40 minə yaxın sürücü nazirliyə zəng edib

40 minə yaxın sürücü nazirliyə zəng edib
  24 Fevral 2014    Oxunub:949
Azərbaycanın Nəqliyyat Nazirliyinin Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi (NİİM) ötən il üzrə fəaliyyəti haqqında hesabatla çıxış edib.

Mərkəzdən AzVision.az-a verilən məlumata görə, 2013-cü il ərzində mərkəzin 24 saat fəaliyyət göstərən “141” qaynar xəttinə 38957 zəng daxil olub.

Aidiyyəti zənglərin 30%-ni şikayətlər, 69%-ni məlumat xarakterli sorğular, 1%-ni isə təkliflər təşkil edib.

Mərkəzin ötən il üzrə hesabatında ayrı-ayrı sistem və sahələri üzrə görülmüş işlər barədə məlumat verilir.

NİİM-in fəaliyyətinin nəticələrindən biri kimi də, Bakının bəzi küçələrində nəqliyyat vasitələrinin 3-5 km/saatda sürət artımı qeyd olunub.

Belə ki, 2012-ci ilə nisbətən 28 May küçəsində nəqliyyatın orta sürəti 4 km/saat (40 –dan – 44-dək), Bakıxanov küçəsində - 5 km/saat (41-dən – 46-dək), Azadlıq prospektində - 4,6 km/saat (39-dan – 43,6-dək), Bülbül prospektində isə - 4,7 km/saat (31-dən – 35,7-dək) artıb.

Bundan əlavə, 2013-cü ilin dekabr ayında 2012-ci ilin müvafiq ayına nisbətən bəzi mərkəzi küçələrdə nəqliyyat vasitələrinin sayında artım müşahidə olunub (ikitərəfli istiqamətə görə artım): Heydər Əliyev prospektində - 164 566 əd (və ya 6,9% çox), Neftçilər prospektində - 114 390 əd (və ya 12,7% çox), Nobel prospektində - 80 957 əd (17,7%), Tbilisi prospektlərində - 86 418 əd (6,6%), Zərifə Əliyeva küçəsində - 46 637 əd (10,2%), Üzeyir Hacıbəyov küçəsində - 55 584 əd (4,1%), Bakıxanov küçəsində - 89 606 əd (7,7%).

Bakı şəhərinin mərkəzi küçə və prospektlərinə yaxın ərazilərdə istifadəyə verilmiş yeni parklanma məntəqələrinin qanunsuz parklanmaya NİİM-in müsbət təsiri qeydə alınsa da, bu problem hələ də mövcuddur.

Hesabatda bəzi küçələrdə qeydə alınan qanunsuz parklanan nəqliyyat vasitələrinin sayı göstərilib. Belə ki, 2013-cü il ərzində 2012-ci ilə müqayisədə bu göstərici belə idi: Bülbül pr. – 8000 əd (162,3% artım), R.Behbudov küç. – 2700 əd (98,5%), 28 May küç. – 5200 əd (248,3%), Ü.Hacıbəyov küç. – 1450 əd (92,6%), Azadlıq pr. – 1150 əd (96,6%).

Yol hərəkətini daha da nizama salmaq üçün yeni texnologiyalar da tətbiq olunub. Bakı şəhərində ilk dəfə olaraq Puşkin küçəsi ilə Üzeyir Hacıbəyov küçəsinin kəsişmələrində yeni tipli LED işıqforlar quraşdırılıb ki, bundan sonra həmin müasir işıqforlardan 6 ədədi Mərdəkan və Buzovna yollarını birləşdirən yeni çəkilmiş yola quraşdırılıb.

Ötən il NİİM ictimai fəaliyyətində də aktiv iştirakçı olub. 13-15 iyun 2013-cü il tarixində NİİM “Bakı Expo Center”də keçirilən 3-cü Azərbaycan Xəzər Beynəlxalq “Yol İnfrastrukturu və İctimai Nəqliyyat” sərgisində iştirak edib.

Həmçinin, mərkəz xeyriyyə işləri ilə məşğul olub.

Ötən il ərzində NİİM-in rəsmi www.niim.az internet səhifəsində müxtəlif ölkədaxili və xarici tədbirlərdə NİİM-in iştirakının təmin edilməsi, korporativ sosial məsuliyyət sahəsində aktiv işlərin aparılması və digər məsələlər öz həllini tapıb.

Qeyd olunur ki, bununla yanaşı, ictimaiyyəti geniş şəkildə əhatə etmək və məlumatlandırmaq məqsədilə yaradılmış NİİM-in Facebook sosial şəbəkəsindəki rəsmi səhifəsi dövlət qurumlarının səhifələri arasında ən böyükdür - izləyiciləri 21677 nəfər, ümumi görənlərin sayı isə 275000 nəfərə qədər artıb.

NİİM, həmçinin 2015-ci il I Avropa Olimpiya Oyunları ilə əlaqədar marşrut xətləri müəyyənləşdirir və hazırda “Avtocad map” proqramı üzərində sxemləri yaradır.

AzVision.az


Teqlər:  





Xəbər lenti