Deputatdan Zeynəb Xanlarovaya: “Cavab vermədim ki, yaşlı qadındı, ürəyi tutar”

Deputatdan Zeynəb Xanlarovaya: “Cavab vermədim ki, yaşlı qadındı, ürəyi tutar”
  27 Fevral 2014    Oxunub:1270
“Zeynəb xanımın bu çıxışı gözlənilməz oldu, sözün açığı mənə xoş gəlmədi. Çünki orada nə hasar, nə də ki, digər söhbətlər gedirdi”.

Milli Məclisə 28 saylı Sabunçu üçüncü seçki dairəsindən seçilən millət vəkili Eldar Quliyev həmkarı, xalq artist Zeynəb Xanlarovanın parlamentin sonuncu iclasında Nardaranla bağlı səsləndirdiyi fikirlərə münasibət bildirib.

Xatırladaq ki, Z.Xanlarova parlamentdə çıxışında “Nardaran camaatını ayağa qaldırmasınlar. Sağ olsun ölkə başçısını, Nardaran sakinlərinin işıq, qaz problemi var idi. Prezidentə müraciət etdim və saatlarla da olsa, bu məsələ həll olundu. Amma mən çox qorxuram ki, camaat yenə ayağa qalxar. Yenə camaatı ayağa qaldırmayaq. Nardarana Binə yolu ilə gələndə elə evlər tikilib ki, elə hasarlar ucaldılıb ki, mən dünyanı gəzirəm, amma belə şey görməmişəm. Camaat ağlayır. Deyirlər hər şeyimizi əlimizdən alıblar, dənizimizi niyə əlimizdən alıblar? Sizi oğurlamayacaqlar ki ? Biri var bu hasarı evinin həndəvərində çəkə, biri də var ki, bütün dəniz boyu çəkib. Hasarı niyə çəkiblər? Kimin villasıdır bilmirik. İstəyirlər ki, xalq qalxsın ayağa, külnglərlə sındırsınlar o hasarları?”-deyə şikayətlənib.

E.Quliyev AzVision.az-a açıqlamasında deputat həmkarının belə bir mövqe göstərməsinə təəccübləndiyini deyib. Nardaranın deputatı təmsil etdiyi bölgədə Xalq artistinin dediyi kimi problemin olmadığını qeyd edib.

“Mən də Milli Məclisdə idim. Əlbəttə ki, Zeynəb xanımın bu çıxışı gözlənilməz oldu, sözün açığı mənə xoş gəlmədi. Çünki orada nə hasar, nə dəki digər söhbətlər gedirdi. O, dairənin 10 ildir ki, millət vəkili mənəm. Oradakı insanların hansı problemləri olubsa, həmişə mənə müraciət ediblər. Bizim orada da deputat korpusumuz var. Hər həftənin bazar günləri Nardaran, Bilgəh, Maştağa, Zabrat vətəndaşlarını qəbul edirik. Sosial məsələlərlə əlaqədar işıq, qazla bağlı problemlər olurdu, camaatla görüşürdük. Amma bu gün qətiyyətlə deyə bilərəm ki, bu və keçən il də nə qaz, nə işıq problemi olmayıb. Fasilərlə ola bilər. Belə problem Bakının mərkəzində də olur. Hətta ödəmələrdə də müəyyən problemlər yaranmışdı, amma həm dövlət tərəfindən bu problemlərin həll olunması üçün güzəştlər oldu, həm də camaat başa düşür ki, işıqdan, qazdan istifadə edirsə ödəmək lazımdır. Biz nardaranlıların problemləri ilə tanış oluruq, xeyir-şərlərində də iştirak edirik. Şəxsən özüm iştirak edirəm. Problemləri yaranan zaman bizə birinci deyirlər. Biz də dövlət orqanları ilə əlaqə saxlayıb, problemləri həll edirik”.

Bağların hasarlanması məsələsinə gəlincə, E. Quliyev bildirib ki, bu ənənə Abşeron və Bakıda ta qədimdən olub:

“Ta qədimdən Abşeron, Bakı həyətlərinin hamısında hasarlar var. Birində 2, birində 3, birində 1 metr ola bilər. Orada boya başa çatmış insanlar kimi, həm də kökümüz o zonadan olduğuna görə, biz bunları bilirik, oranın camaatının da xasiyyətinə bələdik. Birincisi, Nardaranda heç kim heç kimin həyətinə girməz. Əsas məsələ dəniz söhbətidir ki, Nardaran tərəfdə bağlar var, həmin bağlar dənizin içərisinə girir. Həmkarım Sabir Rüstəmxanlı dedi ki, Sanqaçala doğru gedəndə böyük tiklilər var, şəxsi evlər yox, sanatoriya tikintiləri var ki, buna da icra orqanları baxmalıdır. Çünki müvafiq qərar var. Qərar qəbul olundu ki, 80 metrə qədərdən sonra tikintilər olsun. Hesab edirəm ki, bu icra orqanlarına aid olan məsələdir”.

Millət vəkilinin sözlərinə görə, Nardaran camaatının əlindən torpaq alınması fikri də həqiqətə uyğun deyil: “Zeynəb xanım hamımızın böyük hörmət etdiyimiz qadındır, hamımızın fəxridir. 2-3 ildən sonra 80 yaşı olacaq. Uzun müddətdir ki, millət vəkilimizdir, SSRİ, Azərbaycan xalq artistidir. İndi kimsə nə söz deyibsə, ola bilər ki, buna görə belə ambisya ilə çıxış etdi. Məsələn dünən çıxış edib, deyib ki, camaatın əlində olanları alıblar. Soruşmaq istəyirəm ki, Nardaran, Maştağa, Bilgəhdə kimin əlindən dövlət nə alıb? İndiki dövrdə mülkiyyəti kim ala bilər, əksinə o dairəvi yol çəkiləndə, ölkə prezidenti tərəfindən tapşırıldı ki, hətta onların əllərində kağızları olmasa da yəni, təsdiq edilmiş kağızlar ki, bu, onların mülkiyyətidir, yenə öyrənilsin ki, bu bağlar onların ata-baba yurdları olubsa, onlara da ödəniş edildi. Dəniz tərəfdən hasar yoxdur, hərkəs gedib çimə bilir.

Millət vəkili Qalib Salahzadə çıxışında deyib ki, Bilgəhdə bir –iki belə bağ var. Onların da icazəsi, əllərində sənədləri var. Kimsə qanundan kənar çıxıbsa, qanun qarşısında cavab verəcək. Mənim Nardarandakı ofisim səhər saat 9-dan, 6-ya kimi işləyir. Bazar günü də mən özüm də orada oluram, vətəndaşlarla görüşürəm. Müxtəlif müraciətlər olub, amma hasarla bağlı bir nəfər də bizə müraciət etməyib. Həm də mənim əlimdən mülkiyyətim alınıb, belə bir söhbət də yoxdur. Ən böyük problemləri o dairəvi yolun çəkilməsi idi ki, onunla bağlı da cənab prezident göstəriş verdi ki, sənədi oldu-olmadı, ordakı insanlar deyir ki, bu sahə ata-babasının yurdudur, sənədi olanlara necə ödəniş verilirsə, hamısına elə verilsin. Bir nəfər deyə bilməz ki, mənim torpağımı götürdülər, pulumu vermədilər. Zeynəb xanıma dünən orada cavab vermək istəmədim, yaşlı qadındır, ürəyinə gələr, bir xəstəlik tutar, itki falan olur. Sonra ömrüboyu boyu özümü bağışlaya bilmərəm. Zeynəb xanımdır da, neyniyək indi?”.

Nihadə Eyyubova


Teqlər:  





Xəbər lenti