Onlayn ticarət “kabusu”: Xırda mağazalar sağ qala biləcəkmi? – Ekspert rəyi
Ekspertə görə, birinci məsələ budur ki, pandemiya vaxtı müşahidə edilən onlayn ticarət bumu əksər ölkələrdə bu sahədə xidmət göstərən şirkətlərin böyüməsinə və güclənməsinə gətirib çıxarıb. Məsələn, Rusiyada ilk dəfə olaraq məhz pandemiya dövründə əhalinin xarici elektron mağazalarda alış-veriş etməsi azaldı, yerli şirkətlərin payı artdı. Bizdə isə əksinə, xaricdəki elektron mağazalarla rəqabət apara biləcək yerli şirkət yoxdur.
- Biz ayrı yolla getdik: Xaricdəki mağazalardan edilən sifarişləri gətirmək üçün çatdırılma xidmətləri yaradıldı və sürətlə böyüdülər. Həmin xidmətlərin yerli ofislərindəki növbələrin yəqin, hamımız şahidi olmuşuq. Lakin çatdırılma xidməti onlayn ticarət deyil, ən yaxşı halda, onun bir infrastrukturudur. Nəticədə, azərbaycanlılar kütləvi şəkildə xarici onlayn mağazaların alıcısına çevrildilər. Bu halda, xaricə valyuta axınının artmasına təəccüblənməməliyik. Ölkədə kimdən soruşsan, asanlıqla yaxın və uzaq xaricdəki ən azı 10-15 məşhur onlayn mağazanın adını çəkər. Amma bizim özümüz isə, təəssüf ki, bu dalğanı qaçırdıq. Hərçənd, hələ də heç nə gec deyil və beynəlxalq ekspertlərin də gözlədiyi kimi, onlayın ticarətin inkişafı ən azı ilin sonuna kimi samballı rəqəmlərlə artmaqda davam edəcək,- deyə Ə.Məhərrəmzadə əlavə edib.
O, belə bir incə məqama diqqət yetirməyi vacib hesab edir ki, bizdə ənənəvi mağazalar onlayn satış xidmətlərini inkişaf etdirməyə başladılar, amma bu, onlayn satış demək deyil: “Bu, mahiyyətcə, elə həmin çatdırılma xidmətidir, sadəcə, onu mağazanın özü göstərir. Onlayn mağazanın fərqi budur ki, onun icarə haqqı ödədəyi böyük satış salonu, maaş verdiyi ixtisaslaşmış satıcı personalı olmur, nəticədə, malın qiyməti ucuzlaşır. Prinsipcə onlayn-mağaza - vitrini sayt olan anbar deməkdir. Məhz buna görə insanlarımız “ucuzdur” deyə, xarici onlayn mağazalardan alış-veriş edirlər. Ölkəmizdə isə hansısa malın saytdakı qiymətilə salondakı qiyməti praktik olaraq, fərqlənmir.
Halbuki, ucuzluqla yanaşı, xaricdən alış-veriş etməyin mənfi cəhətləri də az deyil. İki-üç həftəlik çatdırılma müddəti, malın keyfiyyətinə hansısa irad olarsa, onun qaytarılması və ya dəyişdirilməsinin çətinliyi kifayət qədər ciddi məsələlərdir. Ölkədə ənənəvi mağazalarla ciddi qiymət rəqabəti apara bilən həqiqi, “təmiz” onlayn mağazalar olsa, bu, hamıya sərf edərdi. Təbii ki, ənənəvi mağazalardan başqa”.
İqtisadçının fikrincə, ənənəvi mağazaların vəziyyəti işin ikinci ciddi tərəfidir. Azərbaycanda pərakəndə ticarətin iqtisadi və sosial əhəmiyyətini tam şəkildə təsvir etmək çətindir. “Statistika Komitəsinin rəsmi saytından bəlli olur ki, son bir ildə ölkədə pərakəndə ticarət təxminən 1,4 faiz azalıb. Azalma əsasən geyim, ayaqqabı, aksessurlar, elektronika malları, oyuncaqlar seqmentindədir. Niyə? Çünki həmin mallar xarici mağazalardan sifariş olunublar. Xaricdəki mağazalar bizim sahibkarın qazancına şərik olub. Burada dövlətin pərakəndə ticarətlə məşğul olan kiçik və orta sahibkarları qorumaq məsələsi ortaya çıxır. Gömrükdə bir nəfər üçün ayda 300 dollarlıq limitin tətbiqi məhz buna xidmət edirdi. Amma aydındır ki, onlayn ticarət indiki templərlə inkişafını davam etdirərsə, həmin limit xırda ticarətçiləri xilas edə bilməyəcək. Burada vətəndaşın az pul ödəmək marağı ilə sahibkarın bazarda sağ qalmaq marağı toqquşduğundan, onların arasında seçim etmək hökumət üçün çətindir. Limit azalarsa, bu, vətəndaşa, çoxalarsa, kiçik biznesə zərbə olacaq”.
Ə.Məhərrəmzadəyə görə, optimal yol odur ki, ənənəvi mağazalar yaranmış vəziyyəti real dəyərləndirərək, onlayn ticarətlə rəqabət apara bilmək üçün yeni taktika fikirləşsinlər: “Qiymətin müqəyyənləşməsində daha ədalətli sxemin tətbiqi, real endirim kampaniyaları, sərfəli taksit imkanları, xidmətin səviyyəsini yüksəltmək, alınan malın dəyişdirilməsi və qaytarılmasını daha da asanlışdırmaq, çeşid bolluğunu artırmaq və sair və ilaxır kimi məsələlərdə yeni standartlar tətbiq etməklə, offlayn mağazalar bazarda öz yerlərini möhkəmləndirə bilərlər. Əks halda bir müddətdən sonra onlayn mağazalarla bacara bilməyəcəklər”.
Teqlər: Ticarət Onlayn-ticarət