Xocalı Avropada anıldı

Xocalı Avropada anıldı
  23 Fevral 2014    Oxunub:1368
Soyqırım Həqiqətlərini Tanıtma İctimai Birliyinin təşkilatçılığı ilə Xocalı soyqırımı ilə bağlı konfrans keçirilib.
Almaniyanın Köln şəhərində nüfuzlu Köln Universitetində

AzVision.az Trend-ə istinadən xəbər verir ki, tədbir öncə soyqırım qurbanlarının xatirəsinin bir dəqiqəlik sükutla anılması ilə başlayıb. Daha sonra isə məruzələr dinlənilib.

Qeyd edək ki, tədbirə təşkilatçı Azərbaycandan Soyqırım Həqiqətlərini Tanıtma İctimai Birliyinin sədri Ceyhun Ələkbərov, millət vəkilləri Musa Qasımlı, Rövşən Rzayev, Dünya Azərbaycanlıları Əlaqələndirmə Şurasının üzvü Səftər Rəhimli, Diaspor Jurnalistləri Birliyinin təmsilçiləri Əli Zülfüqaroğlu, Elnur Eltürk və digərləri qatılıblar.

Köln Azərbaycan Kültür və Mədəniyət Evinin başqanı Altay Rüstəmli bildirib ki, Xocalı soyqırımı ilə bağlı bir sıra tədbirlər, konfranslar təşkil olunacaq.

TürOk başqanı Tanju Can isə diqqətə çatdırıb ki, Xocalı soyqırımı bütün türk dünyasının problemidir: "Bu qətliam bütün türk dünyasına qarşı törədilib. Əgər Qarabağda bir əl kəsilibsə, deməli bütün türk dünyasının qanı axıb".

Daha sonra çıxış edən Soyqırım Həqiqətlərini Tanıtma İctimai Birliyinin sədri Ceyhun Ələkbərov isə bu mövzuda danışmağın onun üçün həddindən artıq çətin olduğunu bildirib. Təkcə ata tərəfdən 40-dan artıq qohumunu itirdiyini deyən C.Ələkbərov Xocalı qətliamınının təkcə türk dünyasına və müsəlmanlara qarşı deyil, bütün bəşəriyyətə qarşı yönəlmiş soyqırım aktı olduğunu vurğulayıb: "Mən həmin hadisələrin canlı şahidiyəm. Hər dəfə bu mövzuya toxunanda o dəhşətləri yenidən yaşayıram. Ona görə də çox danışmaq istəmirəm. Onu əlavə edim ki, biz xocalılılara dövlətimizin dəstəyi və diqqəti daimidir. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin atdığı addımlar, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın, "Xocalıya ədalət" kampaniyasının rəhbəri Leyla Əliyevanın Xocalı soyqırımının dünya ictimaiyyətinə çatdırılması istiqamətində göstərdikləri fəaliyyətlər əvəzsizdir".

Millət vəkili Musa Qasımlı isə ermənilərin azərbaycanlılara, ümumiyyətlə türklərə qarşı törətdikləri cinayətlərdən, həmçiniin onların tarix boyu həyata keçirdiyi məkrli planlardan danışıb. Onun sözlərinə görə, Ermənistanın soyqırım siyasəti həyata keçirdiyi artıq sübut olunub. Ermənilərin əsas hədəfi müsəlmanları tarixi torpaqlarından qovmaq, böyük Ermənistan yaratmaq olub. Daha sonra isə o, getdikcə güclənən Azərbaycan dövlətinin bu problemi həll edəcəyini bildirib: "Xaricdə yaşayan soydaşlarımız ümummilli maraqlar ətrafında birləşməlidirlər".

Millət vəkili Rövşən Rzayev isə deyib ki, bu istiqamətdə fəaliyyətə başlayan Soyqırım Həqiqətlərini Tanıtma İctimai Birliyinin sədri Ceyhun Ələkbərovu dəstəkləmək lazımdır: "O, bu istiqamətdə yeni fəaliyyətə başlayıb, inanırıq ki, ciddi fəaliyyət göstərəcək".

O, bildirib ki, Xocalı soyqırımından qabaq Qaradağlı kəndində soyqırım aktı törədilib: "Amma yaddan çıxarmamalıyıq ki, Ermənistan heç bir zaman Azərbaycana rəqib ola bilməz".

Daha sonra Səriyyə Cəfərova çıxış edib və Xocalı qətliamı barədə faktlardan danışıb.

Almaniyada yaşayan yazar Orxan Aras isə deyib ki, biz burada matəm, ağlamaq üçün deyil, qələbəni qeyd etmyə gəlmişik: "22 il keçməsinə baxmayaraq bu hadisə unuduulmur və getdikcə daha çox tanıdılır".

Daha sonra isə tədbir panellərlə davam etdirilib.

Bu arada Avropa Azərbaycan Cəmiyyəti (TEAS) fevralın 24-də Avropanın bir sıra şəhərlərində olduğu kimi, Parisdə 18-ci əsrə aid Eglise Saint-Roch kilsəsində Xocalı anım konserti təşkil edəcəkdir. Bu müqəddəs məbəddə baş tutacaq anım konserti ilə 1992-ci il fevralın 26-da Xocalıda baş vermiş qətliamın 613 qurbanının əziz xatirəsi yad olunacaq.

AzVision.az Trend-ə istinadən xəbər verir ki, tədbirdə tanınmış skripkaçı Sabina Rakçayeva, klarnet ifaçısı Kinan Azmeh ilə birlikdə, simli kvartet, o cümlədən skripkaçı Nəzrin Rəşidova rəhbərlik etdiyi DeMusa ansamblı ilə çıxış edəcəklər.

Konsertdə fransız bəstəkar Pyer Tiloyun "Xocalı 613" əsərinin simli kvartet üçün uyğunlaşdırılmış versiyası ifa olunacaqdır. Tədbirə Parisdə yaşayan azərbaycanlılar, Fransa ictimaiyyətinin nümayəndələri, xarici qonaqlar və diplomatik korpusun nümayəndələri dəvət edilib.

Bu anım mərasimi ərəfəsində Fransadakı erməni diasporunun radikal hissəsi tərəfindən əks təbliğat və təhdidlər başlamışdır. Fransadakı əsas erməni internet saytında bu tədbirin pozulması üçün hansı üsullardan və necə istifadə edilməsinə dair qızışdırıcı debatlar təşkil edilmişdir. Bu debatlar zamanı tədbirin təşkilatçılarının ünvanına təhqiramiz və böhtan dolu ifadələr işlədilmişdir. Bununla eyni zamanda, TEAS əməkdaşları və tədbirlə bağlı olan insanların ünvanına hədə-qorxular edilməkdədir.

TEAS yaranmış vəziyyətdən ciddi narahatçılığını bildirir. Özlərini bu kimi təhrikedici şəkildə ifadə edən insanlardan əməllərinə görə məsuliyyət daşımalarını gözləyir və Xocalı qətliamı qurbanlarının mədəni anım tədbiri vasitəsi ilə yad edilməsi mərasiminin təşkilinə hörmətlə yanaşmağa çağırır.

TEAS-ın direktoru Lionel Zetter bu barədə demişdir: "Fransa konfliktin həll edilməsinə məsul olan ATƏT-in Minsk qrupunun həmsədrlərindən biridir. Bu çox liberal demokratik ölkədir və özünün "azadlığın, bərabərliyin, qardaşlığın" beşiyi olması ilə fəxr edir. Biz əminik ki, Fransa hakimiyyəti bu dəyərli anım tədbirinin heç bir maneəsiz və müdaxiləsiz baş tutmasına nail olacaqdır. Fransada yaşayan ermənilərin böyük əksəriyyəti konfliktin sülh yolu ilə həll edilməsini istəyir. Çox təəsüfedici haldır ki, bəzi davakar düşüncəli radikallar məsələnin sülh yolu ilə həllində maraqlı deyildir. TEAS-ın əməkdaşları və bu tədbirlə bağlı olan digər insanların narahat edilməsi və hədə-qorxuya məruz qalması tamamilə qəbul edilməzdir."


Teqlər:  





Xəbər lenti