Səlim Müslümov Tovuza yeni nümayəndə təyin edib

  04 Mart 2014    Oxunub : 491
Səlim Müslümov Tovuza yeni nümayəndə təyin edib
Millət vəkili Qənirə Paşayeva Parlamentdə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyini ünvanlı sosial yardımın verilməsindəki bütün neqativ halları aradan qaldırmağa çağırıb

İnsan Haqları üzrə müvəkkil E.Süleymanovanın Parlamentə təqdim etdiyi hesabat ətrafında müzakirələrdə çıxış edən millət vəkili Qənirə Paşayeva Ombudsmanın hesabatında ünvanlı sosial yardımlarla bağlı şikayət məsələsinə toxunaraq Səlim Müslümovun Əmək və Əhalinin Sosial Müdafiəsi naziri kimi fəaliyyətə başlamasından sonra insanlara ünvanlı sosial yardımların verilməsindəki neqativ halların getdikcə azaldığını, amma buna baxmayaraq bu istiqamətdə hələ də problem və şikayətlərin mövcud olduğunu deyib:

"Mən şəxsən millət vəkili seçildiyim Tovuz rayonunda bu istiqamətdə insanların şikayətlərini həm Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə, həm də nazirlik tərəfindən bu sahəyə cavabdeh olan quruma yeni təyin olunmuş nümayəndəyə geniş məlumatlar vermişəm və inanıram ki, bu istiqamətdə neqativ hallar getdikcə daha da azalacaq".

Ünvanlı sosial yardımın dövlət tərəfindən aztəminatlı ailələrə, imkansız ailələrə verilən yardım olduğunu diqqətə çatdıran millət vəkili Qənirə Paşayeva bu yardımların verilməsində müəyyən sadələşdirmələrə və yerlərdə bu yardımların verilməsinə cavabdeh şəxslər tərəfindən yol verilən neqativ hallara qarşı nazirlik və cəmiyyətin birlikdə daha da sərt mübarizə aparmasının vacibliyini bildirib.

"Əmək və Əhalinin Sosial Müdafiəsi naziri yerlərdə bu istiqamətdə baş verən bir sıra neqativ hallara qarşı çox sərt mübarizə aparıldığını və aparılacağını deyib və biz ümid edirik ki, bunun nəticəsi olaraq bu istiqamətdə şikayətlər gələcəyə doğru daha da azalacaq. Hər kəs bilməlidir ki, dövlətin imkansız insanlara, aztəminatlı insanlara verdiyi yardıma toxunmaq və onun verilməsində süründürməçiliyə və neqativ hallara yol vermək olmaz",- millət vəkili Qənirə Paşayeva deyib.

Sevinc İltifatqızı

Teqlər: