, Ramiz Mehdiyev, Elçin Əfəndiyev, Hacıbala Abutalıbov, Fatma Abdullazadə, Əbülfəs Qarayev, Hicran Hüseynova, Azər Paşa Neymətov, Şəfiqə Məmmədova, Cənnət Səlimova, Amaliya Pənahova, Vaqif Əsədov, Tariyel Qasımov, Nurəddin Mehdixanlı, Ağaxan Salmanlının adından təqdim edilib.


Teqlər:  





Xəbər lenti