İlham Əliyev: `Azərbaycanda tələb olunan bütün məhsullar istehsal edilməlidir`

İlham Əliyev: `Azərbaycanda tələb olunan bütün məhsullar istehsal edilməlidir`
  26 Fevral 2014    Oxunub:1105
`Biz bundan sonra daha da çox çalışmalıyıq ki, Azərbaycanda qeyri-neft sənayesinin inkişafı yüksək sürətlə getsin. Əslində, bu islahatlar artıq uzun illərdir ki, aparılır. Bu islahatlar nəticəsində bu gün Azərbaycan iqtisadiyyatı çoxşaxəli iqtisadiyyatdır. Bizim əsas vəzifəmiz qeyri-neft sektorunun inkişafı, neft amilindən asılılığımızın azaldılması idi. Biz demək olar ki, buna nail ola bilmişik`. Bu sözləri Prezident İlham Əliyev fevralın 25-də “Azərsun Sənaye Parkı”ın nəzdində yaradılan Sumqayıt yağ fabrikinin açılışında deyib.

Prezident bildirib ki, hazırda bizim ümumi iqtisadi potensialımızın 55 faizi qeyri-neft sektorunda formalaşır.

- Bildiyiniz kimi, Sumqayıt şəhəri Azərbaycanın sənaye mərkəzidir. Bakıdan sonra Cənubi Qafqazda ikinci böyük sənaye şəhəridir. Texnologiyalar Parkında 13 zavod fəaliyyət göstərir, 5 zavod tikilir. Keçən il Sumqayıtda Kimya Sənaye Parkının təməl daşı qoyulub. 200 hektara yaxın ərazidə yaxın illərdə böyük bir sənaye şəhəri yaradılıb. O zavodların fəaliyyəti genişlənəcək. Bir sözlə, Sumqayıt müasir sənaye şəhəri kimi bu gün ölkəmizin sənaye potensialının inkişafında mühüm rol oynayır. Demək olar ki, işsizlik aradan qaldırılıb,- deyən dövlət başçısı onu da bildirib ki, bu şəhərdə ətraf mühitin qorunmasına da böyük diqqət göstərilir: `Qarşıya bu məqsəd qoyulub, nəinki Sumqayıtda, bütün Azərbaycanda fəaliyyət göstərən zavodlarda ekoloji standartlar ən yüksək səviyyədə olmalıdır. Çünki vaxtilə Sumqayıtın ekoloji vəziyyəti ilə bağlı problemlər olmuşdu. Bu problemlər demək olar ki, aradan qaldırılıb`.

İlham Əliyev deyib ki, zavodun açılışı “Sənaye ili”ndə əlamətdar bir gündür. Hər iki zavoda 90 milyon manat investisiya qoyulub: `Bu, investorların Azərbaycan iqtisadiyyatına verdikləri dəstəkdir, Azərbaycanın uğurlu gələcəyinə onların inamının təzahürüdür. Çünki ölkəmiz sürətlə inkişaf edir, bütün məsələlər uğurla həll edilir. Biz çalışmalıyıq ki, daxili və xarici investorları Azərbaycana daha da çox cəlb edək. Burada biznes mühiti də yaxşıdır. Gəlirli sahələr yaradılır. Yəni, həm sahibkarlar, həm burada işləyənlər, həm də dövlət bundan fayda götürür və götürməlidir. Bax, bu müştərək fayda əsasında Azərbaycan iqtisadiyyatı inkişaf edir`.

Prezident bildirib ki, kağız və karton istehsalat kombinatının fəaliyyəti sayəsində nəinki Sumqayıtda, bütün respublikamızda məntəqələr açılacaq, iş yerləri yaradılacaq: `Köhnə kağızları yığmaq üçün məntəqələr yaranacaq və biz, eyni zamanda, ekoloji problemlərin həllinə də töhfəmizi vermiş oluruq. Çünki hazırda köhnə kağızlar, qəzetlər, sıradan çıxmış digər əşyalar yandırılır və havanı çirkləndirir. İndi bütün kağız tullantıları burada yığılacaq və beləliklə, ekoloji vəziyyətin yaxşılaşdırılmasına da biz dəstək olacağıq. Bu iki müəssisənin xüsusiyyəti ondan ibarətdir ki, onların fəaliyyəti nəticəsində biz karton, kağız və bitki yağları sahəsində özümüzü 100 faiz təmin edəcəyik. Yəni, qarşıya bu hədəf də qoyulub. Mən dəfələrlə demişəm ki, Azərbaycanda tələb olunan bütün məhsullar istehsal edilməlidir. İxrac potensialı da yaradılır. Həm bitki yağları, həm kağız-karton məhsulları xaricə ixrac ediləcək`.

Qalereya




Teqlər:





Xəbər lenti