53 yaşlı məzun magistr olmaq istəyir

53 yaşlı məzun magistr olmaq istəyir
  27 Fevral 2014    Oxunub:1108
TQDK Azərbaycan Respublikasının ali təhsil müəssisələrinin magistratura səviyyəsinə qəbul imtahanının birinci mərhələsini keçirir.
Tələbə Qəbulu üzrə Dövlət Komissiyasından(TQDK) AzVision.az-a verilən məlumata görə, 2014-cü il martın 2-də tədris ili üçün ali təhsil müəssisələrinin magistraturalarına qəbul imtahanının birinci mərhələsini keçirəcəkdir. İmtahan Respublikanın 6 şəhərində - Bakı, Naxçıvan, Gəncə, Mingəçevir, Şəki və Lənkəran şəhərlərində, ümumilikdə 39 imtahan mərkəzində aparılacaq.

Ərizə qəbulu haqqında elan, elektron ərizələrin doldurulma qaydası, qəbul imtahanlarında iştirak etmək üçün yerinə yetiriləcək prosedurların xronoloji ardıcıllığı və digər zəruri məlumatlar “Magistr” jurnalının 2-ci sayında və Komissiyanın rəsmi internet resurslarında bakalavrlara təqdim olunmuşdur.
Ərizələrin qəbulu internet vasitəsilə fevralın 11-dən 20-dək aparılmışdır. Bakalavrlar ötən illərdən fərqli olaraq, bu il "Elektron ərizəsi" formasını Sənəd Qəbulu Komissiyalarına (SQK) müraciət etmədən internetlə özləri təsdiq etmişlər. SQK-da yalnız əcnəbilər və vətəndaşlığı olmayan şəxslər, xarici ölkələrdə ali təhsil almış Azərbaycan Respublikasının vətəndaşları ərizələrini təsdiq etdiriblər.

İmtahanda iştirak etmək üçün 24560 (ötən il 21623) bakalavr ərizə təqdim etmişdir. Onlardan 21874 nəfəri Azərbaycan bölməsi, 2686 nəfəri rus bölməsi üzrə imtahan verəcəkdir. Ərizə verənlərin 11553 nəfəri oğlan, 13007 nəfəri isə qızlardır. Bakalavrlardan 12540 nəfəri cari ilin məzunları, 12020 nəfəri isə əvvəlki illərin məzunlarıdır. 73 nəfər xarici ölkə vətəndaşıdır. İmtahanda iştirak edəcək ən yaşlı bakalavr 1961-ci il təvəllüdlü, ən gənc isə 1995-ci il təvəllüdlüdür.

Qəbul imtahanı Bakı şəhərində 30, Naxçıvan şəhərində 2, Gəncə şəhərində 4, Mingəçevir şəhərində 1, Şəki şəhərində 1, Lənkəran şəhərində 1 binada təşkil olunacaq. Bakıda 19666, Naxçıvanda 688, Gəncədə 2366, Mingəçevirdə 618, Şəkidə 609, Lənkəranda isə 613 bakalavrın imtahan verəcəyi gözlənilir.
İmtahanın idarə olunmasına 171 imtahan rəhbəri, 1856 nəzarətçi-müəllim cəlb olunacaq.

Bütün bölgələrdə qəbul imtahanının gedişini TQDK-da akkreditasiyadan keçmiş 50-dən çox KİV nümayəndəsi müşahidə edəcəkdir. Bakalavrlar imtahanda iştirak etmək üçün fevralın 27-dən martın 2-dək TQDK-nın internet saytına daxil olaraq iş nömrəsi və şifrlərindən istifadə etməklə “Bakalavrın imtahana buraxılış vərəqi”ni çap etməlidirlər. Burada bakalavrların imtahan verəcəyi bina, imtahanın tarixi və digər məlumatlar qeyd olunur.


Teqlər:  





Xəbər lenti