3 məhkəmə sədri vəzifəsindən azad edilib - HESABAT

  04 Mart 2014    Oxunub : 439
3 məhkəmə sədri vəzifəsindən azad edilib - HESABAT
“Azərbaycanda 2013-cü il ərzində 3 məhkəmə sədri vəzifəsindən azad edilib, 5 hakimin səlahiyyətlərinə isə xitam verilib. Buna hakimlərin işlərində ciddi nöqsan və çatışmazlıqlara yol vermələri səbəb olub”.

AzVision.az xəbər verir ki, bunu Ombudsman Elmira Süleymanova Milli Məclisdə "Azərbaycanda insan hüquqlarının və azadlıqlarının təmin edilməsi və müdafiəsinin vəziyyəti haqqında" Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkilinin (Ombudsmanın) 2013-cü il üzrə illik məruzəni təqdim edərkən bildirib.

Məruzədə ötən il 3 hakim barədə intizam icraatına baxılması da qeyd olunur.

E.Süleymanova deyib ki, 2013-cü ildə məhkəmə qərarlarının icra edilməməsi ilə bağlı Ombudsmanın ünvanına 697 müraciət daxil olub.

Müraciətlərdə məhkəmə qərarlarının icra edilməsi, süründürməçiliyə yol verilməsi, icra məmurları tərəfindən vətəndaşlara münasibətdə kobud rəftar və s. hallar öz əksini tapıb. Edilən müraciətlər üzrə zəruri araşdırma aparılıb, həmin qərarların icrasına tam və yaxud qismən nail olunub.

Sənəddə göstərilir ki, qanunvericiliyin tələblərinin pozulmasına yol verdikləri üçün Bakı şəhəri Nizami rayon Məhkəməsinin hakimi Ziya Əliyevin və Masallı rayon Məhkəməsinin hakimi Vidadi Nəsirovun iş yerinin dəyişdirilməsi barədə qərar qəbul edilib, Sabunçu rayon Məhkəməsinin hakimi Elşən Kazımova isə irad tutulub. Eyni zamanda birinci instansiya məhkəmələrinin qanunvericiliyin tələblərini pozan 4 hakimi barədə intizam icraatına başlanılıb.

Ombudsman Elmira Süleymanova həmçinin illik hesabatında məktəbəqədər təhsil müəssisələrinin vəziyyətindən də danışıb. Onun sözlərinə görə, uşaq bağçalarının əksəriyyəti yararsız haldadır: “Bu sahədə çoxli iş görülməli, bu müəssisələr Təhsil Nazirliyinin tabeliyinə qaytarılmalıdır”. Ombudsman həmçinin rayonlarda da bəzi məktəblərin təmirə ehtiyacı olduğunu, bir qisminin isə ümumiyyətlə qəzalı vəziyyətdə olduğunu bildirdi.

E.Süleymanova istismara qəbul edilib qazlaşdırılmayan yeni binalardan da danışıb. Ombudsmanın sözlərinə görə, mülki işlərlə bağlı 2257 müraciət olub. Bunların arasında əmlakın məhkəmə qərarın olmadan sökülməsi, vaxtında ədalətli kompensasiya verillməməsi, vətəndaşlara məxsus evlərin yerləşdiyi torpaqların onların razılığı olmadan bina tikintisi üçün şirkətlərə satılması və s ilə bağlıdır.

Sevinc İltifatqızı

Teqlər: