Daha bir ştat Xocalı soyqırımını tanıdı

Daha bir ştat Xocalı soyqırımını tanıdı
  04 Mart 2014    Oxunub:1014
Martın 3-də ABŞ-ın İndiana ştatının Senatında Xocalı faciəsinin 22-ci ildönümünə həsr olunmuş Qətnamə qəbul olunub.

Azərbaycanın ABŞ-dakı səfirliyindən verilən məlumata görə, sənəddə 1992-ci ilin 25-26 fevral tarixlərində Ermənistan silahlı qüvvələrinin Azərbaycanın Xocalı şəhərini işğal etməsi və burada 600-dən artıq günahsız insanın, o cümlədən çoxsaylı qadın və uşaqların qətlə yetirilməsi qeyd olunur.

Qətnamədə bildirilir ki, Azərbaycan Respublikasının əraziləri, BMT Baş Məclisi və Təhlükəsizlik Şurasının bunu qəti şəkildə pisləyən qətnamələrinə baxmayaraq, bu günədək Ermənistanın işğalı altındadır.
Qətnamənin surətinin ABŞ Prezidenti, Senatı, Nümayəndələr Palatası, Dövlət Departamenti və Bakıdakı səfirliyinə göndəriləcəyi qeyd olunur.
Beləliklə İndiana Xocalı qətliamını tanıyan ABŞ-ın 15-ci ştatı oldu. Qeyd edək ki, keçən il Xocalı qətliamına həsr olunmuş qətnamələr Texas, Nyu Meksiko, Tennessi, Oklahoma və Pensilvaniya ştatlarında qəbul edilib.
1992-ci il fevralın 25-dən 26-na keçən gecə erməni işğalçı birləşmələri Xankəndidə yerləşən (o zaman Stepanakert adlanıb) sovet qoşunlarının 366-cı motoatıcı alayı ilə birgə hər tərəfdən mühasirəyə alınmış Xocalı şəhərini bütün növ artilleriya sistemindən atəşə tutublar, sonra isə Dağlıq Qarabağda Xankəndinin 23 km.-də yerləşən bu şəhəri işğal ediblər.

Erməni silahlı birləşmələrinin hücumları nəticəsində 613 adam vəhşicəsinə qətlə yetirilib, 1275 nəfər əsir götürülüb və onların taleyi indiyədək məlum deyil. Səkkiz ailə tamamilə məhv edilib. Qətlə yetirilənlər arasında 106 qadın, 83 uşaq, 70 qoca olub. 25 uşaq hər iki valideynini, 130 uşaq bir valideynini itirib.(Trend)



Teqlər:  





Xəbər lenti