“Onlar Azərbaycanı sevmirlər” - ETİRAZ

 “Onlar Azərbaycanı sevmirlər” - ETİRAZ
  04 Mart 2014    Oxunub:937
Milli Məclisin bu gün keçirilən iclasında YAP-ın icra katibinin müavini, millət vəkili Siyavuş Novruzov ABŞ Dövlət Departamentinin Azərbaycanla bağlı mövqeyindən şikayətlənib.

AzVision.az xəbər verir ki, o, Azərbaycanla bağlı hesabatı qərəzli olduğunu deyib:

“ABŞ Dövlət Departamentinin Azərbaycanda insan hüquqları ilə bağlı hazırladığı hesabatı diqqətlə oxuduqda görürük ki, 10 il bundan əvvəl nə yazılıbsa, indi də həmin yazılanlar təkrar olunub. Hesabatda Azərbaycanın işğal olunan əraziləri ilə bağlı bir fikir səsləndirilib, o da tamamilə qərəzli formadadır. Orada qeyd edilib ki, Azərbyacanın Dağlıq Qarabağ və ətraf 7 rayon hələ də Ermənistan separatçılarının köməyi ilə işğal altındadır. Yazılmayıb ki, həmin ərazilər Ermənistan dövlətini himayə edənlərin gücü nəticəsində işğal altındadır. Digər tərəfdən isə Azərbaycanda insan hüquqlarının qorunması ilə məşğul olan erməni mənşəli insanlar tərəfindən yalan, böhtan, şər xarakterli məlumatların hamısı hesabatda dərc olunub. Bu cür ikili standartlarla məsələ yanaşdıqda başqa yerdə də başqa hadisələr baş verir. Ermənistandakı seçkilərlə Azərbaycandakı seçkiləri müqayisə etmək olmaz. Çünki ölkəmizdə azad, ədalətli və şəffaf seçkilər keçirilib. Ancaq Ermənistanda prezidentliyə namizədlyini irəli sürən insana qarşı terror aktına qədər törədildi”.

Deputat daha sonra hesabatda İlqar Məmmədovla bağlı qeyd olunan məsələyə toxunub.

“Bununla yanaşı, digər məlumatda qeyd edirlər ki, İlqar Məmmədov prezidentliyə namizəd idi. Yalanın böyüklüyünə bir baxın. İlqar Məmmədov həmin vaxt həbsxanada idi. O nə vaxtdan prezidentliyə namizədliyini vermişdi?! Prezidentliyə namizəd olmaq üçün müəyyən statuslar mövcuddur. İlqar Məmmədovun hansı statusu var? Buna görə də hesabatda yer alan bütün fikirlər yalandır.

Spiker Oqtay əsədov isə deyib ki, həmin qurumlar Azərbaycanı sevmirlər: “Nə qədər də problemlər həll olunsa da yenə də ikinci bir məsələni ortaya çıxaracaqlar. Lakin onların qaldırdığı məsələ öz-özlüyündə həll olunacaq. Biz bu kimi məsələləri güc yolu ilə həll edə bilmərik. Hər kəs şahid olacaq ki, bu kimi problemlər yavaş-yavaş öz həllini tapacaq”.

Sevinc İltifatqızı


Teqlər:  





Xəbər lenti