Ziya Məmmədov Azercell-i məhkəməyə verməyib

Ziya Məmmədov Azercell-i məhkəməyə verməyib
  27 Fevral 2014    Oxunub:1287
“Bu tipli yanlış xəbərləri yayaraq, ictimaiyyətin aldadılması böyük təəssüf doğurur”.
Azərbaycanın Nəqliyyat Nazirliyinin Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi ölkənin ən böyük mobil operatorlarından olan Azercell-i məhkəməyə verməsi barədə yayılan xəbərlərə münasibət bildirib.

AzVision.az xəbər verir ki, mərkəzin mətbuat xidmətinin rəhbəri Şəfa Mehmanqızının oxu.az-a bildirdiyinə görə, bu gün bəzi mətbu orqanlarda NİİM və Azercell şirkətləri arasında məhkəmə çəkişməsinin başlaması barədə xəbərlər yayılıb.

Onun sözlərinə görə, yayılmış xəbərlərin həqiqətə uyğun deyil və sadəcə qeyri-peşəkar jurnalistlərin təxəyüllərinin məhsuludur:

“Nəqliyyatın İntellektual İdarəetməsi Mərkəzinin Azercell şirkəti ilə heç bir problemi yoxdur.

Məsələ isə ondan ibarətdir ki, Azercell şirkətinin əməkdaşının idarə etdiyi avtomobil Salamzadə küçəsində qəza törədərək, oradakı dayanacağa ziyan vurub. Və biz də dəymiş ziyanın həmin sürücü tərəfindən ödənilməsi üçün məhkəməyə müraciət etmişik. Bir daha qeyd etmək istəyirəm ki, NİİM-in Azercell şirkəti ilə heç bir problemi yoxdur.

Biz yalnız şirkətin əməkdaşını məhkəməyə vermişik. Bu adi mülki məhkəmə prosesidir və Nəqliyyat Nazirliyinə heç bir aidiyyatı yoxdur. Bunu Nəqliyyat Nazirliyinin Azercell-i məhkəməyə verməsi kimi təqdim etmək doğru deyil və bu tipli yanlış xəbərləri yayaraq, ictimaiyyətin aldadılması böyük təəssüf doğurur”.

Qeyd edək ki, bu gün bəzi informasiya saytlarında Nəqliyyat Nazirliyinin Nəqliyyatı İntellektual İdarəetməsi Mərkəzinin mobil rabitə operatoru olan Azercell şirkətini məhkəməyə verməsi barədə məlumatlar yayılmışdı.


Teqlər:





Xəbər lenti