“Xoşum gəlməyən oğlanları döyürdüm” – Layihə

“Xoşum gəlməyən oğlanları döyürdüm” – Layihə
  04 Mart 2014    Oxunub:978
İnsan yaşadığı, var olduğu müddətdə daima həyatında nəyisə dəyişir. Bu bəzən adi, sadə əşyadan tutmuş çevrəyə, dostlara qədər uzanan bir dəyişiklik olur. Kimi xasiyyətini, evini, iş yerini, kimi həyat yoldaşını, kimi də bütünlüklə həyatını dəyişir. Amma fərq etməz dəyişilənlər və ya dəyişdirilənlər sonradan ömür səhifələrində kiçik, ya da böyük xatirələrə çevrilir. Dəyişikliklər həyatımızda bəzən xoş, bəzən isə xoşagəlməz izlər qoyur .

Amma heç də hər zaman arzuladığımız həyata aparan yolda bəyənmədiklərimizi dəyişdirmək imkanımız olmur. İllər ötdükcə isə edə bilmədiklərimiz “KAŞKİ...”lərə çevrilir. “İndiki ağlım olsaydı”, “İndiki pulum olsaydı”, “ İndiki vaxtım olsaydı” ...... dəyişərdim kimi ifadələrin bəzən sayı-hesabı olmur...


AzVision.az - ın “NƏYİ DƏYİŞƏRDİN?” rubrikasının budəfəki həmsöhbəti Əməkdar artist Kübra Əliyevadır. Aktrisamız keçmişə qayıtmaq şansı olarsa, həyatında nəyi dəyişmək istədiyindən danışıb.

“Kiməsə möhtac olmaq istəmirəm...”

-Mən sağlamlığıma o qədər də əhəmiyyət vermirdim. Elə hey çalışırdım. Demək olar ki, illərlə həkimə getmirdim. Sağlamlığımı çox itirdim . 40 il bundan qabaq bilsəydim ki, bu günki kimi xəstələnəcəm vaxtlı-vaxtında həkimə gedib müayinə olunardım, yəni hər xəstəliyin tez tapılması, bəlli olması onun müalicəsinə daha çox kömək edir. Bir Kübra xanım kimi mən bunu bütün qadınlara , gənclərimizə tövsiyyə edərdim ki, elə ki, 40 yaşa çatdılar, özlərinə diqqət etsinlər. Sağlamlıqlarını qorusunlar. Sağlamlığımı qoruyardım, keçmişə qayıtmaq şansım olsa idi.
Pul deyirsənsə, pul heç vaxt gözümdə olmayıb. Allah məni heç vaxt ac da qoymayıb, varlı da etməyib. Heç varlı da olmaq istəmirəm. Bir dənə onu istəyirəm ki, heç kimə möhtac da olmayım. Pul deyirsənsə pul qazanardım, keçmişdə onu edərdim, bunu edərdim. Sənət deyirsən mən teatra vurğunam. Teatrı sevirəm və oradan başqa yer düşünmürəm.

Geriyə baxsam 40 –dan sonra bəlkə də ildə 3 dəfə sağlamlığımı yoxladardım. Bunu etməmişəm. Özümü sağlam sayırdım. Mən inanmazdım ki, xərçəng deyilən xəstəliyə rast gələcəm. Gecikmiş formada bu xəstəliyi tapdım. Kaş ki, ağlım, düşüncəm məni o həkimə aparardı. Gedib,özümü yoxladardım. Ölüm hamı üçün haqqıdır. Amma deyir ki, ölüm var ölüm kimi , ölüm də var ki, zülüm kimi. Amma mən həytımı övladlarıma və teatra verdim.

“Heç kim deməsin ki, bu həyatda əziyyət çəkmədim”

İnsanın xarakterini dəyişmək olar. İnsan 7-də nədirsə 70-də də odur. Mən görünür elə uşaqlıqdan müdafiəçi, zəhmətkeş olmuşam. Ətrafımdakılar da qorumağa çalışmışam. Bir az da həyat tərzindən , həyatda çəkdiyim əzablar da buna təsir etdi. Heç kim deməsin ki, bu həyatda əziyyət çəkmədim. Milyonerlər belə milyonları həyacanla qazanırlar. Mən kiminsə başına bir fəlakət gələrsə, bu xəstəliyimlə də hazıram ki, onu qoruyam.

“Oğlanlar arasında kimdən xoşum gəlmirdisə döyürdüm”

Uşaqlıqda çox dəcəl və çox danışan olmuşam. Sinif yoldaşlarım sağdırsa oxuyan kimi deyəcək ki, Kübra bəyim bizi döyüb. Oğlanlar arasında kimdən xoşum gəlmirdisə şapatlayırdım gedirdi. Həmişə anamı məktəbə çağırıb deyirdilər ki , “ayıb deyilmi bu qız niyə oğlanları döyür”. “Bu necə qızıdr, siz nətər qız böyüdürsünüz”. Vay o günə ki, oğlanlar qızlara bir söz deyərdilər. Həmin oğlanın qanı gedirdi. Qənim kəsilmişdim. Çox şən olmuşam. Ailədə 9 uşaq olmuşuq. Mən 5 qardaşdan sonra doğulan qız olmuşam. Bəlkə də bu da təsir edib. Ərköyün ediblər. Atam məni çox sevərdi. Nə bilim həyatdır da ay qızım.

“Görücü üsulu ilə ailə qurmuşdum”

Mənim institut illərimi soruşmayın, çox əziyyətli idi. Sumqayıt teatrında həm oxuyurdum, həm də çalışırdım. İmtahana da uşaqlarımla gəlib, gedirdim. Həmin illərimi heç yada salmaq istəmirəm. Çox əziyyətli illər idi. Tez ailə qurmuşam. Ona görə də indi nəvəm də, nəticəm də var. Türklər demişkən görücü üsulu ilə getmişəm. Allaha qurban olum yoldaşım da pis adam olmayıb, allah rəhmət etsin.

Amma nə qədər çalışsaq da yaxşı günlərimizə rəğmən dəyişmək , hətta həyatımızdan silmək istədiklərimiz illər olur.

Şahanə RƏHİMLİ



Teqlər:  





Xəbər lenti