Elmar Vəliyev xocalılarla görüşüb
Gəncə şəhər İcra Hakimiyyətinin başçısı çıxış edərək bildirib ki, bəşər sivilizasiyasında insanların kütləvi qətliamı ilə tarixə yazılan soyqırımlar çox olub. Amma onların içərisində Xocalı Soyqırımı xarakter etibarı və qəddarlığı ilə fərqlənir. Cinayət cəzasız qalmamalıdır. Ermənistanın hərbi-siyasi təcavüzü dünya ictimaiyyəti tərəfindən qınanmalıdır.
Azərbaycan gücləndikcə, onun beynəlxalq mövqeləri möhkəmləndikcə ölkə həqiqətlərinin beynəlxalq ictimaiyyətə çatdırılması istiqamətində də daha effektiv tədbirlər həyata keçirilir. Xocalı Soyqırımının dünyaya çatdırılmasında Heydər Əliyev Fondunun gördüyü işlər xüsusi yer tutur. Fondun vitse prezidenti Leyla Əliyevanın təşkilatçılığı ilə başlanan “Xocalıya ədalət” kampaniyası bu mənada böyük əhəmiyyətə malikdir. Məhz bu fəaliyyətin nəticəsidir ki, bütün ölkələr Xocalı Soyqırımını tanıyıblar. Heydər Əliyev Fondunun dəstəyi ilə müxtəlif ölkələrdə Xocalı Soyqırımı qurbanlarının anma mərasimləri keçirilir. Azərbaycanın haqq işi qalib gələcək, işğal olunmuş torpaqlarımız azad olunacaq, doğma yurdlarından didərgin salınan soydaşlarımız öz ərazilərinə qayıdacaqlar.
İcra Başçısı xocalılarla səmimi söhbətlər edib, onların problemləri və ehtiyacları ilə maraqlanıb. Xocalıların dilə gətirdikləri problemlərin yerindəcə həll olunması üçün müvafiq təşkilatlara tapşırıqlar verilib.
Xocalıda həlak olanların xatirəsini yad etmək üçün ehsan süfrələri açılıb, onların ruhuna dualar oxunub.