“Bu, mənim üçün gözlənilməz oldu” – Kamal Abdulla
Dövlət başçısının digər sərəncamı ilə K.Abdulla Azərbaycan Respublikasının millətlərarası, multikulturalizm və dini məsələlər üzrə Dövlət müşaviri təyin edilib.
Yeni vəzifəyə təyinat alan K.Abdulla təəssüratlarını AzVision.az-la bölüşüb. “Təbrikləriniz üçün çox sağ olun. Bu, mənim üçün gözlənilməz oldu. Bu məsələlər barədə sonra danışarıq. Yanımda adamlar var. Danışa bilmirəm”-deyə K.Abdulla bildirib.
Kamal Abdulla 1968-1973-cü illərdə Azərbaycan Dövlət Universitetinin filologiya fakültəsində təhsil alıb. 1973-1976-cı illərdə SSRİ EA Dilçilik İnstitutunun “Türk dilləri” şöbəsinin əyani aspirantı olub.
1977-ci ilin yanvar ayında Moskvada “Sintaktik paralelizm” (“Kitabi-Dədə Qorqud” dastanlarının dili üzrə) adlı namizədlik dissertasiyası müdafiə edib. 1984-cü ildə Bakıda “Azərbaycan dili sintaksisinin nəzəri problemləri” adlı doktorluq dissertasiyası müdafiə edib.
Türk xalqlarının qədim epik ədəbiyyatları sahəsində araşdırmalar müəllifidir. Müxtəlif ölkələrin universitetlərində ( Rusiya, Türkiyə, Polşa, Fransa, Almaniya, ABŞ...) “Ümumi dilçilik”, “Mətn sintaksisi”, “Kitabi-Dədə Qorqud” dastanlarının kulturoloji aspektlərinə həsr olunmuş mühazirələr və xüsusi kurslar aparıb.
Elmi və publisistik məqalələri Azərbaycanda və ondan kənarda mütəmadi çap olunur. 2000-ci ilin iyun ayından Bakı Slavyan Universitetinin rektoru vəzifəsində çalışıb.
Nihadə Eyyubova