Gənclər Fondu illik hesabat verdi

  01 Mart 2014    Oxunub : 439
Gənclər Fondu illik hesabat verdi
Bakıda Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun illik hesabat konfransı keçirilir.
AzVision.az AzərTAc-a istinadən xəbər verir ki, konfransda Fondun iki il ərzində həyata keçirdiyi 4 qrant müsabiqəsi çərçivəsində maliyyələşdirilmiş layihələr, onların hesabatlılıq vəziyyəti, göstərdiyi nəticələr müzakirə olunur.

İllik hesabat konfransında Fondun icraçı direktoru Fərhad Hacıyev deyib ki, Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun I qrant müsabiqəsi çərçivəsində 176 layihədən 129-u, II qrant müsabiqəsi zamanı 387 layihədən 170-i, III qrant müsabiqəsinə daxil olmuş 421 layihədən 331-i və yalnız fərdi gənclər üçün elan olunmuş IV qrant müsabiqəsi çərçivəsində 668 müraciətdən 391-i dəstəklənib.

F.Hacıyev bildirib ki, dörd müsabiqədə ümumi müraciətlərin sayı 1641, maliyyə dəstəyi alan layihələrin sayı isə 1021 olmuşdur. Bu isə ümumi müraciətlərin 62 faizini təşkil edir.

İcraçı direktor qeyd edib ki, Azərbaycanın beynəlxalq səviyyədə layiqincə təmsil olunması və ölkəmizin dünyada tanınması məqsədilə gənclərə səfər qrantları da ayrılıb. Bu günədək 56 nəfər gənc beynəlxalq tədbirlərdə iştirak etmək üçün Fond tərəfindən maliyyə dəstəyi alıb. Fondun maliyyələşdirdiyi layihələrdə əmək haqqı alan işçilərin sayı 1374 nəfər, Fondun maliyyələşdirdiyi layihələr çərçivəsində hazırlanmış internet resurslarının sayı 48 olub. Fondun maliyyə dəstəyi ilə 581 min 933 təbliğat vəsaiti çap olunmuş və paylanmış, maliyyələşdirilən tədbirlərdə dünyanın 62 ölkəsindən gənclər iştirak edib.

Vurğulanıb ki, hazırda Fondun saytında 290 gənclər təşkilatı və 2438 fərdi gənc qeydiyyatdan keçib. Facebook sosial şəbəkəsində Fondun dostlarının sayı 27 min 500 nəfərə, twitter səhifəsinin izləyicilərinin sayı isə 2100 nəfərə çatıb.

Azərbaycan Prezidenti Administrasiyasının ictimai-siyasi məsələlər şöbəsinin müdir müavini, Gənclər Fondunun Müşahidə Şurasının sədri Tahir Süleymanov çıxış edərək deyib ki, Fondun maliyyələşdirdiyi layihələr əsasən gənclərin intellektual inkişafına, asudə vaxtlarının səmərəli təşkilinə, regionlardakı gənclərin fəallığının artırılmasına, gənclərin beynəlxalq əlaqələrinin inkişafına yönəldilib.

Fondun reallaşdırdığı layihələr çərçivəsində maraqlı tədbirlərin baş tutduğunu qeyd edən T.Süleymanov bildirmişdir ki, qeyri-hökumət təşkilatları sektorunda dövlət tərəfindən maliyyələşdirilən ən çox layihələr məhz gənclər təşkilatlarına aiddir. Bu da gənclərə göstərilən yüksək diqqət və qayğının bariz sübutudur.

Ancaq bu layihələrin icrası gedişində müqavilədən kənar hallara da rast gəlinir. Bu cür çatışmazlıqlar isə təəssüf hissi doğurur. Biz çalışmalıyıq ki, bu cür hallar təkrarlanmasın.

Daha sonra konfransda çıxış edən gənclər və idman nazirinin müavini İntiqam Babayev qeyd edib ki, Azərbaycanda gənclərə dövlət səviyyəsində göstərilən maliyyə dəstəyi ildən-ilə artır.

Dövlət gənclər siyasətindən danışan İ.Babayev bildirib ki, bu sahədə əldə olunan uğurlar artıq dünya səviyyəsində təqdir olunur. Bizim qazandığımız təcrübə bir sıra ölkələrə örnək göstərilir. Bu sahədə əldə edilən nailiyyətlərdə Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun da xüsusi yeri vardır. Əminəm ki, Fond gənclərlə qurduğu işi gələcəkdə də uğurla davam etdirəcək, yeni-yeni layihələrə imza atacaq.

Teqlər: