Londonda `Qafqazda konfessiyalar` konfransı
Cəmiyyətdən AzVision.az-a bildiriblər ki, konfransın rəsmi açılışında çıxış edən Avropa Azərbaycan Cəmiyyətinin (TEAS) direktoru Lionel Zetter tədbirin elmi əhəmiyyətini vurğulayıb, Azərbaycanda mövcud olan milli və dini tolerantlıqdan söz açmışdır. L.Zetter bildirmişdir ki, iki gün davam edəcək konfrans Azərbaycanın tarixi reallıqlarının, Qafqazın tarixində dini konfessiyaların yerinin və rolunun elmi əsaslandırılması baxımından mühüm əhəmiyyətə malikdir.
Londonun Müqəddəs Pavel baş kilsəsinin dekanı Devid Ayson təmsil etdiyi Anqlikan kilsəsi adından tədbir iştirakçılarını salamlayıb, Böyük Britaniyada kilsənin mühüm rolundan danışıb. D.Ayson Böyük Britaniyanın, xüsusilə də Londonun dini-etnik mənzərəsinin rəngarəng olduğunu vurğulayıb. Buna baxmayaraq, Böyük Britaniyada bütün dini icmaların hüquqlarının təmin olduğu, onların inkişafı üçün hər cür şəraitin yaradıldığı qeyd edilib.
Konfrans plenar iclasdan sonra işini müxtəlif bölmələr üzrə davam etdirib. İlk bölmə qədim konfessiyalardan olan Zərdüştlüyün və İudaizmin tarixinə həsr edilib. Növbəti bölmədə alban Apostol kisəsinin tarixinə və alban yazısına dair elmi məruzələr dinlənilib.
Konfrans Qafqazdakı konfessiyalarla bağlı bölmələrlə işini davam etdirir.