İqtisadçı ekspert: “Xilaskar yenə də neftdir”

  İqtisadçı ekspert: “Xilaskar yenə də neftdir”
  20 Aprel 2021    Oxunub:2568
Dövlət Gömrük Komitəsi (DGK) 2021-ci ilin yanvar-mart aylarında Azərbaycanın ən çox ixrac və idxal etdiyi mallar haqqında hesabat təqdim edib. Hesabata görə, ümumi ixrac həcmi 4,137 milyard dollar, idxal isə 2,53 milyard dollar həcmində olub.
Bunu Azvision.az-a iqtisadçı ekspert Eldəniz Əmirov deyib. O bildirib ki, 3 ay ərzində Azərbaycanın xarici ticarətində 1,6 milyard dollar müsbət saldo yaranıb:

“Bu, əladır. Amma xilaskar yenə də neftdir. Belə ki, satdığımızın məhsulun 3.63 milyard dolları neft-qaz sektorunun payıdır. Bu isə ümumi ixracın 87.88%-ni təşkil edir. Deməli, ixracın neft-qaz məhsulu hesab edilməyən hissəsinin payı 12.12% -dir. Bu isə 501 milyon dollar həcmində qeyri-neft ixracatı deməkdir. Lakin burada bir incə məqam var. Belə ki, qeyri-neft ixracatı strukturuna daxil edilən plastmas və onlardan alınan məmulatlar əsas xammalı korbohidrogen ehtiyatlarının hasilatı zamanı yaranır. Bu məbləğ 90,238 milyon dollar təşkil edir. Deməli, əslində qeyri-neft ixracının həcmində belə neft amilinin təsiri müşahidə edilir. Neft-qaz sektoruna daxil olmayan mallar üzrə ixracın strukturunda isə lider mövqeyə meyvə-tərəvəz məhsulları başçılıq edir. Bələ ki, 2021-ci ilin yanvar-mart aylarında meyvə-tərəvəz ixracından daxil olmuş məbləğ 97,2 milyon dollar həcmindədir”.

İqtisadçı vurğulayıb ki, ikinci yerdə plastmas və ondan alınan məmulatlar 90,238 milyon manatla qərarlaşır. İxracda neft və neft məhsullarının payının azaldılması prioriotet istiqamət olsa da, görünən odur ki, buna lazımi səviyyədə nail olmaq hələlik mümkün deyil.

Bundan əlavə, ekspert deyib ki, daha ciddi nəticələr üçün vacib işlərin görülməsinə ehtiyac var. Daha dəqiqi, ixrac potensialı sahələrinin inkişafı üçün kompleks tədbirlər gücləndirilməlidir.

"Hesabatın idxal hissəsilə tanış olanda yenə təəssüfdoğurucu məqamlarla qarşılaşırıq. Elə məhsullar var ki, onların idxalını hardasa anlamaq olar. Məsələn, maşın və mexanizmlər, nəqliyyat mexanizmləri və s. Amma arpa və qarğıdalı üçün ölkədən 7,8 milyon dollar vəsait çıxarılıb. Ya da olsun ət üçün 14 milyon dollar, piy və yağlar üçün 62,8 milyon dollar vəsait sərf edilib. Axı, praktiki olaraq bizim bu təlabatı ödəmək potensialımız çoxdur. Bu qədər məhsuldar torpaqlar varkən, nədən milyonlar kənd təsərüfatı məhsullarının idxalına xərclənsin?!

Bütün hallarda Azərbaycan üçün qeyri-neft sektorunun inkişafı birmənalı kənd təsərrüfatından başlanılmalıdır. İdxaldan asılılğın azalması, daxili təlabatın ödənilməsi, regionlarda məşgulluğun artırılması və s. kimi bütün məsələlər öz həllini məhz kənd təsərrüfatında ciddi irəliləyişlərin olmasında tapa bilər. Amma bunu nəzəri cəhətdən, qanunlarda və rəsmi tədbirləri əks etdirən sənədlərdə yox, bunların yerlərdə praktik icrasına nail olmaq, həm də ən müasir innovativ yanaşmaların tətbiqi ilə nail olmaq lazımdır”.

Azvision.az


Teqlər: EldənizƏmirov  





Xəbər lenti