Zakir Qaralov: “Bu cinayəti törədənlər cavab verməlidir”

Zakir Qaralov: “Bu cinayəti törədənlər cavab verməlidir”
  26 Fevral 2014    Oxunub:1287
Bu gün Hərbi Prokurorluqda Memorial Soyqırım muzeyinin açılışı olub.

AzVision.az xəbər verir ki, muzeyin açılışında Azərbaycanın baş prokuroru Zakir Qaralov, İnsan Hüquqları üzrə müvəkkil (Ombudsman) Elmira Süleymanova, işğal olunmuş rayonlarımızın icra hakimiyyətilərinin başçıları, Milli Məclisin deputatları, xarici ölkələrin və ictimaiyyətin nümayəndələri iştirak ediblər.

Hərbi Prokuror ədliyyə general-leytenantı Xanlar Vəliyev mərasim iştirakçılarını salamlayaraq bildirib ki, XX əsrin əvvəllərində erməni quldur dəstələri Azərbaycanın demək olar ki, bütün ərazilərində xalqımıza qarşı soyqırımı törədiblər:

"Erməni millətçilərinin xüsusi amansızlıqla və qəddarlıqla törətdikləri kütləvi qırğınların, bəşəriyyət və sülh əleyhinə cinayətlərin tarixin yaddaşına həkk olunması, bütövlükdə Qarabağ hadisələri ilə bağlı obyektiv həqiqətlərin dünya ictimaiyyətinə çatdırılması, bu barədə gələcək nəsillərin ixtiyarına tutarlı dəlillərin və ətraflı məlumatların verilməsi məqsədi ilə Respublika Hərbi Prokurorluğunun təşəbbüsü bəyənilərək 2013-cü ilin 19 iyul tarixində baş prokuror Z.Qaralov tərəfindən Azərbaycan Hərbi Prokurorluğunda Memorial Soyqırım muzeyinin yaradılması barədə əmr imzalanıb. Həmin əmrin icrası ilə əlaqədar Respublika Hərbi Prokurorunun müvafiq Sərəncamı ilə işçi qrupu təsis edilib. İşçi qrupu tərəfindən qısa müddət ərzində tarixi sənəd, faktlar və istintaq materialları əsasında zəngin soyqırım muzeyi yaradılıb. Xatirə muzeyi XX əsrin əvvəllərindən bəri bolşevik-erməni silahlı dəstələrinin Azərbaycan torpaqlarında həyata keçirdikləri kütləvi qırğınlar nəticəsində həlak olan on minlərlə azərbaycanlının xatirəsinə həsr edilib".

Mərasimdə çıxış edən baş prokuror Z.Qaralov muzeyin yaradılmasının tarixi bir hadisə olduğunu bildirərək muzeyin açılışının ermənilərin azərbaycanlılara qarşı törətdiyi cinayətlərin dünyada tanıdılması istiqamətində əhəmiyyətini vurğulayıb:

“Azərbaycan xalqına qarşı törədilmiş bu soyqırımı faktının beynəlxalq aləmdə tanıdılması üçün görülmüş işlərin bundan sonra da davam etdirilməsinin vacibliyini qeyd edən baş prokuror xalqımıza qarşı soyqırımı həyata keçirilməsini təsdiqləyən bir çox faktların göz önündə olduğunu vurğulayıb. Bildirib ki, bu cinayəti törədənlər ədalət mühakiməsi qarşısında əməllərinə görə cavab verməlidirlər”.

AzVision.az


Teqlər:  





Xəbər lenti