Mehriban Əliyeva Parisdə sərgidə - FOTOLAR

Mehriban Əliyeva Parisdə sərgidə - FOTOLAR
  28 Fevral 2014    Oxunub:1250
Fevralın 27-də Parisdə görkəmli rəssam, SSRİ və Azərbaycan dövlət mükafatları laureatı, SSRİ Xalq Rəssamı Tahir Salahovun "Əsrlərin qovuşuğunda" adlı fərdi sərgisi açılıb. Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva sərginin açılış mərasimində iştirak edib.

AzVision.az AzərTAc-a istinadən xəbər verir ki, dünya şöhrətli Azərbaycan rəssamı Tahir Salahovun Paris sərgisinin açılışında iştirak etmək üçün Fransa İnstitutuna gələn Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva əvvəlcə tədbirin keçirildiyi Fransa İncəsənət Akademiyasının fəaliyyəti ilə tanış olub. Akademiyanın daimi katibi Arno Dotriv bildirib ki, 1662-ci ildə əsası qoyulan Fransa İnstitutu özündə müxtəlif sahələrə aid 5 akademiyanı birləşdirir və onlar Fransa tarixi, mədəniyyəti və incəsənəti ilə bağlı müxtəlif layihələr və elmi araşdırmalar həyata keçirir.

Arno Dotriv dünyada kifayət qədər tanınan Tahir Salahovun yaradıcılığına Fransada böyük marağın olduğunu və bu sərgidə nümayiş etdirilən əsərlərin tamaşaçılara yüksək zövq aşılayacağını bildirib. O qeyd edib ki, Fransa hər zaman Tahir Salahov yaradıcılığı ilə təmasdan böyük şərəf duyur və bu amil bugünkü sərginin də əsas qayəsini təşkil edir.

Azərbaycanın mədəniyyət və turizm naziri Əbülfəs Qarayev Fransada bu sərginin açılmasını Azərbaycan mədəniyyəti üçün tarixi hadisə kimi dəyərləndirib. "Fransa İncəsənət Akademiyasında ilk dəfədir ki, Azərbaycan rəssamının sərgisi açılır", - deyən nazir, görkəmli fırça ustası Tahir Salahovun yaradıcılığının bütün bəşəriyyətə məxsus olduğunu vurğulamışdır. Nazir demişdir ki, Parisdə sərgilənən bu əsərlər bir daha Tahir Salahov yaradıcılığının akademik səviyyəsindən xəbər verir.

Xalq Rəssamı Tahir Salahov onun fərdi sərgisinin təşkilində əməyi olan hər bir kəsə minnətdarlıq etmiş, Heydər Əliyev Fonduna və Fondun prezidenti Mehriban Əliyevaya bu təşəbbüsə verdiyi dəstəyə görə təşəkkürlərini çatdırmışdır. Sərginin açılışını həyatının ən unudulmaz günlərindən birinə çevrildiyini deyən Tahir Salahov əsərlərinin Fransa İncəsənət Akademiyasında nümayiş etdirilməsindən şad olduğunu bildirmişdir.
Sonra qonaqlar - Fransanın görkəmli mədəniyyət xadimləri, Parisdə akkreditə olunmuş diplomatik korpusun və Fransa hökumətinin nümayəndələri sərgi ilə tanış olublar.

Sərgidən sonra UNESCO-nun mənzil qərargahında qurumun baş direktoru İrina Bokovanın bu vəzifəyə yenidən seçilməsi münasibətilə rəsmi qəbul təşkil olunub.
Azərbaycanın birinci xanımı, UNESCO-nun xoşməramlı səfiri Mehriban Əliyeva mərasimdə iştirak edib.

Qalereya




Teqlər:  





Xəbər lenti