Bakıda Forum keçiriləcək

Bakıda Forum keçiriləcək
  23 Fevral 2014    Oxunub:969
Bu ilin aprelində Bakıda II Qlobal Açıq Cəmiyyət Forumu keçiriləcək.
Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi, Nizami Gəncəvi Beynəlxalq Mərkəzi və Madrid Klubunun təşkilatçılığı ilə 2014-cü il aprelin 27-30-u tarixində Azərbaycanda keçirilməsi planlaşdırılan II Qlobal Açıq Cəmiyyət Forumuna hazırlıq məqsədilə Afina şəhərində II Ali Hazırlıq toplantısı keçirilib.

AzVision.az xəbər verir ki, Dövlət Komitəsinin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, toplantının işində Yunanıstan siyasi və ictimai həyatının nümayəndələri, rəsmilər və tanınmış simalar iştirak edib.

Toplantıya həmsədrlik edən Latviyanın sabiq prezidenti, Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin həmsədri, Madrid Klubunun prezidenti Vaira Vike-Frayberqa və İsgəndəriyyə Kitabxanasının direktoru, Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin həmsədri İsmail Seragəldin çıxış edərək bildiriblər ki, qarşıdurmaların artıdığı bir zamanda dinlər, xalqlar, mədəniyyətlər arasında möhkəm körpü rolunu oynaya biləcək ideyalara çox böyük ehtiyac var: "Belə bir məqamda 9 əsr öncə Azərbaycanda dünyaya gəlib yaşayan və açıq cəmiyyət dəyərlərini, insan haqlarını, qadının cəmiyyətdə rolunu, təhsilin, elmin əhəmiyyətini təbliğ edən Nizami Gəncəvi kimi şəxsiyyətin yaratdığı xəzinənin əhəmiyyəti görünür və məhz onun ideyaları əsasında yaranmış Nizami Gəncəvi Beynəlxalq Mərkəzi hazırda bu önəmli missiyanı üzərinə götürərək dinindən olmayaraq şərqlə qərbi birləşdirəcək körpü rolunu oynamaq iqtidarında olduğunu göstərməkdədir".

II Ali Hazırlıq toplantısının demokratiyanın əsasının qoyulduğu Afinanın mərkəzindəki Akropolis muzeyində keçirilməsi çox önəmlidir. Açılış panelində moderatorluğu Avropa Parlamentinin sabiq vitse-prezidenti xanım Rodi Kratsa edib.

Toplantıda Yunanıstanın Xarici İşlər Naziri və Avropa Şurasının Demokratikləşmə komitəsinin sədri Dmitris Pantermalis, eləcə də mədəniyyət, turizm nazirləri, Akropolis Muzeyinin prezidenti, həmçinin YUNESKO-nun xoşməramlı səfiri xanım Marianna V. Vardinoyannis çıxış edib.

II Ali Hazırlıq toplantısının işində Albaniya, Bolqarıstan, Rumıniya, Latviya, Serbiyanın sabiq prezidentləri, Yunanıstanın sabiq baş nazirləri, Gürcüstan, Liviya, Misir, İsveçrə, Hindistan, Xorvatiya kimi ölkərlərin rəsmiləri, YUNESKO, BMT, Dünya Elm və Mədəniyyət Akademiyası kimi beynəlxalq təşkilatın rəhbərlikləri iştirak edib.


Teqlər:  





Xəbər lenti