Siyavuş Novruzov Xocalıya görə müxalifəti ittiham etdi

Siyavuş Novruzov Xocalıya görə müxalifəti ittiham etdi
  25 Fevral 2014    Oxunub:1424
“Bu gün Ermənistan rəhbərliyində təmsil olunanlar Xocalı faciəsinə görə cinayət məsuliyyətinə cəlb olunmalıdırlar ki, gələcəkdə belə hadisələr təkrar olunmasın”.
AzVision.az xəbər verir ki, bunu millət vəkili Siyavuş Novruzov parlamentin bugünkü plenar iclasında çıxışı zamanı deyib.

Onun sözlərinə görə, Xocalıda baş verən hadisələrin 2 əsas motivi var: “Bu da ondan ibarətdir ki, ermənilər illər boyu həm Azərbaycan, həm də türk soyuna qarşı müxtəlif cinayətlər törədiblər. İkinci motiv isə azərbaycanlıların gözünü qorxutmaqla ölkəmizin digər ərazilərini işğal olunması ilə əlaqədardır. Lakin gələcək göstərəcək ki, azərbaycanlılar hələ öz sözünü deyəcək. Bunun əvəzi gec-tez alınacaq”.

O həmçinin qeyd edib ki, ermənilər öz saxta soyqırımlarını dünyada tanıtmaq üçün 100 ildir ki, öz lobbiləri ilə işlər görürlər: “Ancaq Azərbaycan Xocalı soyqırımının dünya ictimaiyyətinin diqqətinə çatdırmaq üçün 10 il ərzində kifayət qədər işlər görüb və bundan sonra da bu istiqamətdə işlər həyata keçiriləcək”.

S. Novruzov onu da əlavə edib ki, bir neçə gündür Xocalı faciəsi ilə bağlı qəzet səhifələrində dünya ölkələrinə müraciətlər edilir, müxtəlif tədbirlər keçirilir: “Ancaq nədənsə özünü radikal müxalifət adlandıran siyasi partiyalar bu barədə bir dənə də olsun tədbir keçirməyib. Xocalı tək iqtidarın faciəsi deyil. Siyasi baxışlarından asılı olmayaraq hamı zərbəni bir yerə vurmalıdır”.

Millət vəkili Fərəc Quliyev isə deyib ki, Milli Məclis Xocalı soyqırımını tanıyan ölkələrə təşəkkür məktubu göndərməli və onların işğalçılara qarşı sanksiya tətbiq edilməsi üçün prosesə yardım etmək təşəbbüsünü dəstəkləməlidir.

F. Quliyev həmçinin parlamentdə Qarabağ Komitəsinin yaradılmasını, Qarabağ dinləmələrinin keçirilməsini təklif edib.

Milli Məclisdəki çıxışında millət vəkili Asim Mollazadə bildirib ki, Xocalıya ədalət istəyəndə, beynəlxalq tribunalın hökmünü nəzərdə tuturuq: "Xocalı qırğınlarını törədənlərin siyahısı İnterpola verilməlidir. Bundan başqa, BMT-də Xocalı ilə bağlı beynəlxalq tribunalın yaradılmasına nail olmaq gərəkdir. Xocalı soyqırımı ilk növbədə siyasi yox, hüquqi qiymətini tapmalıdır".

Spiker Oqtay Əsədov isə deyib ki, Milli Məclis Xocalı soyqırımının dünyada tanınması üçün müxtəlif tədbirlər görür: "Biz Xocalı soyqırımını dünyaya tanıtmalı və göstərməliyik ki, ermənilər yazıq, miskin yox, yırtıcı xalqdır".

Sevinc İltifatqızı


Teqlər:  





Xəbər lenti