Nazirlər Kabinetində müşavirə keçirilib

Nazirlər Kabinetində müşavirə keçirilib
  21 Fevral 2014    Oxunub:756
Bu gün Nazirlər Kabinetində Azərbaycan Respublikası Baş nazirinin müavini Əli Əhmədovun sədrliyi ilə səhiyyənin maliyyələşdirilməsinin təkmilləşdirilməsi və icbari sığortanın tətbiq edilməsi məsələsinə dair geniş müşavirə keçirilib.
Əli Əhmədov son illər ölkə iqtisadiyyatının sürətli inkişafı ilə əlaqədar əhalinin sosial vəziyyətinin daha da yaxşılaşdırılması istiqamətində mühüm tədbirlərin həyata keçirildiyini deyib. Bildirib ki, əhaliyə səhiyyə xidmətinin daha da yüksəldilməsi, səhiyyə infrastrukturunun keyfiyyətcə yeniləşdirilməsi, tibbi kadrların hazırlanması və s. istiqamətlərdə əldə olunan nailiyyətlər islahatların yeni mərhələdə davam etdirilməsini zəruri edir.

Daha sonra ölkə rəhbərliyinin bu sahədə qarşıya qoyduğu məsələlər ətrafında müzakirələr olub. Müzakirələrdə çıxış edən səhiyyə naziri Oqtay Şirəliyev, maliyyə naziri Samir Şərifov, ədliyyə naziri Fikrət Məmmədov, Dövlət Sosial Müdafiə Fondunun sədri Elman Mehdiyev və digər müvafiq qurumların məsul şəxsləri "Tibbi sığorta haqqında" Azərbaycan Respublikasının Qanununun müəyyənləşdirdiyi vəzifələrin yerinə yetirilməsi üçün görülən işlərdən danışıblar.

Geniş fikir mübadiləsindən sonra müşavirəyə yekun vuran Baş nazirin müavini Əli Əhmədov ölkədə səhiyyə islahatlarının daha da inkişaf etdirilməsini nəzərdə tutan icbari tibbi sığortanın tətbiq edilməsi sahəsində işlərin daha da sürətləndirilməsinin zəruri olduğunu vurğulayaraq, aidiyyəti qurumlara müvafiq tapşırıqlar verib.


Teqlər:





Xəbər lenti